“Ermənistan sülh istəmir” Siyasət

“Ermənistan sülh istəmir”

Azərbaycan Prezidenti: "Beynəlxalq ictimaiyyət Ermənistanı bizə məxsus olan əraziləri heç bir şərt irəli sürmədən geri qaytarmağa məcbur etməlidir"

Xorvatiya prezidenti: "Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyirik"


"Xorvatiya prezidentinin ölkəmizə səfəri böyük əhəmiyyət kəsb edir. Bir az əvvəl bizim ikitərəfli, regional və təhlükəsizlik məsələlərlə bağlı geniş fikir mübadiləsi aparmaq imkanımız oldu. Gördüyünüz kimi mövqelərimiz üst-üstə düşür".
Bunu dünən Azərbaycan prezidenti İlham Əliyevin Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç ilə geniş tərkibli görüşündə deyib. Dövlət başçısı bildirib ki, ikitərəfli əməkdaşlığı inkişaf etdirmək lazımdır: "İndi bunun üçün yaxşı imkanlar var. Bizim müxtəlif sahələrdə yaxın siyasi əlaqələrimiz var. Xorvatiya prezidentinin səfəri bunu bir daha nümayiş etdirir. Sabah biznes dairələrinin çox maraqlı toplantısı keçiriləcək. Biz ticarət mübadiləsinin səviyyəsini və investisiyaların necə artıra biləcəyimizə və digər imkanlara nəzər salmalıyıq".
Prezident İlham Əliyev bildirib ki, enerji sahəsində əməkdaşlıq böyük əhəmiyyət kəsb edir: "Biz qrafik üzrə icra olunan Cənub Qaz Dəhlizində tərəfdaşıq. Bizim çox geniş gündəliyimiz var. Xorvatiyanın mühüm rol oynadığı Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq var. Bütün bu sahələrdə daha çox irəliləyiş görmək istəyirik. Düşünürəm ki, ölkələrimiz bir çox sahədə yaxın tərəfdaşlıq əlaqələri qurub. Biz xüsusən, ticarət, iqtisadi inkişaf, şirkətlər arasında əlaqələr sahəsində daha nələr edə biləcəyimizə nəzər salmalıyıq. Çünki siyasi əlaqələr çox yaxşıdır və bu səfərdən sonra daha da yaxşı olacaq. Mən əminəm ki, səfər çox uğurlu keçəcək və dostluq əlaqələrimizin inkişafında daha mühüm bir addım olacaq".
Azərbaycan prezidenti İlham Əliyevlə geniş tərkibli görüşdə çıxış edən Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç deyib ki, Bakıda və Azərbaycanın digər yerlərində yaşayan xorvat icması ilə görüşüb: "Mən çox şadam ki, Azərbaycan milli yığmasının baş məşqçisi ilə yanaşı, iqtisadiyyat, əczaçılıq, nəqliyyat, mühəndislik və digər sahələrdə çalışan bir çox xorvat var. Sizin 20013-cü ildə Zaqrebə səfərinizdən və bu il Suriya ilə bağlı Londonda keçirilən konfrans çərçivəsində görüşümüzdən sonra bu gün əlaqələrimizi daha da inkişaf etdirməklə bağlı müzakirələr aparmaq üçün yaxşı imkanlar var. Bizim aramızda açıq qalan məsələlər yoxdur. Siyasi əlaqələrimiz çox yaxşıdır. Lakin bu əlaqələri inkişaf etdirmək üçün daha çox imkanlar var. Xüsusən iqtisadiyyat, investisiya, ticarət, mədəniyyət, təhsil, müdafiə, təhlükəsizlik sahələrində əlaqələr və bizim hamımıza təsir edən regional və qlobal təhlükəsizliklə bağlı hərtərəfli əməkdaşlığı koordinasiya və məsləhətləşmələrlə dərinləşdirmək, genişləndirmək üçün çoxlu imkanlar mövcuddur".
Kolinda Qrabar-Kitaroviç qeyd edib ki, Xorvatiya Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir.
Geniş tərkibli görüşdən sonra prezidentlər mətbuat üçün bəyanatla çıxış ediblər.
Azərbaycan Prezidenti ilin əvvəlində Londonda Suriya ilə bağlı keçirilən konfrans zamanı Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviçlə görüşünü xatırladıb. Prezident İlham Əliyev həmin vaxt ikitərəfli məsələləri müzakirə etmək üçün imkan olduğunu bildirib: "Düşünürəm ki, bizim aramızda əməkdaşlığı inkişaf etdirməklə bağlı çox yüksək səviyyədə qarşılıqlı anlaşma mövcuddur".
