“Rəsmi Bakı bütün danışıqları dayandırmalı...” Layihə

“Rəsmi Bakı bütün danışıqları dayandırmalı...”

Politoloq: “Silaha əl atmalıdır”

Qoşunların 2020-ci tədris ilinin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusu geniş miqyaslı komanda-qərargah təlimlərinə başlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 6-dək davam edəcək təlimlər informasiya texnologiyalarının geniş tətbiqi, həmçinin heyətlərin, vaxt göstəriciləri və qəbul edilən qərarların icrası planlarının yoxlanılmasının müvafiq idarəetmə orqanları ilə dəqiqləşdirilməsi ilə ərazi, xəritə və ərazinin maketi üzərində icra olunacaq.
Politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Azərbaycanın növbəti dəfə öz ordusunu təlimlərə çıxarması Ermənistanın hazırda tutduğu siyasətə cavabıdır. Hazırda danışıqlar prosesində ciddi irəlləyişlər Yerevan tərəfindən tormozlanıb və apreldən sonra gözlənilən danışıqlar prosesinin detalları Paşinyan tərəfindən separatçılarla müzakirə edilir: “Qeyd edim ki, Qarabağdakı separatçılar kəskin şəkildə güzəştə hazır deyillər və bunu Moskva ilə koordinasiya edirlər. Əgər, martın 31-də qondarma rejimdə Paşinyan öz adamını rəhbərliyə gətirə bilərsə, onun siyasi mövqeləri möhkəmlənə biləcək.
ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona növbəti səfərə gəlməsi istisna deyil. Çünki, apreldən sonra danışıqlar mərhələsinin növbəti raundu başlanır. Əgər, Qarabağdakı separtçıların rəhbərliyinə Paşinyan öz adamını gətirərsə, Qarabağın azəbaycanlı və erməni icmaları da danışıqlar formatında yer ala bilər. Minsk qrupunun həmsədrləri də bu istiqamətdə çalışır. Bu danışıqlarda yeni format olsa da, Yenilənmiş Madrid prinsipləri üzrə danışıqlar davam etməlidir”.
Politoloqun fikrincə, Paşinyanın bu təklifi Azərbyacan tərəfindən qəbul edilib. Çünki, Paşinyan məsuliyyəti bölüşmək istəyir.
Paşinyan güzəştə təktərəfli deyil, Qarabağdakı ermənilərin razılığı ilə getməyə çalışır. O, bu siyasəti rəhbər tutaraq daxili böhrandan çəkinir. Amma bu, o demək deyil ki, Ermənistan əraziləri boşaldacaq. Bu, imitasiya da ola bilər. Gərək, Azərbyacan buna imkan verməməlidir: “Apreldən sonra Qarabağ azərbaycanlı və erməni icmalarının görüşü baş tutrasa, danışıqlar formatında yenilənmə olacaq. Bu da Bişkek protoklunda olduğu kimi maraqlı tərəflərin danışıqlara cəlb olunmasıdır.
İcmaların görüşü əsasən, Dağlıq Qarabağın statusu və birgə yaşayış və digər məsələlərlə bağlı olacaq. Azərbaycanın da bu danışıqlarda maraqlıdır.
Qeyd edim ki, "Qarabağ klanı" hələ də öz təsir dairəsini saxlayır. Ermənistanda hakimiyyəti itirsələrdə onlarin növbəti hədəfi Qarabağda rəhbərliyi öz əllərində saxlamaqdı. Buna nail olarsa, Paşinyan üçün çətin günlər gözlənilməklə yanaşı, Qarabağla bağlı aparlacaq danışıqların heç bir nəticəsi olamayacaq. Azərbaycan bu mərhələyə hazırlanmalıdır və hərbi eskalasiya ilə vəziyyəti dəyişməlidir. Ona görə də həri təlimlərlə ordunun döyüşə hazır vəziyyətdə saxlanılması vacibdir”.
Onu da qeyd edək ki, “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyi yeni kampaniyaya başlayıb.
“Qarabağ harayı” adlanan kampaniya çərçivəsində Qarabağın hüdudları daxilində yaşayan insanların, məcburi köçkünlərin video-müraciətini beynəlxalq təşkilatlara ünvanlanacaq.
“Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin sədri Tural Gəncəliyev bildirib ki, icma son 1 il ərzində öz fəaliyyətini daha da intensivləşdirilib.
“Əsas məqsədimiz Ermənistanın işğalçı siyasətini dünya ictimaiyyətinə çatdırmaqdır. Bu işdə gənclərin iştirakı isə bizim üçün çox vacibdir. informasiya savaşı çərçivəsində audio-viziual materialların hazırlanması və informasiya müharibəsində bu metoddan istifadə çox böyük önəm kəsb edir. Kampaniya çərçivəsində nümayiş etdiriləcək “Şuşaya yenidən günəş doğacaq” adlı video-çarxın məqsədi gənclərin dünyaya çıxış etməsidir. Video-çarx Dağlıq Qarabağ Azərbaycanlı İcması, Azərbaycanda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin dəstəyi və “CO production Baku” adlı media qurumunun birlikdə əməkdaşlığı nəticəsində meydana gəlib. Video-çarxın əsas məqsədi ermənilərin işğalçı siyasətindən əziyyət çəkən şəxslərin səsini dünyaya çatdırmaqdır”, - deyə İcma sədri qeyd edib.
T. Gəncəliyev bildirib ki, gənc nəsil ermənilərin bu torpaqları müvəqqəti saxladığını bilməlidir.
“Ermənilərin işğalçı siyasətini dünyaya daha yaxşı çatdırmaq üçün bu kampaniya gənclərə şərait yaradır. Bu kampaniya başladıqdan sonra estafeti ilk olaraq Rövşanə Quliyevaya verdik, və onun video-çarxını da dünyaya yayacağıq. Bu işdə bütün gəncləri iştirak etməyə çağırırıq. Öz torpaqlarımıza qayıtmayanadək biz sakit durmamalıyıq”, - deyə o qeyd edib.
T. Gəncəliyev bildirib ki, hazırda hərbi əməliyyatlar davam etməsə də, ancaq biz torpaqların sahibi olaraq münaqişə başlayanda ərazi bütövlüyümüzü bərpa etməyə hazırlıqlı olmalıyıq.
O bildirib ki, müharibə bizim istədiyimiz kimi bitəcək: “Biz istəmədən ermənilər bizə qarşı savaş açdı, torpaqlarımızı işğal etdi. Amma müharibənin sonu bizim istədiyimiz kimi bitəcək. Hazırda bütün fəaliyyətimiz, yazdığımız hər status bir güllədir. Sosial şəbəkələrin gücü bu gün hər kəsə bəllidir. Biz öz torpaqlarımıza qayıtmayanadək sakit dayanmamalıyıq”.
T.Gəncəliyev onu da qeyd edib ki, Dağlıq Qarabağ bölgəsində referendumun keçirilməsindən söhbət gedə bilməz.
O bildirib ki, əsas məqsəd öz torpaqlarımıza qayıtmaqdır: “Ondan sonra digər məsələlər öz həllini tapacaq. Bəzən düşünürlər ki, orada referendum keçirilsə, ermənilər səs çoxluğu qazanacaq. Bunlar mənası və əsası olmayan söhbətlərdir. Hamı ağlına yazmalıdır ki, Konstitusiyanın 11-ci maddəsinə görə, heç kimsəyə torpağımızdan pay edilmir. Dağlıq Qarabağ bölgəsində ayrıca referendum keçirilə bilməz. Həmin maddəyə əsasən, yalnız Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə bütün Azərbaycan Respublikasının əhalisi arasında referendum keçirməklə Azərbaycanın ərazisi dəyişdirilə bilər”.
Politoloq Mirsamir Məmmədovun fikrincə, rəsmi Bakı bütün danışıqları dayandırmalı və silaha əl atmalıdır: “Minsk qrupunun fəaliyyəti və işğalçı ölkənin danışıqlardan qaçması ilə zamanı yubatması o deməkdir ki, Azərbaycan işğal edilən torpaqlarını güc yolu ilə qaytarmalıdır. Buna gücümüz çatar və Ali baş komandanın əmri ilə ordumuz işğal edilən torpaqlarımızı qısa zaman kəsiyində qaytara bilər”.
