“İsa Qəmbər başqanlıqdan getməlidir” Siyasət

“İsa Qəmbər başqanlıqdan getməlidir”

Elbəyi Həsənli: "AXCP bu dəyişiklikdən maksimum yararlanmağa çalışacaq"

Müsavat partiyasının qurultayı ilə bağlı söz-söhbətlər səngimək bilmir. Partiya funksionrei Arif Hacılı bildirib Müsavat Partiyasından İsa Qəmbərin getməsi kimi bir proses yoxdur: "İsa Qəmbər Müsavat başqanı olsa da, olmasa da, partiyada fəaliyyətini davam etdirəcək. Onun başqan olaraq fəaliyyətini davam etdirməkdən söhbət gedirsə, bu da Müsavatın iradəsindən asılıdır. Başqanın iki dəfədən artıq seçilə bilməməsi partiyanın qurultayında Müsavat tərəfindən qəbul olunub. Müsavat Partiyası da istənilən vaxt bu müddəanı dəyişdirməklə İsa Qəmbərin başqanlıq müddətini uzada bilər. Partiya üzvlərinin əksəriyyəti bunun tərəfdarı kimi çıxış edir. Həm partiya daxili toplantılarda, həm mətbuata açıqlamalarda bu fikir dəfələrlə səsləndirilib. Sadəcə olaraq, İsa Qəmbər özü nizamnamənin bu maddəsinin dəyişdirilməsinin əleyhinədir. O, təklif irəli sürüb ki, Müsavat Partiyası Azərbaycan cəmiyyətinə bir çox yeniliklər təklif etdiyi kimi, bir nəfərin iki dəfədən artıq başqan vəzifəsinə seçilməməsi ilə bağlı da addımı demokratik yenilik kimi təqdim etməlidir".
Jurnalist Elbəyi Həsənli isə hesab edir ki, partiyada böyük çoxluq İsa Qəmbərin başqanlıqdan getməsini istəmir: "Ancaq getməsini istəyənlər də var. Başqanın qalmasını istəyənlərin əsas arqumenti odur ki, Müsavat Patiyasında onu uğurla əvəz edə biləcək kimsə yoxdur. Və müvafiq olaraq onun gedişi partiyanın sanbalına mənfi təsir edəcək.
Başqanın getməsini istəyənlərsə deyirlər ki, Müsavat Patiyası istənilən halda demokratik prinsiplərə əməl etməlidir".
"Fərd olaraq bu məsələ ilə bağlı öz düşüncələrimi bölüşmək istərdim",- deyən Elbəyi Həsənli "məncə, İsa Qəmbər başqanlıqdan getməlidir", deyə bildirib: "Baxmayaraq ki, Müsavatda onu onu uğurla əvəzləyə biləcək siyasətçi yoxdur. Əlbəttə, mən bunu təəssüflə deyirəm. Və düşünürəm ki, Müsavat kimi partiyada ən azı 2-3 siyasətçi reytinq baxımından İsa Qəmbərlə yarışmaq gücündə olmalıydı. O fikirlə də razıyam ki, İsa Qəmbərin gedişi Müsavat Pariyasının nüfuzuna xeyli xələl gətirəcək. İndi isə Müsavat Partiyasından başqanlığa namizədlərlə bağlı bir neçə kəlmə demək istərdim. Şübhəsiz ki, Arif Hacılının şansı daha yüksəkdir. O fikirdəyəm ki, Arif Hacılı bir baş digər namizədlərdən üstündür. O, bütün parametrlər baxımından öndədir. Və başqan kürsüsünü tutmağa daha çox mənəvi haqqı var. Siyasətçi kimi onun xeyli müsbət keyfiyyətlərini saymaq olar. Amma mənfi hesab oluna biləcək xüsusiyyətlərdən də xali deyil. Əsasən səbrsiz olması bu sırada daha çox narahatçılıq doğurur. Müsavat daxili qruplardan birinə başçılıq etməsi də gələcəyə yaxşı bir şey vəd etmir.
Başqanlığa ikinci namizəd Qubad İbadoğlu haqqında da müsbət fikirlər söyləmək olar. Onun iqtisadçı olması, Qərb siyasi dairələri ilə yaxınlığı da önəmlidir. Amma xarizma və partiyada təsir dairəsi baxımından Arif bəyə uduzur.
Əlbəttə, Müsavat Partiyası başqanlığına namizədlər çox olacaq. Amma real namizəd məhz bu iki şəxsi hesab edirəm.
Səsvermədə iştirak etsəydim Qubad bəyə səs verərdim. Amma əminəm ki, Arif bəy seçkidə qalib gələcək. İstənilən halda, Müsavat Partiyası bu seçkidən zəif çıxacaq. Başqanın gedişi çoxlarını məyus edəcək. Şübhəsiz ki, rəqib partiyalar, xüsusən AXCP bu dəyişiklikdən maksimum yararlanmağa çalışacaq...".

Əli