Ermənistana təzyiq artırılmalıdır Siyasət

Ermənistana təzyiq artırılmalıdır

Ceyhun Bayramov: “Faşist Qaragen Nijdenin və terrorçuların heykəlini İrəvanın mərkəzində qoyanda bu fəlsəfənin acı nəticəsini hər kəs bilməli idi”

Litva xarici işlər naziri Gabrielius Landsbergis ilə həm təkbətək, həm geniş tərkibdə görüş keçirdik. İkitərəfli və çoxtərəfli münasibələrin inkişaf etdirilməsi vurğulanıb və təsdiq edilib.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Litva xarici işlər naziri Gabrielius Landsbergis ilə birgə mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, görüş zamanı ölkələrimiz arasında siyasi dialoqun davam etdirilməsinin vacibliyi vurğulandı: “Ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı xüsusi vurğulanıb.
Baxmayaraq ki, iki ölkə arasında yaxşı əməkdaşlıq var, hesab edirik ki, potensial daha da böyükdür. Xüsusi olaraq kənd təsərrüfatı, qida sənayesi, alternativ enerji və digər sahələrə diqqət yemtirilməsinin vacibliyi vurğulandı. İndiyə qədər ölkələrimiz arasında 39 sənəd imzalanıb və hazırda baxılmaqda olan 12 sənəd mövcuddur, yaxın zamanlarda onların yekunlaşdırılması üzrə səylərimizi birləşdirməliyik”.
Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipi əsasında əməkdaşlığa hazırdır: “Hesab edirəm ki, bizim qarşılıqlı əməkdaşlığımız həm regional, həm də qlobal sülhə mühüm töhfəsini verə bilər”.
Ceyhun Bayramov bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra yaranan yeni reallıq, yeni vəziyyət barədə litvalı nazirlə fikir mübadiləsi aparılıb: "Görüş zamanı qeyd olundu ki, üçtərəfli bəyanatın imzanalanması nəticəsində bir sıra istiqamətlərdə qısa müddət ərazində müsbət nəticələr əldə olunsa da, Azərbaycan tərəfini narahat edən bəzi ciddi məsələlər var və bu məsələləri litvalı həmkarımın diqqətinə çatdırdım. Bizi narahat edən məsələlərdən biri Ermənistan tərəfinin haqsız olaraq Azərbaycanda “hərbi əsirlər” barəsində iddialar qaldırmasıdır və bu barədə məsələni litvalı həmkarımın diqqətinə catdırdım.
Bir daha nəzərinizə çatdırım ki, 10 noyabr razılaşmasından sonra qanunsuz olaraq erməni tərəfindən göndərilən adamlar Azərbaycan təhlükəsizlik qüvvələri tərəfindən keçirilən əməliyyat nəticəsində zərərsizləşdirilib və 62 nəfər saxlanılıb.
Həmin adamlarla bağlı cinayət-istintaq tədbirləri davam etdirilir və onların əməllərinə müvafiq qaydada Azərbaycan qanunveriliciyinə uyğun olaraq qiymət veriləcək”.
Azərbaycanın xarici işlər naziri qeyd edib ki, Ermənistan minalanmış ərazilərimizin xəritələrini verməməklə uzun illər ərzində ölkəmizə qarşı həyata keçirdiyi hərbi cinayətləri bu gün də davam etdirir. Nazir vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə mina partlayışları nəticəsində insanlar həlak olur və yaralanır: “Bu statistika gündəlik olaraq dəyişir. 10 noyabrdan sonra mina partlayışları nəticəsində 22 nəfər həlak olub, 100 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu məsələlərlə bağlı Ermənistana təzyiq artırılmalıdır və beynəlxalq təşkilatlar, dünya dövlətləri Ermənistana səssiz qalmamalıdır”.
Ermənistanda dözümsüzlük və nifrət zəminində çıxışların və çağırışların sayı olduqca çox olduğunu xatırladan Ceyhun Məmmədov bildirib ki, barışığa çağırış edən hanısa insanları isə satqın hesab edirlər.
Nazir deyib ki, uzun illər ərzində ermənilər yalan və saxtakarlıq üzərində təbliğat aparıblar və bu gün onların çox zəhərli və zərərli tendensiyası üzə çıxır: “Bu dözümsüzlük təkcə Azərbaycana və Türkiyəyə qarşı deyil, bu, daha geniş vüsət alıb. Dünya çapında Ermənistan ən çox antisemitizim çağırışları edən ölkədir. Faşist Qaragen Nijdenin və terrorçuların heykəlini İrəvanın mərkəzində qoyanda bu fəlsəfənin acı nəticəsini hər kəs bilməli idi.
Erməni xalqı və cəmiyyəti öz siyasətçilərinin və ideoloqlarının saxta fikirlərindən nə qədər tez canlarını qurtarsalar, bir o qədər yaxşı olar.
Keçmişə, saxta miflərə və düşmənçiliyə yönəlmiş hərəkətlər etmək dünya tarixində hələ heç kimə xeyir gətirməyib. Ona görə də hesab edirik ki, gələcəyə baxmaq lazımdır, Azərbaycan bunun tərəfdarıdır. Erməni xalqı, cəmiyyəti bunu nə qədər tez başa düşsə, regional inkişaf, sülh və təhlükəsizlik üçün o qədər geniş imkanlar yaranacaq”.
Nazir əlavə edib ki, ermənilər xaricdə bizim diasporumuza, dipolomatik nümayəndələrimizə qarşı hücumlar edirlər, təhqiramiz və radikal hərəkətlərə yol verirlər: "Belə aksiyalardan biri Los Ancelesdə keçirildi. Həmin aksiyada Los Ancelesin mərkəzində Ermənistan Gənclər Federasiyasından və Amerika Erməniləri Milli Komitəsindən olan radikal daşnak ermənilər Azərbaycan bayrağına bükülmüş manekeni etnik zorakılığa çağırışlarla “edam” ediblər. Bu, cinayət əməlidir və bu cinayət əməlini törədənlər cəzalandırılmalıdır. Biz ermənilərin bu cür radikal və cinayət əməllərini qətiyyətlə pisləyirik”.