“Azərbaycan təkid edir...” Siyasət

“Azərbaycan təkid edir...”

"Braziliya ilə münasibətləri dərinləşdirmək barədə razılığa gəlmişik. Ötən 6 ay ərzində ticarət dövriyyəsinin həcmi 160 milyon dollar olub. Bu, qaneedici deyil. Qərara gəlmişik ki, bu həcmi genişləndirək".
Bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda Braziliyanın xarici əlaqələr naziri Aloyzio Nunyes Ferreira ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. O bildirib ki, hər iki ölkə Qoşulmama Hərəkatının üzvüdür və qətnamə layihələrinə eyni şəkildə səs verir: "Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə müzakirə apardıq. 1993-cü ildə qətnamələr qəbul edilərkən Braziliya BMT Təhlükəsizlik Şurasının üzvü idi. Qətnamələrin hələ də yerinə yetirilməməsi ciddi problemdir".
Elman Məmmədyarov gələn il Bakıda iki ölkə arasında siyasi, Braziliyada isə iqtisadi mövzularda məsləhətləşmələr keçiriləcəyini söyləyib: "Gələn ilin aprelində Azərbaycanda Qoşulmama Hərəkatının nazirlər səviyyəsində görüşü olacaq. Braziliya da ora dəvət olunub ".
Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı yaranmış vəziyyədən də söhbət açıb. Nazir bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə noyabrın 19-20-də Bakıda səfərdə olacaq: "Müzakirə olunacaq məsələlər masa üstündədir. Biz istəyirik ki, danışıqlar naminə danışıqlar aparılmasın. Hətta tələb edirik ki, konkret nəticələr olsun. Prezidentlərin görüşündə də qeyd edildi ki, danışıqlar intensiv xarakter alsın. Bu mövqe ilə Moskvaya gedirəm.
Münaqişənin həllinin vaxtı çatıb. Hamı bilir ki, danışıqlar nəticəli olmalı, məcburi köçkünlər geri qaytarılmalı və sülh bərpa edilməlidir. Azərbaycan təkid edir ki, məsələni yerindən tərpədək".
Braziliyanın xarici əlaqələr naziri Aloyzio Nunyes Ferreira bildirib ki, səfərinin məqsədi əlaqələri genişləndirmək və münasibətlərə yeni impuls verməkdən ibarətdir.
Qonaq deyib ki, Braziliya sülhsevər dövlətdir və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir: "Biz istəyirik ki, Minsk qrupu çərçivəsində aparılan danışıqların nəticəsi olsun və sülh bərpa edilsin. Biz əlaqələrimizdə hüquqi çərçivənin yaradılmasını müzakirə etdik. Bu, iş adamları arasında əlaqələrə təkan verəcək. Gömrük və vergi sahəsində məlumat mübadiləsi barədə danışdıq. Azərbaycanda bir çox şirkətlər var ki, Braziliyanın investisiya proqramlarında iştirak edə bilər. Biznes sahəsində əlaqələr hazırda zəifdir. Ötən il iki ölkə arasında iqtisadi komissiya yaradılıb. Mart ayında Azərbaycandan olan nümayəndə heyəti Braziliyaya gələcək".
Braziliyalı nazir deyib ki, ölkəsinin dünyada suverenliyin pozulması ilə bağlı mövqeyi uzunmüddətli siyasətə əsaslanır.
O qeyd edib ki, ölkəsinin mövqeyi sülh, təhlükəsizlik, dialoq, beynəlxalq hüquqa hörmət və ərazi toxunulmazlığına əsaslanır. "Braziliyanın uzunmüddətli yanaşması var və qonşularına da bunu tətbiq edir. BMT-də islahatlar vacib məsələdir. Bu təşkilat dünyanı daha yaxşı təqdim edən qurum olmalıdır. BMT Təhlükəsizlik Şurasının daha demokratik və effektiv fəaliyyəti üçün islahatlar həyata keçirilməlidir", - deyə o vurğulayıb.