Deputat Azər Süleymanov Mehriban Əliyevanı təbrik edib Siyasət

Deputat Azər Süleymanov Mehriban Əliyevanı təbrik edib

Azərbaycanı beynəlxalq aləmdə müdrikliklə təbliğ edən, siyasəti bəşəri dəyərlərlə zənginləşdirən, humanizm simvolu olan Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bütün dünya azərbaycanlılarının fəxri və sevincidir. Azərbaycanın birinci ledisi xalqının xoşbəxt gələcəyinə, firavanlığına, tərəqqisinə xidmət edir, ölkənin bütün sahələrdə inkişafına çalışır, gələcəyi üçün bütün gücünü səfərbər edib.

Bunu Gürcüstan parlamentinin azərbaycanlı deputatı Azər Süleymanov Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ad gününə təbrikində deyib.

A.Süleymanov bildirib ki, Azərbaycanın birinci ledisinin istər mədəniyyət, istərsə də elm və təhsil sahələrinə ayırdığı diqqət və qayğısı onun daxili dünyasının zənginliyi, varlığı, uzaqq elmi təfəkkürünün aliliyindən xəbər verir. Bakının müxtəlif humanitar, mədəniyyətlərarası və dinlərarası sammitlərin keçirildiyi məkana çevrilməsində M.Əliyevanın böyük rolu və zəhmətinin olduğunu qeyd edən A.Süleymanov Gürcüstan azərbaycanlılarının da onun böyük diqqət və qayğısı ilə əhatələndiyini vurğulayıb.

Bu gün müasir Azərbaycanda ictimai həyatın xüsusi bir sektoru olan xeyriyyəçilik institutu müasir dövrün reallıqları və tələblərinə uyğun olaraq inkişaf etdirilir. Tarixi ənənələrimizi dirçəldən və inkişaf etdirən, sosial-mənəvi tərəqqi üçün səmərəli vasitə yaradan xeyriyyəçilik institutunun rəhbəri isə Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevadır.

Azərbaycanlı deputat bildirib ki, M.Əliyevanın rəhbərliyi və birbaşa göstərişi ilə Heydər Əliyev Fondu Gürcüstanda böyük layihələr həyata keçirib ki, bütün bunlar burada yaşayan yüz minlərlə soydaşımız tərəfindən rəğbətlə qarşılanıb. H.Əliyev Fondunun Gürcüstanda həyata keçirdiyi layihələr xalqların bir-birinə daha da yaxınlaşmasına, mehribanlaşmasına stimul verir.

A.Süleymanov onu da deyib ki, Heydər Əliyev Fondu gürcüstanlı soydaşlarımızın durumu ilə daim maraqlanır, təhsilin inkişafı, milli adət-ənənələrimizin qorunub saxlanmasında böyük dəstək olur. Məktəblərin təmiri, yeni tədris mərkəzlərinin tikintisi, mədəni abidələrimizin, tariximizin qorunub saxlanması üçün H.Əliyev Fondunun rolu əvəzsizdir.

Təkcə onu demək kifayətdir ki, “Təhsilə dəstək” layihəsi çərçivəsində 2004-cü ildən başlayaraq fond hər il qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərini, eləcə də Gürcüstanda yaşayan soydaşlarımızı da yeni dərs ili ərəfəsində bağışladığı çanta və dərs ləvazimatı ilə sevindirir.

M.Əliyevanın öz nümunəsi ilə Azərbaycanın ictimai və siyasi həyatında qadınların artan rolunu, nüfuzunu, intellekt və bacarığını nümayiş etdirən görkəmli şəxsiyyət olduğunu deyən A.Süleymanov birinci ledinin beynəlxalq nüfuzunun dünya azərbaycanlıları üçün böyük önəm və əhəmiyyət daşıdığını bildirib.

A.Süleymanov deyib ki, Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Gürcüstandakı azərbaycanlılarının da fəxri, səsi, ümid və güvənc yeridir.

Deputat öz adından və Gürcüstan azərbaycanlıları adından Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edib, ona Azərbaycanın tərəqqisi, güclənməsi və inkişafındakı əvəzsiz xidmətlərində uğurlar arzulayıb.