Prezident İlham Əliyev - dövlətimizin zəfər və şərəf tarixini yazan sərkərdə! Siyasət

Prezident İlham Əliyev - dövlətimizin zəfər və şərəf tarixini yazan sərkərdə!

Bu gün Azərbaycan uğurlu daxili və xarici siyasəti, sürətli iqtisadi inkişafı, həyata keçirdiyi irimiqyaslı layihələr nəticəsində dünyada etibarlı siyasi-iqtisadi tərəfdaşa çevrilmişdir. Bütün xarici süni maneələrə baxmayaraq, Prezident İlham Əliyevin uzaqgörənliklə həyata keçirdiyi nəhəng neft-qaz layihələri nəticəsində Azərbaycanın neftinin və qazının Avropa bazarına çıxarılması dünya düzənində geosiyasi şəraitə də öz təsirini göstərdi. Eyni zamanda Böyük İpək yolunun bərpası ilə bağlı yeni nəqliyyat sisteminin yaradılması Azərbaycanı nəinki nəhəng nəqliyyat qovşağına, həm də ciddi güc mərkəzinə çevirdi.

Cənab İlham Əliyevin 12 may 2004-cü ildə Nax­çı­van bey­nəlxalq hava limanının açılış mərasimində etdiyi çıxışda səsləndirdiyi tarixi sözləri bu gün yada salmaq olduqca əhəmiyyətlidir. O, həmin çıxışında deyirdi: “Bu gün çox gözəl gündür, amma həm də çox kədərli bir gün­dür. Çünki bu gün Azərbaycan Heydər Əliyevsiz yaşayır... Amma bizə təskinlik verən odur ki, Heydər Əliyevin ideyaları yaşayır. Heydər Əliyevin fəlsəfəsi, siyasəti yaşayır. Onun qurduğu, yaratdığı Azər­bay­can yaşayır, güclənir və bundan sonra da yaşayacaqdır.

Biz hamımız bu siyasətə sadiqik. Biz hamımız bu siyasəti davam etdirməliyik. Azərbaycanı gücləndirməliyik, Heydər Əliyevin yo­lu ilə irəliyə aparmalıyıq. Mən əminəm ki, biz buna nail ola­ca­ğıq”.

Təqribən bu nitqindən əvvəl-2003-cü ildə birinci dəfə prezidentliyə namizədliyi irəli sürüləndə İlham Əliyev haqqında Ümummili Liderimiz Heydər Əliyev demişdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

2003-cü ildə xalqımız İlham Əliyevi böyük ümidlər və inamla, həm də sevinclə Prezident seçdi. Dövlətçiliyimiz üçün tarixi bir məqamda xalq öz müdrik seçimini etdi və İlham Əliyev xalqın ona bu inamını, etimadını tez bir zamanda doğruldacaqdı. Amma bunun üçün hələ çox böyük işlər göülməliydi. Bəlkə də bu işlərin bəzilərinin görülə biləcəyinə həm daxildə, həm də xaricdə çoxları inanmırdı.

Bəli, İlham Əliyev xalqımızı azərbaycançılıq ideyası əsasında sıx birləşdirərək müqəddəs amallar uğrunda ölkəmizi inkişaf yolunda sürətlə irəli apardı. Bu tərəqqi, inkişaf o qədər sürətli idi ki, bəzən onunla ayaqlaşmaq belə çətin olurdu. Azərbaycana gələn xarici qonaqlar bir ildən sonra yenidən gələndə onu tanımadıqlarını, bu yeni möcüzənin necə yarandığını başa düşə bilmədiklərini deyir, eyni zamanda ona valeh olurdular. Bax beləcə Prezident İlham Əliyev bütün hədəflərə çataraq Azərbaycan dövlətini müasir güclü dövlətə çevirdi və böyük sərkərdəlik nümayiş etdirərək dövlətimizin Şərəf tarixini yazdı!

Düz 17 il gecə-gündüz ağır zəhmət bahasına Prezident İlham Əliyev müstəqil Azərbaycanın yeni inkişaf mərhələsinə keçidini təmin edərək, onu müasir, güclü, dünyada öz mövqeyi, sözü olan dövlətə çevirdi, aparıcı dövlətlər sırasına çıxardı. Və 17 ildən sonra Azərbaycanı həm də hərb meydanında qalib dövlət etdi. Bütün azərbaycanlılara uzun illərdir arzuladıqları, sözlə ifadə edilə bilməyəcək böyük Qürur hissini yaşatdı! Ermənistanın işğalçı ordusunu döyüş və siyasət meydanında darmadağın etdi, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdi. Ermənistanın hərbi təcavüzünə cavab verən ordumuzun uğurlu əməliyyatları erməni mifini darmadağın etdi. Və göstərdi ki, biz işğal altındakı torpaqlarımızı azad etmək gücünə malik dövlətik. Heç kim bizimlə hədə-qorxu dili ilə danışa bilməz, iradəmiz əleyhinə heç nə edə bilməz. Bu gün bütün şərtləri Azərbaycan diqtə edir. Ona görə ki, o, ədalətin, inkişafın, demokratiyanın, sülhün və əməkdaşlığın qarantı olan güclü dövlətdir.

Prezident İlham Əliyev 8 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi ilə bağlı Şəhidlər xiyabanındakı tarixi nitqində dedi: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”

Bəli, milli maraqlarımıza, xalqın xoşbəxt gələcəyinə xidmət edən düzgün, uğurlu, ardıcıl və məqsədyönlü siyasət, polad siyasi iradə Azərbaycan dövlətinin müstəqilliyini daha da möhkəmləndirdi. Son 500 illik dövlətçilik tariximizə qızıl hərflərlə yazıldı bu Qələbə! Müzəffər Ali Baş Komandan, qəhrəman əsgər və zabitlərimiz, həmrəyliyimiz Qələbəmizi təmin etdi.

Prezident İlham Əliyev 8 noyabr 2020-ci tarixli çıxışında bu barədə fikirlərini belə ifadə etdi: “Biz ölkə daxilində uğurlu siyasət apararaq hesab edirəm ki, ölkəmizdə dünya üçün çox nadir inkişaf modelini yaratdıq. Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz bizə əlavə güc verdi, imkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Halbuki belə planlar var idi, belə cəhdlər var idi. Biz siyasi iradə göstərərək, birlik göstərərək bu cəhdləri dəf etdik, xalq olaraq, millət olaraq öz qürurumuzu müdafiə etdik, öz müstəqil seçimimizi müdafiə etdik və sübut etdik ki, heç kim bizim işimizə qarışa bilməz. Əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik”.

Cənab Prezident həmişə sözünün üstündə durub və Azərbaycan xalqına nə deyibsə, onu da edibdir! Bu gün Prezident İlham Əliyev xalqının Milli qəhrəmanıdır! Dövlətini və millətini xoşbəxt gələcəyə aparan müdrik siyasətçi, qalib sərkərdədir! Prezident hamımızı dəmir yumruq kimi birləşdirərək Yeni Azərbaycan qurur! Gələcək nəsillər İlham Əliyev haqqında danışanda onu Qurucu dövlət başçısı və Qalib sərkərdə kimi səciyyələndirəcəklər. Prezident İlham Əliyevin görəcəyi hələ böyük işlər, planlar var. Ona bu işlərində uğurlar arzulayırıq!

Yaşa, yaşa, min yaşa Ali Baş Komandan, Prezident İlham Əliyev!

Bəxtiyar Əliyev,

Milli Məclisin Elm və təhsil komitəsinin sədri