Kobaxidze Bakıdan təcili getdi, görüşlər ləğv edildi Siyasət

Kobaxidze Bakıdan təcili getdi, görüşlər ləğv edildi

Gürcüstan parlamentinin spikeri İrakli Kobaxidze Azərbaycana səfərini yarımçıq qoyaraq, Gürcüstana qayıdır.
Bu məlumatı “SputnikGürcüstan” yayıb. Sayt Kobaxidzenin Bakıda planlaşdırdığı bütün görüşləri, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyev və Baş nazir Novruz Məmmədovla görüşlərini ləğv etdiyini bildirib. Onun bu gün parlamentdə saat 12:00-da keçirilməli olan iclasda iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, iyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) Tiflisdə keçirilən 26-cı Baş Assambleyası zamanı assambleyanın sədri, Rusiya Federasiyasının deputatı Sergey Qavrilov Gürcüstan parlamenti spikerinin kürsüsündən nitq söyləyib. Bu zaman qalmaqal yaranıb, Gürcüstan parlamentinin müxalifətçi üzvləri toplantını pozublar. Gürcü Arzusu Partiyası da toplantıya sədrliyin rusiyalı deputatlara yox, qurumun yunanıstanlı baş katibinə həvalə olunmasını tələb edib.
Ötən gecə isə Tiflisdə geniş etiraz aksiyası keçirilib. Polis güc tətbiq edərək aksiyanı dağıdıb, 52 nəfər saxlanılıb.
Xatırladaq ki, Gürcüstan Prezidenti Salome Zurabişvili də Belarusa rəsmi səfərini yarıda dayandıraraq Tiflisə qaydıb.