“Nəzarət mexanizmi güclənsə, cərimələrə ehtiyac olmayacaq” Siyasət

“Nəzarət mexanizmi güclənsə, cərimələrə ehtiyac olmayacaq”

Mövcud cərimələr onsuz da çoxdur, məbləğin artırılması heç nəyi dəyişməyəcək. Cərimələrin məbləğini artırmaq təcrübəsi səmərəsizdir və köhnəlib. Ən yaxşı variant vətəndaşların özlərinin bu məsələni tənzimləməsi və nəzarət mexanizminin gücləndirilməsidir.
Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı cərimələrin artırılması haqda danışan millət vəkili Fazil Mustafa belə deyib.
O bildirib ki, mövcud vəziyyətdə cərimələrin artırılmasını doğru hesab etmir:
“Nəzərə almaq lazımdır ki, hazırda vətəndaşların bir çoxunun maddi vəziyyəti ağırdır. Ümumiyyətlə, hansısa bir problemin həllində maddi cərimələrdən istifadə variantı artıq köhnəlib. Nəzarət mexanizmi güclənsə, cərimələrə ehtiyac olmayacaq. Təəssüf ki, bəzən insanlar bu cərimələri də yanlış anlayır. İnsanlar cərimələri əlavə vergi və ya onların pullarının alınması kimi görürlər. Təklif edirəm ki, nə cərimələr artırılsın, nə də vətəndaşlar məsuliyyətsizlik etsin. Bunun ikisini bir yerdə etməyin tək yolu isə vətəndaş məsuliyyətini artırmaqdır. Vətəndaşlar maska taxmayan şəxsləri özləri xəbərdar etsin. Harada maska taxmayan, karantin qaydalarına riayət etməyən insan olsa, vətəndaş özü bu hala irad bildirsin. Ətrafdakı insanlar da ona dəstək versin. Çox təəssüf ki, bizdə cəmiyyətin öz-özünü tənzimləmə mexanizmi o dərəcədə inkişaf etməyib. İnsanların sözü bir-birinə keçmir. Əgər cəmiyyət öz-özünü tənzimləsə, irad bildirsə, cərimələrin artırılmasına ehtiyac qalmaz”.