Azərbaycan Prezidenti bildirib ki, iki ölkə arasında əməkdaşlıq üçün möhkəm hüquqi baza var: "Üç il əvvəl mənim Xorvatiyaya rəsmi səfərim zamanı biz Strateji tərəfdaşlıq və dostluq haqqında Bəyannamə imzaladıq. Bu, əsas sənəddir, sənədin adı onun nə qədər əhəmiyyətli olduğunu göstərir. Beləliklə, biz strateji tərəfdaşlar və dostlarıq. Xorvatiya bizim üçün uzun illərdir ki, əməkdaşlıq etdiyimiz dost ölkələrdən biridir. Strateji tərəfdaşlıq və dostluq haqqında Bəyannamə əməkdaşlığımızın bütün sahələrini əhatə edir. Bizim çox yaxşı siyasi əlaqələrimiz var və sizin bugünkü səfəriniz bizim beynəlxalq təşkilatlar, BMT, ATƏT, Avropa Şurası çərçivəsində fəal əməkdaşlıq etdiyimizi göstərir".
Prezident İlham Əliyev Xorvatiya prezidenti ilə Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığını geniş müzakirə etdiklərini söyləyib: "Mən Avropa İttifaqı və Azərbaycan arasında yaxınlaşmanı dəstəklədiyinə görə Xorvatiyaya minnətdarlığımı bildirirəm. Hazırda biz Azərbaycan və Avropa İttifaqının əməkdaşlığının gələcək formatı üzərində işləyirik. Biz artıq Avropa İttifaqına üzv 9 ölkə ilə strateji tərəfdaşlıq bəyannamələri imzalamışıq. Düşünürəm ki, bu potensial Avropa İttifaqı - Azərbaycan razılaşması üçün yaxşı əsasdır".
Prezident İlham Əliyev xorvatiyalı həmkarı ilə görüşdə iqtisadi sahədə əsas prioritetlərin müəyyənləşdirildiyini vurğulayıb. Dövlət başçısı bildirib ki, ticarət dövriyyəsinin səviyyəsini artırmalıyıq: "Nəqliyyat sahəsində yaxşı imkanlar var. Bu, təkcə Xorvatiyadan gəmilərin satın alınması ilə bağlı deyil. Baxmayaraq ki, bundan çox razıyıq, çox gözəl gəmilərdir. Gəmilər bizə Xəzər dənizində yükdaşımaları artırmağa imkan verir. Eyni zamanda Azərbaycandan keçən, şirkətlərə və ölkələrə vaxta qənaət etməyə imkan verəcək Şərq və Qərb arasındakı dəhliz, yeni İpək Yolu qeyd etmək istəyirəm. Nəqliyyat sahəsində əməkdaşlıq biznes dairələri üçün də yeni imkanlar açacaq".
Azərbaycan Prezidenti görüşdə regional təhlükəsizlik məsələlərini müzakirə edildiyini bildirib.
O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycan və Ermənistan prezidentləri arasında danışıqların hazırkı vəziyyəti barədə Xorvatiya prezidentinə məlumat verib: "Təəssüf ki, uzun illərdir torpaqlarımız işğal altındadır. Azərbaycan ərazisinin 20 faizi, təkcə Dağlıq Qarabağ deyil, həm də Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı 7 rayon işğal olunub. Bu işğal nəticəsində bizim 1 milyondan artıq qaçqın və məcburi köçkünümüz var. Xalqımız Ermənistan tərəfindən etnik təmizləmə siyasətinə məruz qalıb. Beynəlxalq təşkilatlar mühüm qərar və qətnamələr qəbul ediblər. XüsusənBMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Bu qətnamələr 20 ildən artıqdır ki, kağız üzərində qalır".
Prezident xatırladıb ki, Avropa Parlamenti, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi təşkilatlar da oxşar sənədlər qəbul edib: "Lakin təəssüf ki, münaqişə həll olunmur. Çünki Ermənistan sülh istəmir, status-kvonu dəyişməz olaraq saxlamaq istəyir. Ermənistan ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin – ABŞ, Rusiya və Fransa prezidentlərinin status-kvonun qəbuledilməz olması ilə bağlı bir neçə dəfə açıq şəkildə verdikləri bəyanata qulaq asmaq istəmir. Bu, status-kvonu dəyişməz olaraq saxlamaq istəyən və təkcə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, beynəlxalq davranış normalarına deyil, həm də dünyanın 3 aparıcı ölkəsinin liderlərinin bəyanatlarına məhəl qoymayan Ermənistan rəhbərliyinə birbaşa mesajdır. Bu, qəbuledilməzdir. Beynəlxalq ictimaiyyət Ermənistanı beynəlxalq hüquqa riayət etməyə və onlara məxsus olmayan, bizə məxsus olan əraziləri heç bir şərt irəli sürülmədən azad etməyə məcbur etməsi üçün ciddi tədbirlər görməlidir. Münaqişənin həlli Azərbaycanın bütün dünya tərəfindən tanınmış ərazi bütövlüyünə əsaslanmalıdır. Dünyada heç bir ölkə, o cümlədən Ermənistan Dağlıq Qarabağın bu oyuncaq rejimini tanımır".
Dövlət başçısı qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü hər hansı bir ölkənin ərazi bütövlüyü ilə eyni əhəmiyyətə malikdir.
