Ermənistan beynəlxalq konvensiyalara zidd cinayətlərə əl atır Siyasət

Ermənistan beynəlxalq konvensiyalara zidd cinayətlərə əl atır

İşğalçı Ermənistanın silahlanması bir neçə istiqamətdə həyata keçirilir.

Bunu Trend-ə açıqlamasında hərbi-siyasi icmalçı Ramil Məmmədli deyib.

Ekspertin fikrincə Yerevan əsasən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan ölkələrdən silah alır:

"Digər istiqamət isə Şərqi Avropa ölkələrindən vasitəçi şirkətlər üzərindən həyata keçirilir. Əlbəttə, ümumilikdə Ermənistan həm qanuni, həm də qanunsuz yollarla silah satın alır. Ermənistan təkcə müharibə edən deyil, həm də işğalçı ölkədir. Haaqa Konvensiyasına görə, Ermənistan kimi ölkələrə silah satışının həyata keçirilməsi qadağandır. Bu həm də Amerika Biləşmiş Ştatlarının və Avropa İttifaqına üzv ölkələrin də qanunvericiliyində əksini tapıb. Çox təəssüf ki, həm Avropa İttifaqına, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan ölkələr Ermənistanın silahlandırılması prosesində iştirak edirlər. Hətta humanitar yardım adı altında mülki avtomobillərdə silah və sursatların Ermənistana daşınması həyata keçirilir. Bu kimi halların qarşısını İnterpol almalıdır və bu istiqamətdə onlar konkret addımlar atmalıdır".

Hərbi ekspert bildirib ki, bununla yanaşı Birləşmiş Millətlər Təşkilatının Adi Silahların Reyestri Xidməti də bu istiqamətdə ciddi tədbirlər görməlidir: "Məsələ budur ki, Ermənistan təkcə bir istiqamətdə cinayət törətmir. Bu ölkə bir neçə istiqamətdə terror əməllərini davam etdirir. Məsələn, Ermənistan işğalçı olmaqla yanaşı, Qarabağda Livan və digər ölkələrdən gəlmiş terrorçu-separatçı qruplaşmaları silah və hərbi texnikalarla təmin edir. Həmin qruplaşmalar da Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak edir və Azərbaycanın mülki şəxslərini hədəf alır. BMT-nin üzvü olan Ermənistan silah satınalması prosesinin həyata keçirilməsi üçün aidiyyəti şirkətlərə son istifadəçi sənədini təqdim etdikdən sonra həmin silahları öz ərazisində deyil, işğal etdikləri ərazilərdə Azərbaycan Respublikasının konstitusion haqlarını qoruyan Azərbaycan Ordusuna qarşı istifadə edir. Bu həm BMT-nin müvafiq əsasnamələrinə, qəbul etdiyi qərarlarına, həm də mülki hüququn qorunmasını həyata keçirən Cenevrə Konvensiyalarına ziddir. Həmçinin Haaqa Konvensiyaları tərəfindən hərbi cinayət hesab edilir. Ümumilikdə Ermənistan həm işğalçılıq siyasəti ilə, həm qanunsuz silah satınalması və qaçaqmalçılığı məsələləri ilə bağlı çoxtərəfli cinayət tərkibli hərəkətlər edir. Aidiyyəti beynəlxalq qurumlar prosesə müdaxilə etməli və bu cinayətlərin qarşısı alınmalıdır".