Qonşularımız arasında narazılıq yaranıb Siyasət

Qonşularımız arasında narazılıq yaranıb

Rəsmi Tehran Moskvanın İranda bombardımançı təyyarələr yerləşdirməsi barədə məlumatı məsləhətləşmədən verməsindən narazı qalıb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, İranın müdafiə naziri Hüseyn Dehqan yerli telekanala müsahibəsində bildirib ki, Rusiya Tehranı xəbərdar etmədən öz bombardımançı təyyarələrini Həmədandakı aviabazada yerləşdirməsi barədə məlumat yayıb.
"İran nəyə görə Rusiya təyyarələrinin öz aviabazasında yerləşdirilməsini birinci elan etməyib?" sualına cavabında iranlı nazir bildirib ki, Rusiya nəhəng ölkə olduğunu və təhlükəsizlik sahəsində tendensiyalara güclü təsir etmək imkanına malik olduğunu göstərməkdə maraqlıdır: "Rusiya göstərmək istəyib ki, onun Hərbi Kosmik Qüvvələri Suriyadakı əməliyyatlarda effektli vasitədir, amerikalılarla danışıqlar aparmaqda ona kömək edə bilər".
Bundan başqa H. Dehqan İranın heç bir halda daimi əsasda Rusiyaya hərbi baza verməyəcəyini bildirib: "Onlar bura qalmağa gəlməmişdilər".
İran müdafiə naziri ABŞ vəzifəli şəxslərinin S-300 raket zenit kompleksinin Tehranın şərqində yerləşdirməsi ilə bağlı etirazlarına da münasibət bildirib: "Bizim Hava Hücumundan Müdafiə sistemini harada yerləşdirməyimizin ABŞ-a dəxli yoxdur. Sistem harada lazımdısa, orada da yerləşdiriləcək və bu barədə qərar komandanlıq tərəfindən qəbul olunacaq".
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi İranın Həmədan aerodromundan istifadəyə başlaması ilə bağlı avqustun 16-da məlumat yayıb. Məlumatda Rusiyanın Tu-22M3 və Su-34 bombardımançı təyyarələrinin Həmədan aviabazasından qalxaraq "İŞİD" və "Cəbhət-ən-Nüsra" terrorçu qruplarının Suriyadakı mövqelərinə zərbə endirdiyi bildirilib.