Politoloq burada Rusiya amilini də nəzərə alaraq qeyd edib ki, əgər rəsmi Moskva Ermənisata hərbi dəstək göstərməzsə Azərbaycan işğalçı ölkəni susdura bilər: “Etiraf edilməlidir ki, Rusiya Ermənistana bütün sahələrdə dəstək durub. Dağlıq Qarabağ münaqişəsinin yaranmasından tutmuş bu vaxtadək işğalçının yanındadır. Ona görə də bu münaqişənin həlli uzanır və bu da rəsmi Moskvanın regiondakı maraqlarına tam cavab verir”.
M.Məmmədov ordumuzun hərbi təlimlərinə də toxunaraq bildirib ki, hər belə təlim ermənilərin təşvişinə səbəb olur: “Ermənistan bütün sahələrdə Azərbaycana uduzub. Bizim güclü iqtisadiyyatımız, güclü ordumuz var. Bu gün Ermənistanda əhali sayı azalır, ermənilər ölkəni tərk edirlər, bir yandan kasıblıq, digər tərəfdən işsizlik. Başlıca səbəb isə əsgər intiharları, ölümlər, əsgər analarının Paşinyana hiddəti və s. Paşinyan bunların hesabatını verə bilmədiyindən müxtəlif manevrlər etməyə cəhdlər göstərir. Sonda da rüsvay olur”.
Politoloqrun fikrincə, bu gün bütün dünya Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal olunması faktını qəbul edir: “Prezidentimizin beynəlxalq tribunalardan işğalçı Ermənistan rəhbərliyinin susdurması dünyanı buna məcbur edib. Ermənistan artıq ifşa olunub. Artıq dünya birliklləri, beynəlxalq təşkilatlar, hətta ölkələr belə ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini pisləmək məcburiyyətində qalıblar. Zaman Azərbaycanın xeyrinə işləyir. Azərbaycan öz sözünü yüksək tribunalardan demək imkanını qazanıb. Ermənistanın rəhbərliyi isə həmişə bu danışıqlardan, müzakirlərdən qaçmağa çalışıblar”.
Politoloqun fikrincə, işğalçı ölkə Rusiya tərəfindən silahlandırılsa da, bu ona heç bir ümid verə bilməz: “Rəsmi Moskvanın özü də yaxşı başa düşür ki, hərb sahəsində Ermənistan Azərbaycanla heç vaxt ayaqlaşa bilməz. Azərbaycanın ordusu müasir silahlarla təchiz edilib. Bundan başqa ölkəmiz özü silah istehsal edir. Ermənistanın vəsaiti yoxdur ki, xaricdən istədiyi silahı əldə edə bilsin. Amma buna baxmayaraq işğalçı ölkə hərbləşməni dayandırmır və ümid edir ki, bununla da işğal etdiyi torpaqları əlində saxlayacaq. Prezidentimiz artıq mövqeyini bildirib – Qarabağ Azərbaycandır”.
Yeri gəlmişkən, Bonn Beynəlxalq Konversiya Mərkəzinin analitiki Maks Maçler mərkəzin Ermənistanı Avropanın ən hərbiləşmiş və dünyanın ən çox hərbiləşmiş 3-cü ölkəsi kimi tanıması ilə bağlı hesabatını şərh edərkən bildirib ki, Ermənistanın hərbiləşməsinin yüksək dərəcəsi anlaşılandır, lakin müsbət hesab edilə bilməz.
O qeyd edib ki, ölkənin hərbiləşmə səviyyəsi şübhəsiz xarici vəziyyətlə, təhlükəsizlik problemlərilə, qonşuların fəaliyyətləri ilə əlaqəlidir, lakin bu, həmçinin ölkə rəhbərliyinin siyasi qərarıdır.
Ermənistan 2019-cu ilin göstəricilərinə görə hərbiləşmə baxımından Avropda birinci, dünyada isə yalnız İsrail və Sinqapurdan geri qalaraq üçüncü olub. Maçlerin fikrincə, yüksək hərbiləşmə dərəcəsinə sahib olan hər bir ölkə hər hansı qaydada qonşularla ciddi hərbi münaqişəyə cəlb olunur.
“Ermənistan halında söhbət Azərbaycandan gedir və bu, anlaşılan olsa da, mən hərbiləşmənin yüksək dərəcəsini narahatlıqverici hesab edərdim”, - deyə o bildirib.

Cavid