Əli Kərimlinin “məscidi“ ABŞ səfirliyidir Siyasət

Əli Kərimlinin “məscidi“ ABŞ səfirliyidir

Özünü "Demokratik Qüvvələrin Milli Şurası" adlandıran qurumun 11 sentyabr tarixli mitinqi bir daha göstərdi ki, AXCP sədri Əli Kərimli və onun ətrafı antiazərbaycan dairələrinin konkret sifarişlərini icra edirlər: Azərbaycanın imicini ləkələyin və ölkədə gərginlik yaradın.
Radikal müxalifət daim bəzi xarici qüvvələrdən ciddi dəstək alır. Təsadüfi deyil ki, Qərb dairələri, həmçinin bəzi region ölkələri sentyabrın 11-də keçirilmiş mitinqə yaxından dəstək göstərdilər.
Bu da təsadüfi deyil ki, AXCP, Müsavat, Ümid, Real və digər müxalif partiya və qurumların rəhbərləri hər dəfə ABŞ və bəzi Qərb ölkələrinin səfirliklərinə çağırılıb müzakirələr aparıldıqdan sonra Milli Şuranın mitinq keçirməsi barədə qərar qəbul olunur. Bu dəfə də belə oldu.
Yada salmaq yerinə düşər ki, ötən ay AXCP-nin Gülən camaatı ilə əlaqəsi olduğu ortaya çıxdı. İstintaq çərçivəsində aparılan axtarış zamanı Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin köməkçisi Faiq Əmirovun avtomobilindən idxalına müvafiq razılıq tələb edilən Fətullah Gülənə həsr olunmuş 3 kitab, onun xütbələrinin videoyazısı olan 8 disk, mənzilindən isə "Azadlıq" qəzeti redaksiyasının qaimə-fakturalarının toplandığı 2 sellofan torba, elektron informasiya daşıyıcıları və digər maddi sübutlar tapıldı.
Bütün bunlar onu deməyə əsas verir ki, hazırda ABŞ, Gülən hərəkatı və bəzi region ölkələri əlbir olaraq, Azərbaycanda gərginlik, qarşıdurma yaratmaq istəyirlər və bu birgə planı həyata keçirmək üçün radikal müxalifəti öz tərəflərinə çəkiblər. Başda Əli Kərimli olmaqla, radikal müxalifət isə məqsədlərinə çatmaq üçün bütün mümkün vasitələrə əl atır, istənilən antiazərbaycan dairələri ilə əməkdaşlığa, onların sifarişlərini yerinə yetirməyə hazırdır, Azərbaycan əleyhinə yönəlmiş istənilən həmlələri dəstəkləyir.
Mitinqdə böyük izdiham yaratmaq üçün isə onlar cəmiyyətdə bütün narazı təbəqələrlə, o cümlədən radikal dindarlarla əlaqələr qururlar. Məhz bu "əməkdaşlığ"ın nəticəsində "Müsəlman hərəkatı birliyi" adlı qondarma qurumun rəhbəri Taleh Bağırzadənin və digərlərinin tərəfdarları 11 sentyabr mitinqinə qoşuldular.
Bu şəxslər həqiqəti anlamalıdırlar - onlar Milli Şuraya yalnız meydanı doldurmaq və izdiham görüntüsü yaratmaq üçün lazımdırlar. Ümumiyyətlə, radikal dindarlar mitinq təşkilatçılarının kimlər olduğunu bilirlərmi? Bəlkə, Əli Kərimlinin hansısa dini rütbəsi var? Bəlkə, haradasa təhsil alaraq dini biliklərə yiyələnib? Bəlkə, Əli Kərimli ən azı hər cümə günləri məscidə gedir, namaz qılır? Onun "məscidi" ABŞ səfirliyidir: ABŞ səfirliyinə az qala diplomatik nümayəndəliyin əməkdaşlarından çox girib-çıxır.
Heç mitinqdə dindarların nümayəndəsinə söz verilmədi. Mitinq iştirakçısı olan xanım dindarlardan biri isə etiraz edərək, xarici pasportu üçün başıaçıq şəkil çəkdirmək istəmədiyini bildirirdi. Hüququ dövlətdə xanım nə istədiyini anlayırmı? Bəlkə, Azərbaycanı orta əsr molla dövlətinə çevirək?
Digər sıravi vətəndaş isə heç özü də nə istədiyini bilmir və əzbərlədilən sözü təkrar edir: "Azad olmaq istəyirəm". Sanki hazırda məhbus həyatı yaşayır və elə "Məhsul" stadionuna da həbsxana maşını ilə gətirilib.
Bəs radikal dindarlar bu qərbyönümlü müxalifətin sionist fondlarından maliyyə vəsaiti aldığını bilirlərmi?
Ümumiyyətlə, dindarlar qərbyönümlü müxalifətlə ortaq yolu tuta bilməzlər. Qərb nə vaxtdan islamla həmrəylik nümayiş etdirib ki? Yaxın keçmişi unutmamışıq: 2005-ci ildə narıncı şərflilərin "alovlu" çıxış etdiyi, iştirakçıların Azərbaycan bayrağı əvəzinə əllərinə narıncı bayraqlar aldığı mitinqdə Corc Buşun da şəkli qaldırılmışdı. Onlar bununla açıq-aydın mesaj verirdilər. Axı narıncı inqilabların məhz ABŞ ssenarisi olduğu heç kimə sirr deyil. Amma dindarlar bir məqamı unutmamalıdırlar: həmin vaxt ABŞ əhalisi müsəlmanlar olan İraqı bombalayır, ölkəni xarabazara çevirirdi...
Bəlkə də, mitinqdə bu qədər dindar iştirak etməsəydi, bu aksiya baş tutmayacaqdı.
Söhbət təkcə dindarlardan getmir: dinindən, məzhəbindən, milliyyətindən asılı olmayaraq, heç bir vətəndaş bu satqın, xəyanətkar müxalifətə inanmamalıdır.
Bir sözlə, artıq Əli Kərimli və başına yığdığı antimilli dəstəsi ölkənin siyasi səhnəsindən tamamilə kənarlaşdırılmalıdır.

Bəxtiyar Hacıyev