“Türkiyəsiz regionda sülhə nail olmaq mümkün deyil” Siyasət

“Türkiyəsiz regionda sülhə nail olmaq mümkün deyil”

“Türkiyənin təmkinli siyasətinin nəticəsi olaraq Suriyada dönüş başladı. Suriyada 15 ilə yaxın davam edən vətəndaş müharibəsinin sona çatması və uzun müddətdir gözlənilən sülhün əldə olunması Türkiyənin bu ölkəyə qarşı yürüt­düyü təmkinli və düşünülmüş siyasətin nəticəsidir. Bu fakt bir daha göstərdi ki, Türkiyəsiz regionda sülhə nail olmaq mümkün deyil. Minillik dövlətçilik ənənələri, beynəlxalq nüfuz və xüsusilə prezident Rəcəb Tayyib Ərdoğanın şəxsi təsir gücü Suriyada proseslərin məntiqli həllinə imkan verdi”.

Bunu Millət vəkili Aydın Mirzəzadə Xalqcəbhəsi.az-a müsahibəsi zamanı deyib.

Onun sözlərinə görə, Suriyada vəziyyət hələ də tam sabitləşməsə də, mühüm dönüş başlanıb: “Ölkə daxilində müxtəlif qüvvələr arasında tam razılıq əldə olunmayıb, Suriya ilə İsrail arasında münasibətlər gərgin olaraq qalır. Lakin aparılan diplomatik danışıqlar bu istiqamətdə nikbinlik yaradır. O xatırladıb ki, Əsəd rejimi dövründə Suriyanın Qərblə əlaqələri iflic vəziyyətinə düşmüşdü və indi hər şeyi sıfırdan qurmaq tələb olunur.

Bu prosesdə Türkiyə Suriyaya hərtərəfli dəstək göstərir. Energetika infrastrukturunun bərpasından tutmuş həyati vacib sahələrin yenidən işlək vəziyyətə gətirilməsinədək geniş yardım həyata keçirilir. Azərbaycan da bu məsələdə Türkiyə ilə birgə fəaliyyət göstərməyə hazır olduğunu bəyan edib. Hazırda Suriyaya Azərbaycan qazının ötürülməsi və enerji sahəsinin bərpasına yardım bu əməkdaşlığın tərkib hissəsidir, siyasi əlaqələr də bərpa olunub”.

Günel Elxan