“Rayonlar birləşsə, onda böyük bir təşkilat yaranacaq” Siyasət

“Rayonlar birləşsə, onda böyük bir təşkilat yaranacaq”

Arif Rəhimzadə: "Ancaq bu təşkilatın ştat çərçivəsində olub-olmayacağı bilinmir"

"Gələcəkdə rayonların birləşməsi, bunun nəticələri, prosesin müsbət və mənfi tərəfləri barədə indidən nəsə söyləmək çətindir". Bu sözləri regionlarda idarəetmə sahəsində ciddi islahatlar aparılması fonunda rayonların birləşməsi məsələsinə aydınlıq gətirərkən Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.
A.Rəhimzadə sözügedən islahatların baş tutacağı təqdirdə bunun ştatların sayının azalmasına gətirib çıxaracağını qeyd edib.
"Rayonlar birləşsə, onda böyük bir təşkilat yaranacaq. Ancaq bu təşkilatın ştat çərçivəsində olub-olmayacağı bilinmir".
Məsələ ilə bağlı hazırda fikirlərin birmənalı olmadığını vurğulayan Regional məsələlər komitəsinin üzvü Fəzail İbrahimli isə bildirib ki, prosesi dövlət strukturlarını dərindən bilən şəxslər daha adekvat dəyərləndirə bilərlər: "Bu məsələ birbaşa prezidentin səlahiyyətində olan işdir. Ona görə də ancaq rayonların birləşməsi mümkün olduqdan sonra konkret mövqe ortaya qoymaq olar. Yəni hansısa nəticə olmalıdır ki, bu barədə də dəqiq fikir yürütmək mümkün olsun. Bax o zaman bilinəcək ki, rayonlar birləşdikdən sonra vəziyyət necə olacaq, işsizlik yaranacaqmı, aparatlar ixtisara düşəcəkmi? Bilirsiniz, hər bir məsələnin mənfi və müsbət tərəfləri var. Bu struktur dəyişikliyinin xeyirli və ya ziyanlı olacağını zaman göstərəcək. İndidən heç kim bu haqda proqnoz verə bilməz".
Millət vəkilinin sözlərinə görə, rayonların birləşməsinin prinsip etibarilə bizə nə verəcəyi hələ qeyri-müəyyəndir:"Fikrimcə, bir rayonun problemlərinin həlli icra başçısı və onun komandası ilə daha rahatdır, nəinki iki rayonun birləşib onu bir komanda ilə həll etməsi. Başa düşmürəm ki, bundan nə əldə edə bilərik. Rayonlar ayrı-ayrılıqda fəaliyyət göstərdikdə insanların qəbulu, onların problemlərinə münasibət də daha asan olur".
Qeyd edək ki, ölkəyə xarici investisiyaların cəlb olunması üçün regionlarda idarəetmədə ciddi islahatlar və bu kontekstdə rayonların birləşdirilməsi məsələsi yenidən gündəmə gəlib. Bir sıra millət vəkilləri isə məsələyə müsbət yanaşma ortaya qoyaraq, bu struktur dəyişikliyinin müsbət nəticələr verə biləcəyini düşünürlər.