“Ermənilər iddia etdikləri məsələni isbatlamağa gərək duymur” Siyasət

“Ermənilər iddia etdikləri məsələni isbatlamağa gərək duymur”

Mehemt Fatih Öztarsu: "Onlar palçıq at, izi qalsın" məntiqi ilə hərəkət edirlər"

NATO Parlament Assambleyasının İstanbulda keçirilən 62-ci sessiyasında iştirak edən erməni nümayəndələr türk rəsmilərə "Türkiyə İŞİD-in niyə dəstəkləyir?" sualını veriblər. Belə ki, PA-nın erməni üzvü Mikayel Melkumyan Türkiyənin elm, sənaye və texnologiya naziri Faruk Özlüyə təxribat xarakterli suallar ünvanlayıb. Türkiyənin terrordan əziyyət çəkdiyi bir zamandan erməni nümayəndələrin Türkiyəni terrora dəstək verməklə ittiham etməkdə məqsədi nədir? Bununla bağlı danışan Türkiyənin "Strategic Outlook" analitik mərkəzinin həmsədri Mehmet Fatih Öztarsu bildirib ki, bu məsələni erməni nümayəndələrin, eyni zamanda, endirdiyi söz hücumu kimi dəyərləndirə bilərik. Çünki erməni millət vəkili Koryun Nahapetyan da XİN rəhbəri Mövlud Çavuşoğluna buna bənzər sual verdi.
Ekspert qeyd edib ki, erməni siyasətçilərin bir xarakteri var: "Ermənilər beynəlxalq bir toplantıda mövzu nə olursa olsun, məsələni Türkiyənin əleyhinə çevirirlər. Bu hər hansı bir siyasi toplantı və ya bədii bir fəaliyyət də ola bilər. Yetər ki, orada bir türk olsun".
Öztarsu hesab edir ki, Melkumyan və Nahapetyanın eyni zamanda belə sual verməsinin hədəfi Türkiyəni beynəlxalq arenada çətin vəziyyətdə qoymaqdır: "Onlar iddia etdikləri məsələni isbatlamağa gərək duymur. Çünki "palçıq at, izi qalsın" məntiqi ilə hərəkət edirlər".
M. Öztarsu əlavə edib ki, Türkiyə İŞİD-dən başı ağrıyan bir ölkədir: "Bölgədəki dəhşətli vəziyyəti görməzdən gələrək Türkiyəni bu cür günahlandırmaq əxlaqi dəyərlərə uyuşmur. Erməni deputatlardan gözlənilirdi ki, Türkiyəni terrorla mübarizədə sona qədər dəstəkləsinlər və regionda sülh üçün əl-ələ versinlər. Lakin görürük ki, Türkiyə İŞİD-lə mücadilə edərkən Ermənistan bu məsələdə heç bir addım atmayıb".
Ekspert bildirib ki, Ermənistan sadəcə qonşu dövlətləri olan Türkiyə və Azərbaycanı terrorçuluqda günahlandırmaq kimi səviyyəsiz mövqe sərgiləyirlər. M. Öztarsunun sözlərinə görə, Ermənistan iqtidarının xarakteri budur: "Ümid edirik ki, Ermənistanda köklü rəhbərlik dəyişikliyiylə sağlamfikirli və sülhü müdafiə edən insanlar hakimiyyətə gələr və bu kədərli görüntü dəyişər".