Azərbaycan prezidenti bildirib ki, Xorvatiya bu ilin fevralında Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının ikinci toplantısında iştirak edib və Avropaya qaz nəqli ilə bağlı layihə üzrə ölkələr arasında Anlaşma Memorandumu var: "Cənub Qaz Dəhlizi layihəsi qlobal enerji təhlükəsizliyi layihəsidir. Azərbaycan bu layihədə lider ölkə olaraq çox mühüm rol oynayır. Yeri gəlmişkən, bu rol Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq memorandumunda qiymətləndirilir və qeyd olunur. Cənub Qaz Dəhlizi artıq reallıqdır. Layihənin həyata keçirilməsi qrafik üzrə gedir. Ümidvaram ki, sonrakı mərhələdə Xorvatiya və digər Balkan ölkələri bu mühüm enerji təhlükəsizliyi, şaxələndirmə və əməkdaşlıq layihəsinə qoşulacaqlar. Artıq 7 ölkə, belə demək mümkündürsə, komandanın üzvüdür. Düşünürəm ki, bir neçə ölkə, o cümlədən Xorvatiya tezliklə bu komandaya qoşulacaq".
Prezident İlham Əliyev qeyd edib ki, iqtisadiyyatın digər sektorlarının, kənd təsərrüfatının, turizmin, həmçinin xalqlar arasında əlaqələrin inkişafı ilə bağlı çoxlu planlar var: "Düşünürəm ki, xalqlar arasında əlaqələrin və Xorvatiyanın Azərbaycanda təbliğinin yaxşı nümunəsi böyük işlər görən Robert Prosineçkinin mükəmməl fəaliyyətidir. Bu qədər uzun illər gözləyəndən sonra biz indi komandamızla fəxr edirik. Çünki onun rəhbərliyi altında komandamız hazırda qrupda ikinci yerdədir. Üç oyundan sonra onların hesabında 7 xal - 2 qələbə və 1 heç-heçə var. Bu, mühüm nailiyyətdir. Əlbəttə, onun burada etdikləri təkcə futbol fanatları tərəfindən deyil, həm də xalqımız tərəfindən yüksək qiymətləndirilir və təbii ki, hamı onun Xorvatiyadan olduğunu bilir. O, sizin ölkənin yaxşı səfiridir və mən fürsətdən istifadə edərək ona uğurlu işinə görə təşəkkür etmək istərdim. Bu da bizim əməkdaşlığımızın yaxşı nümunəsidir və xanım prezidentin səfəri sözsüz ki, bunun üçün yeni imkanlar açır".
Xorvatiya prezidenti xanım Kolinda Qrabar-Kitaroviç qeyd edib ki, onun ölkəsi bir və ya bir neçə enerji mənbəyindən asılılığa son qoymaq istəyir.
O bildirib ki, enerji sektoru çox böyük əhəmiyyət kəsb edir.
"Biz TANAP, TAP və digər enerji layihələrinin tamamlanmasını və İon-Adriatik kəmərinin bu şəbəkəyə qoşulmasını səbirsizliklə gözləyirik. Bununla da mənim şəxsi təşəbbüsüm olan üç dənizin birləşməsi, - yəni, nəqliyyat, enerji və rəqəmsallaşdırma infrastrukturu və digər imkanlar vasitəsilə Adriatik, Baltik və Qara dənizlərin birləşdirilməsi təşəbbüsünün reallaşmasını gözləyirik ki, bizim bizneslər iqtisadiyyatımızın rəqabətliliyinə öz töhfəsini verə bilsinlər. Enerji daşınması nöqteyi-nəzərindən və eyni zamanda, məhsullarınızın Qərbi Avropaya çatdırılması üçün Xorvatiyadan və xüsusilə ölkəmizin limanlarından istifadə edilməsi baxımından Xorvatiya və Azərbaycan arasında yaxşı əməkdaşlıq perspektivlərini görürəm. Şimali Atlantika marşrutları ilə müqayisədə bu marşrut əlbəttə ki, nəqletmə vaxtını azaldacaq. Enerji və nəqliyyat sahələrindən savayı, infrastrukturun yaradılması sahəsində əməkdaşlıq üçün bir çox imkanlar var", - deyə o vurğulayıb.
Kolind Qrabar-Kitaroviç qeyd edib ki, Xorvatiyanın Azərbaycanda iş görmək marağında olan çoxlu inşaat şirkəti var: "Həmçinin qatarlardan tutmuş gəmiqayırmayadək nəqliyyat vasitələri istehsal edən şirkətlərimiz də var. Müxtəlif təyinatlar üzrə sifariş verən müştərilərin ehtiyaclarına görə layihələrini uyğunlaşdıran, gəmiqayırmanın keyfiyyəti və səmərəliliyi baxımından qlobal bazarda ən səriştəli şirkətlərdən biri olan "Uyanik" ilə sizin iş təcrübəniz var. Lakin əlbəttə ki, təkcə böyük bərələr və yükdaşıyan gəmilər deyil, başqa gəmilər də var. Xəzər dənizində sərhəd mühafizəsini, sülhü və təhlükəsizliyi təmin etmək üçün önəmli olan səyyar gəmilərin hazırlanması imkanları da var".