Demokratiyanın beşiyində nə baş verir? - TƏHLİL Siyasət

Demokratiyanın beşiyində nə baş verir? - TƏHLİL

Dünya şok keçirir. Demokratiyanın beşiyi sayılan ABŞ tarixində dünən ilk dəfə prezident seçkilərində iştirak etmiş namizədlərdən biri tərəfdarlarını etiraza səslədi, nəticədə, Vaşinqton küçələri İrəvanı, Bişkeki, Tripolini xatırlatdı.

Baş verənlər təkcə Trampın rəqibləri deyil, dünyanın əksər ölkələri, beynəlxalq təşkilatlar, hətta təmsil etdiyi Respublikaçılar Partiyasının üzvləri tərəfindən də kəskin pislənilib. Eks-respublikaçı prezident Corc Buş isə Trampı ittiham edərək “ABŞ-ın banan ölkəsi olmadığını” bəyan edib.

Dünən Vaşinqtonda nə baş verdi? ABŞ-ın paytaxtı Vaşinqtonda hazırkı prezident Donald Trampın tərəfdarları Konqresə hücum edib, iclasın keçirildiyi binaya və zala daxil olublar. Etirazçılarla polis arasında toqquşma baş verib, 4 nəfər ölüb, xeyli insan, o cümlədən 14 polis yaralanıb. Onlarla etirazçı saxlanılıb. Vaşinqtonda küçəyə çıxmaq qadağan olunub. Bir neçə küçədə partlamamış bomba aşkarlanıb. Bombalar əsasən avtomobillərə yerləşdirilmiş halda tapılıb.

Yanvarın 6-da ABŞ Konqresi prezident seçkisi ilə bağlı yekun qərar verməli, Senat və Nümayəndələr Palatasının iclasında Demokratlar Partiyasının prezidentliyə namizədi Cozef Baydenin qələbəsi təsdiqlənməli idi. Lakin Ağ ev və Kapitoliya ətrafındakı iğtişaşlar qanunverici orqanda prezidentin elan edilməsini prosedurunu tam olaraq başa çatdırmağa imkan vermədiyindən iclasın bu gün keçirilməsi gözlənilir.

2020-ci il noyabrın 3-də keçirilmiş ümumxalq səsverməsində Cozef Bayden 538 nəfərlik Seçicilər Kollegiyasına 306, Respublikaçılar Partiyasının namizədi olan Donald Tramp 232 nümayəndə qazanıb. Qələbə üçün 270 səs kifayət idi. Dekabrın 14-də Seçicilər Kollegiyasında səsvermə də Cozef Baydenin qələbəsi ilə başa çatıb – 306:232.

Lakin Donald Tramp və tərəfdarları bir çox ştatda seçkinin nəticələrinin saxtalaşdırıldığını iddia edir. D. Tramp dünən bildirib ki, seçkilərdəki məğlubiyyətini heç vaxt qəbul etməyəcək. Ağ Ev rəhbəri bunu Vaşinqtonda tərəfdarları qarşısında çıxışında deyib.

"Biz heç vaxt təslim olmayacağıq, biz heç vaxt məğlubiyyəti qəbul etməyəcəyik", - Vaşinqtonda on minlərlə tərəfdarı qarşısında çıxış edən Tramp deyib.

ABŞ-da prezident seçkiləri ilk dəfədir ki, bu qədər ağır və skandallı keçir. Bunun ən əsas səbəbi isə bu ölkədə planetar gücə malik olan qruplar arasında müharibədir. Yanvarın 6-da bir neçə avtomobildə partlayıcı qurğuların tapılması, 4 nəfərin qətli də ondan xəbər verir ki, Trampın və Baydenin, əslində isə, Kamala Harrisin (Kamala Harris son seçkidə vitse-prezident seçilib) arxasında duranlar nəyin bahasına olursa olsun, qalib gəlmək niyyətindədir.

Hər kəs çox yaxşı başa düşür ki, ABŞ-dakı prezident seçkiləri sıradan bir seçki deyil. Bu seçkilər dünyadakı geosiyasi və geoiqtisadi proseslərə birbaşa təsir edir, xalqların taleyi və gələcəyi üçün müstəsna əhəmiyyətə malikdir.

