Liderlik Məktəbinin on altıncı tədris ilinin açılış mərasimi olub Siyasət

Liderlik Məktəbinin on altıncı tədris ilinin açılış mərasimi olub

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə yaradılmış və Ombudsmanın Uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin (AUGSŞ) Liderlik Məktəbində on altıncı tədris ilinin açılış mərasimi keçirilib. Bu barədə "Xalq Cəbhəsi"nə Ombudsman Aparatından məlumat verilib. Tədbirə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin, Səbail Rayon İcra Hakimiyyətinin məsul nümayəndələri, adı çəkilən məktəbə cəlb olunmuş yeni üzvlər, habelə əvvəlki buraxılışların məzunları, ümumən 100-dən artıq uşaq, həmçinin valideyn və müəllimlər qatılıblar.
Ombudsman Aparatının şöbə müdiri Faiq Ağayev bu ilin "Multikulturalizm ili" elan olunduğunu, bir çox beynəlxalq və respublika miqyaslı tədbirlərin keçirildiyini və bu təşəbbüslərin beynəlxalq miqyasda rəğbətlə qarşılandığı qeyd edib.
Daha sonra dövlət başçısının 11 oktyabr 2016-cı il tarixli Sərəncamı ilə dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünün ölkəmizdə dövlət səviyyəsində təntənəli surətdə qeyd olunmasının qərara alındığının və bununla bağlı Tədbirlər Planının təsdiq edildiyinin əhəmiyyəti diqqətə çatdırılıb.
Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Ombudsmanın çoxşaxəli fəaliyyəti, uşaq hüquqları üzrə pilləli tədris layihəsi barədə məlumat verilmiş, uşaqlar üçün Ümumdünya hərəkatının respublikamızda geniş vüsət aldığı, on altı ilə yaxın müddətdə müntəzəm fəaliyyət göstərən Liderlik Məktəbinin bunun bariz nümunəsi olduğu bildirilib.
Qeyd olunub ki, bu məktəb uşaqların öz iştirakı ilə onların həyatında dönüş yaratmaq, onların hərtərəfli inkişafına, dünyagörüşünün zənginləşməsinə, Uşaq Hüquqları Konvensiyasının müddəalarına uyğun olaraq öz hüquqlarını öyrənməsinə və trenerlər kimi bu hüquqları öz yaşıdlarına öyrətməsinə, onlara vətənpərvərlik hissinin aşılanmasına, uşaqların liderlər kimi yetişməsinə xidmət edir.
Bakının müxtəlif rayonlarındakı ümumtəhsil məktəbləri şagirdlərinin təmsil olunduğu Liderlik Məktəbini bu günədək mindən çox məzunun bitirdiyi, burada "Azərbaycan – yurdum mənim!" devizi ilə uşaqlara ölkəmizin zəngin tarixi, coğrafiyası, təbii sərvətləri, iqtisadiyyatı, mədəniyyəti, ədəbiyyatı, turizmi və başqa sahələr üzrə bilgilər verildiyi, vətənpərvərlik tərbiyəsinin, yurdsevərlik hissinin aşılandığı, habelə, insan hüquqları, o cümlədən uşaq hüquqlarının öyrədildiyi qeyd olunub. Bu məktəbdə Azərbaycanın tanınmış ziyalıları ilə görüşlərin, interaktiv məşğələlərin uşaqların daha çox biliklər əldə etməsinə, vətənpərvərlik ruhunda yetişməsinə kömək etdiyi bildirilib.