Ermənistanın blokadadan yeganə çıxış yolu Azərbaycanla hesablaşmaqdır - ŞƏRH Siyasət

Ermənistanın blokadadan yeganə çıxış yolu Azərbaycanla hesablaşmaqdır - ŞƏRH

Ermənistanın enerji sektoru da ölkə iqtisadiyyatının digər sahələri kimi acınacaqlı vəziyyətdədir. Məhz bu baxımdan, ölkənin təbii qaza və benzinə olan tələbatı, ən adi texniki problemlər səbəbindən ödənməyə bilər. Rusiyanın “Şimali Qafqaz – Zaqafqaziya” qaz ixrac kəmərinin təmir edilməsi səbəbindən Ermənistana verilən qazın dayandırılması da bunu sübuta yetirir.

Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

E.Mirzəbəyli bildirib ki, digər tərəfdən, “Şimali Qafqaz – Zaqafqaziya” qaz ixrac kəmərinin 137 km Rusiya, 263 km isə Gürcüstandan keçməsi bu kəmər vasitəsilə Ermənistana ixrac edilən təbii qazın qiymətinin artmasına səbəb olur:

“Gürcüstan ərazisindən Ermənistana ixrac edilən Rusiya qazının 10%-ni tranzit haqqı kimi özünə götürür ki, bu da şübhəsiz ki, qiymət artımının əsas səbəblərindən biridir. Ermənistanı təbii qazla təmin edən ölkələrdən biri də İrandır. 140 km uzunluğu olan kəmər Təbriz və Meğri qazpaylayıcı stansiyalarını birləşdirir. Lakin kəmərin ötürücülük imkanları kifayət qədər aşağı olduğu üçün, bu, Ermənistanın təbii qazla təminatı üçün ciddi alternativ sayılmır. Ermənistanın elektrik enerjisinə olan tələbatının 40%-ni Razdan İstilik Elektrik Stansiyası, 30%-ni isə Metsamor AES ödəyir. Metsamorla bağlı yaranmış vəziyyət bu ölkənin elektrik enerjisinə olan təlabatının ödənilməsində hər an ciddi problemlərin yaranmasına səbəb ola bilər”.

E.Mirzəbəyli vurğulayıb ki, Ermənistan heç bir ölkədən neft almır, çünki ölkədə neft emalı zavodu yoxdur: “Benzin və digər emal edilmiş neft məhsulları isə bu ölkəyə nəqliyyat vasitələrilə daşınır ki, bu da yenə də qiymətə öz təsirini göstərir. Qeyd edim ki, əgər Ermənistana neft kəmərinin çəkilməsi Rusiya, yaxud İran üçün əlverişli olsaydı, çox güman ki, onlar bu günə qədər bu addımı atardılar. Amma Azərbaycan ərazilərinin 30 ilə yaxın bir müddət ərzində işğal altında saxlanılmasının nəticəsi olaraq, Ermənistan dalan-ölkəyə çevrilib və tranzit ölkə olmaq imkanlarından məhrum olub”.

Ekspert qeyd edib ki, iqtisadiyyatı acınacaqlı durumda olan, əhalisinin sayı gündən-günə azalan bu ölkəyə neft kəmərinin çəkilməsi və burada neft emalı zavodunun yaradılması isə “xərci borcunu ödəməyəcək” bir layihə olardı:

“Qeyd edim ki, Baş nazir Nikol Paşinyan 2019-cu ildə fasiləsiz olaraq, Ermənistanın tranzit ölkəyə çevrilməsi ilə bağlı arzularından söz açırdı və deyirdi: “Çox istəyərdik ki, “A” nöqtəsindən “B” nöqtəsinə Ermənistan ərazisindən istifadə olunmaqla təbii qaz və neft nəql edilsin”. Doğrusu, Nikol Paşinyanın bu arzuları dilə gətirəndə, perspektivdə hansısa hadisələrin baş verəcəyini, Azərbaycanın öz ərazi bütövlüyünü təmin edəcəyini və bu səbəbdən regionda yeni əməkdaşlıq imkanlarının yarana biləcəyini ehtimal olaraq ifadə etdiyini düşünmürəm.

Amma 44 günlük müharibədən öncə Ermənistan ərazisindən neft və qaz kəmərlərinin keçməsi mümkün deyildi. Çünki Rusiyadan İrana, yaxud əksinə nə neftin, nə də qazın Ermənistan ərazisindən istifadə edilməklə nəqli absurd olardı. Hər iksinin nefti də, qazı da var və dünyanın ən böyük enerji ixracatçılarından sayılırlar. Türkiyə belə bir lahiyəyə imkan verməzdi, Azərbaycanla məsələ aydındır. Rusiyadan Ermənistana onsuz da Gürcüstan ərazisindən qaz nəql olunurdu və olunmaqdadır. Amma sadəcə Ermənistanın istifadəsi üçün.

Daha öncə qeyd etdiyim kimi, Ermənistan dalandır və dalandan o tərəfə də adətən yol olmur. Bu baxımdan, regionda yaranan yeni reallıqlar müstəvisində Ermənistanın yeganə çıxış yolu Azərbaycan vasitəsilədir. Sivil bir davranış sərgiləyəcəyi, iddialarından əl çəkəcəyi təqdirdə Ermənistanın, yalnız Azərbaycanın lütfü nəticəsində həm nəqliyyat, həm də enerji dəhlizinə çevrilmək imkanı var. Xatırladım ki, Azərbaycan tərəfi İkinci Qarabağ savaşından öncə də, Ermənistanın işğala son qoyacağı təqdirdə, bu ölkənin regionda həyata keçirilən, yaxud keçirilməsi nəzərdə tutulan layihələrdə iştirakının mümkünlüyünü dəfələrlə bəyan edib. İndi isə “dalan ölkə” statusu ilə “tranzit ölkə” statusu arasında seçim etmək növbəsi yenə də Ermənistanındır”.