Bolqarıstan mətbuatı girovlarımızdan yazıb Siyasət

Bolqarıstan mətbuatı girovlarımızdan yazıb

Bolqarıstanın aparıcı KİV-lərindən olan "Standart" qəzetində "Dağlıq Qarabağda həbs olunmuş azərbaycanlılar üçün azadlıq tələb olunur’’ başlığı ilə xəbər dərc olunub.
Azərbaycanın Bolqarıstandakı səfirliyindən verilən xəbərə görə, xəbərdə Ermənistanın torpaqlarımızın işğalı nəticəsində məcburi köçkünə dönmüş D. Əsgərov və Ş. Quliyevin 2014-cü ildə öz ata-baba yurdlarını ziyarət edərkən Ermənistan əsgərləri tərəfindən əsir götürüldükləri, digər Azərbaycan vətəndaşı Həsən Həsənovun isə öldürüldüyü qeyd olunub.
2016-cı ildə D. Əsgərov və Ş. Quliyevin hüquqlarının müdafiə komitəsinin yaradıldığı bildirilərək məsələ ilə bağlı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı, Rusiya prezidenti və bu dövlətin Azərbaycandakı səfirinə müraciətlərin edildiyi vurğulanıb. Yazıda D. Əsgərovun oğlu Kürdoğlu Əsgərovun 11-12 sentyabr 2017-ci il tarixində Varşavada ATƏT-in insan haqları ilə bağlı sammitində iştirakına da yer verilib. Sonda onların azad olunması istiqamətində AR XİN-in səylərinə toxunulub.
Bolqarıstanın nüfuzlu "Focus" xəbər agentliyinin internet səhifəsində isə "Azərbaycan səfirliyi: Azərbaycan tərəfi beynəlxalq ictimaiyyətin D.Əsgərov və Ş.Quliyevin taleyinə biganə qalmayacağına ümid edir" adı altında xəbər dərc olunub. Xəbərdə D.Əsgərov və Ş. Quliyevin girov götürülməsinin, H. Həsənovun qətlə yetirilməsindən 4 il keçdiyi vurğulanıb.
Xəbərdə D. Əsgərov və Ş. Quliyevin qanunsuz həbsi və Ermənistanın onları azad etməkdən imtina etməsinin girovların yaxınlarının böyük üzüntüsünə, Azərbaycan ictimaiyyətinin haqlı qəzəbinə səbəb olduğu qeyd edilib.
Sonda Azərbaycan tərəfinin beynəlxalq ictimaiyyətin girovluqda müxtəlif xəstəliklərə düçar olmuş D. Əsgərov və Ş. Quliyevin taleyinə biganə qalmayacağına və bu günahsız insanların dərhal azad edilməsi və öz ailələrinə qovuşması üçün Ermənistana təsir göstərəcəyinə ümid etdiyi vurğulanıb.