ABŞ-da bundan qabaq da müxtəlif vaxtlarda seçkilər mübahisəli keçsə də, adətən, heç bir namizəd səsini çıxarmırdı. Seçici kollegiyası vasitəsilə səslərin hesablanması, adətən, seçkilərin nəticələrini mübahisələndirir. Bu, ona görə baş verir ki, önəmli olan bütün federasiyada səslərinin çoxunu almaq deyil, sayına görə daha çox seçici kollegiyasının olduğu ştatlardan daha çox səs toplamaqdır. Buna görə də, bəzilərinin fikrincə, ABŞ seçki sisteminin islahatlara ehtiyacı var. Məsələn, ən son mübahisəli seçki 2000-ci ildə baş tutmuşdu. Həmin il prezident seçkilərində Vitse-prezident Albert Qor seçkilərdə seçicilərin 540 000 səs üstünlüyünü qazansa da, Texas ştatının qubernatoru Corc Buş ştatların çoxunda qalib gələrək, bu yolla Seçicilər Kollegiyasının səs çoxluğunu toplamışdı.

Seçkilərdən əvvəl sosioloji sorğuların nəticələrinə görə aşağı-yuxarı eyni vətəndaş simpatiyasına malik olan Tramp və Bayden seçkilərin kifayət qədər gərgin keçəcəyini çox yaxşı bilirdilər. Bu seçkilər, həm də telekanallara ayrılan maliyyə miqdarına görə rekord vurub. Bayden telekanallarda efirə və piara 582 milyon dollar xərcləyərək tarixi rekorda imza atıb (Tramp 342 milyon dollar xərcləyib). Seçkilərə maraq o qədər böyük olub ki, bukmeykerlər ümumilikdə 1 milyard funt stenrlinqdən çox mərc edildiyini qeyd edirlər. Ən böyük mərc bir amerikalı tərəfindən Baydenin qalib gəlməsinə qoyulub - 1 milyon dollar.

Bu seçkilərə maraq yaradan həm də ABŞ-da mübarizə aparan qlobalistlər və antiqlobalistlərin baxış bucağından maraq kəsb edirdi.

Hakimiyyətə gəlişindən sonra ilk dəfə ABŞ-ın xarici siyasəti, qlobal geosiyasi və geoiqtisadi məqamlarla bağlı kifayət qədər inqilabi addımlar atan Donald Trumpın bu dəfə də seçkilərdə qalib gəlməsi Pekin qismində Vaşinqtonun xarici rəqiblərindən tutmuş, ABŞ-da oturmuş Soros və pərdənin arxasında olan bəzi qlobal güclərin marağında deyildi. Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanıması, ərəb dövlətləri ilə İsrail arasında ABŞ-ın vasitəçiliyi ilə “gizli danışıqlar və anlaşmalar”ın baş tutması, Çin iqtisadiyyatının dünyanın birincisi olmasına imkan verilməməsi üçün atdığı addımlar, eyni zamanda Avropa İttifaqı ilə iqtisadi sahədə proteksionizm siyasəti, Putinə və Ərdoğana simpatiyası, ölkə daxilində dünyanın nizamını quran bəzi qrupların maraqlarına zidd olan addımları atması – qaranlıq dünyanın üzvlərini razı sala bilməzdi. Eyni zamanda, etiraf etmək lazımdır ki, son 4 -5 ildə Trampın “ağdərili” olmayanlarla bağlı çıxış və addımları çoxmillətli və çoxkonfessiyalı ABŞ vətəndaşlarının seçkilərdə ona qarşı səs verəcəkləri ilə nəticələnməli idi. Bu fonda bir müddət əvvəl süni şəkildə aktuallaşdırılmış qaradərililərin iğtışaşları da seçkilərin nəticələrinə təsir etməli idi.

Bütün bu proseslərlə bizim heç vaxt üzdə görmədiyimiz kölgədəki qruplar barışa bilməzdilər. Onlar Soros, Geyts, əllərində olan media və digər resurslarla hərəkətə keçərək, hakimiyyətin istəmədikləri adamın əlində daha 4 il qalmasına dözə bilməzdilər. Uzun müddətdir ki, Trampa qarşı ABŞ-ın ən zəngin insanlarının vasitəsilə mübarizə aparılır. “Facebook”, “Twitter” və digər sosial şəbəkələrinin sahiblərindən tutmuş, ayrı-ayrı media maqnatlara qədər hər kəs bu seçkilərdə Demokratları dəstəkləyirdi. Bircə faktı qeyd etmək burda yerinə düşər ki, dünən baş verən hadisələrdən dərhal sonra “Washington Post” qəzetinin redaksiya heyəti məqalə ilə çıxış edərək, D. Trampın hakimiyyətdən uzaqlaşdırılmasıana çağırıb.

Çinlə bağlı baxış bucaqları Trampla üst-üstə düşməsinə baxmayaraq, Corc Soros da bütün digər məsələlərdə daim ABŞ-ın hazırkı prezidentinin ən böyük tənqidçilərindən olub. Məsələn, Corc Soros 2018-ci ildə Davosda “Tramp administrasiyasını dünya üçün təhdid olaraq görürəm. Ancaq bu, müvəqqəti fenomendir, 2020-ci ildə yox olacaq” ifadələrini işlədirdi. Bundan qabaq “Pulumla Buşu hakimiyyətdən qovanadək mübarizə aparacam” deyən də, həmin Soros idi.

Trampın daha 4 il hakimiyyətdə qalması ilə barışmaq istəməyən digər üzdə olan fiqurlardan biri Bill Qeytsdir. Unutmayaq ki, birdən-birə varlanan Bill Qeytsin həyat yoldaşı Melinda Geyts hələ 20 yaşında ikən kompüter dərsləri deyərkən, Bilderberq klubunun toplantılarına qatılırdı.

Bu ilin əvvəlindən başlayan COVİD-19 virusu, bu virus fonunda ABŞ prezidentinin “qaranlıq dünyaya” qarşı çıxaraq koronavirusla bağlı Ümumdünya Səhiyyə Təşkilatına yönəlik (ÜST) ittihamları, sonra ABŞ-ın müxtəlif ştatlarında Trampa qarşı etirazlar və bu proseslərlə bağlı ABŞ prezidentinin “kölgədəki qrupları” açıq-aşkar ittiham etməsi də diqqətdən qaçmamalıdır. Ötən ilin yayında ABŞ-da qaradərili Corc Floydun polis tərəfindən öldürülməsindən sonra bütün ölkəni bürüyən etirazlarla bağlı sirli məqamlar ortaya çıxıb. Həmçinin iğtişaşlarla bağlı yayılan saxta və köhnə videolar cəmiyyətdə gərginliyin artmasına səbəb olmuşdu. Polisin şiddət göstərməsi ilə bağlı yayılan köhnə videoları bir gün ərzində 10 milyonlarla insan izləyib. Bəzi şiddət videolarının Şimali Kaliforniyada hələ aprel ayında çəkilməsi ilə bağlı iddialar da səsləndirilməkdədir.

Beləliklə, Tramp 2016-cı ildə hakimiyyətə gəlməklə bir çoxunun, həm də qlobalistlərin oyunlarını pozmuşdu. Ancaq qlobalistlər geri çəkilmədilər. Hillari Klinton, Bil Geyts, Barak Obama, Cef Bezos, Corc Soros və digərləri Trampı hakimiyyətdən yola salmaq üçün əllərindən gələni arxalarındakı güclər vasitəsilə etdilər və məqsədlərinə çatmağa olduqca yaxındırlar. Simpsonlara və Trampın seçkilərdən əvvəl “FOX News”a verdiyi müsahibəyə inansaq, bir müddət sonra okeanın o tayında prezidentin səlahiyyətlərini icra edəcək şəxs Kamala Harris olacaq.

İndi ABŞ-da baş verənlər bir tərəfdən demokratiyanın göstəricisi, digər tərəfdən isə iğtişaş kimi qiymətləndirilir. Bütün hallarda gəlinən nəticə odur ki, ABŞ-ın seçki sistemində islahatlara ciddi ehtiyac var. Digər ölkələrdə seçki proseslərini, seçki sistemlərini əksər hallarda tənqid edən Vaşinqtonun bundan sonra seçki prosesi və sistemi ilə bağlı hansı addımları atacağı maraqlıdır. Hər halda 207 ildən sonra Kapitoliyə (sonuncu dəfə ingilislər 1814-cü ildə hücum edərək, Vaşinqtonda inzibati binaları, o cümlədən Ağ Evi və Konqres binasını yandırmışdı) edilən hücum ABŞ-ın siyasi və seçki sistemində islahatların aparılmasının zəruriliyi məsələsini ortaya çıxarmış olur.

Hər halda, Azərbaycan üçün bütün bu proseslərdə ən vacib məqam ABŞ-ın güclü və sabit olmasıdır. Güclü ABŞ dünyadakı güclər arasında tarazlıq üçün çox mühümdür. Unutmayaq ki, müstəqillik illərindən indiyə qədər Azərbaycan-ABŞ münasibətləri Obama dövrünü çıxmaq şərtilə daim artan xətt üzrə inkişaf edib. Hazırda da Vaşinqton və Bakı arasında enerji və təhlükəsizlik məsələlərində əməkdaşlıq yüksək səviyyədə olaraq qalır.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov