Böyük zəfərin başlanğıcı – Aprel döyüşləri Layihə

Böyük zəfərin başlanğıcı – Aprel döyüşləri

Üç gün davam edən bu döyüşlər Azərbaycan və bölgədə maraqları olan dövlətlər üçün çox ciddi mesajlar verdi.
2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı. Azərbaycanın qarşıdurma xəttinə yaxın yaşayış məntəqələrinin bombalanması nəticəsində aralarında 16 yaşdan kiçik 2 uşaq olmaqla 6 mülki şəxs həlak oldu, 26 şəxs ağır yaralandı.
Hücumlar nəticəsində, həmçinin çoxsaylı ictimai və şəxsi mülkiyyətə, o cümlədən mülki infrastrukturlara ciddi ziyan dəydi. 232 fərdi yaşayış evi, 99 elektrik dirəyi, 3 elektrik yarımstansiyası, kilometrlərlə su və qaz boruları dağıdıldı. Məktəblər, xəstəxanalar və ibadət yerləri də daxil olmaqla sosial müəssisələrə Ermənistan silahlı qüvvələri tərəfindən idarə olunan raket zərbələri endirildi. 1 məscid ibadət zamanı yüksək kalibrli artilleriya mərmiləri ilə vuruldu.
Erməni təxribatının qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində təxirəsalınmaz cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildi və qəti cavab zərbələri endirildi. Düşmən müdafiəsinin ön xəttində və dərinliyində yerləşən koordinatlar müəyyənləşdirildi, Ermənistan ordusunun canlı qüvvəsi və hərbi texnikası məhv edildi.
Ordudan kütləvi yayınma və fərarilik halları Ermənistan rəhbərliyini məcbur etdi ki, döyüşlərə qadınları və xidmət yaşları ötmüş insanları cəlb etsinlər. Belə aciz bir addımın atılmağının da son nəticəsi Ermənistana baha başa gəldi.
Aprel hadisələrində cəbhənin ən gərgin istiqaməti Ağdərə-Tərtər-Ağdam və Füzuli istiqaməti oldu. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri aprelin əvvəlində qısa müddətdə düşmənin ön və dərinlikdə cəmləşən qüvvələrini müəyyənləşdirib və qəti zərbələrlə sıradan çıxardı. Uğurlu əməliyyatlar nəticəsində Naftalan şəhərinə təhlükə yaradacaq Talış kəndi istiqamətindəki yüksəkliklər işğalçılardan təmizləndi. Həmçinin Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən olduqca strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi də düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi.
Ümumilikdə, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi.
Bu döyüşlərdə erməni silahlı qüvvələri böyük itkilərə məruz qaldı. Ordumuzun qəti zərbələri nəticəsində düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edildi, 320 hərbçisi öldürüldü, 500-dən artıq döyüşçüsü yaralandı. Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılması təmin edildi.
Yalnız Ermənistan rəhbərliyinin beynəlxalq təşkilatlara və dövlətlərə yalvarışlarından sonra Azərbaycan qarşılıqlı qaydada hərbi əməliyyatları dayandırmağa razı oldu və bununla da münaqişənin sülh yolu ilə həllinə üstünlük verdiyini bir daha nümayiş etdirdi.
Sözsüz ki, ilk növbədə bu döyüşlər xalqın orduya inamını bir daha təsdiqlədi. Xalq və ordu arasındakı münasibət yeni mərhələyə qədəm qoydu.
Ötən müddət ərzində işğaldan azad olunan ərazilərdə, o cümlədən aprel qələbəsi ilə düşmən təhlükəsinin uzaqlaşdırıldığı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində təmir-bərpa işləri aparılıb, orada yeni qəsəbə salınıb, ata-baba yurdlarından didərgin salınan insanlar geri dönüblər.
Əslində, bu döyüşlər Azərbaycanın öz torpaqlarını işğalçı qoşunlardan təmizləmək qüdrətində olduğunu sübuta yetirdi. Hadisələr bir daha təsdiqlədi ki, işğalçıya yerini göstərmək üçün ən yaxşı təsir vasitəsi gücdür. Həmin döyüşlərdən sonra Ermənstan silahlı qüvvələrində çaxnaşma yarandı. Müdafiə naziri Seyran Ohanyan tutduğu vəzifədən azad edildi, işğalçı orduya rəhbərlik edən şəxslərin xeyli hissəsi işdən qovuldu. Bu hadisə işğalçı ordu və onun havadarları barəsində yaradılan mifi dağıtdı. Nəhayət, Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrini işğal altında saxlayan Ermənistanın əsl mahiyyəti üzə çıxdı. Bölgəni işğal altında saxlayan gücü və status-kvonun qalmasında maraqlı olan dövlətləri bir daha göstərdi. Eyni zamanda, aprel döyüşləri Azərbaycan xalqının erməni işğalı altında olan torpaqların hərbi yolla azad edilməsinə daha çox inandığını sübuta yetirdi.
Aprel hadisələri Azərbaycan xalqının həmrəyliyini nümayiş etdirdi. Siyasi mövqeyindən, sosial durumundan, maddi vəziyyətindən, əqidəsindən asılı olmayaraq hər bir kəs öz vətəndaşlıq mövqeyini göstərdi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri ada layiq görülüb, orden və medallarla təltif edilib.
Vətən qarşısındakı xidmətlərinə görə təltif edilənlər arasında “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenlərinə, “Vətən uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülənlər var.
Aprel döyüşləri Azərbaycan xalqının və Ordusunun tarixi ərazilərimiz olan Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi üçün hər cür fədakarlığa və hərbi qüdrətə hazır olduğunu düşmənlə yanaşı, bütün dünyaya sübut etdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunun Aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşdə deyib: “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir”.
Prezident İlham Əliyev bu sözləri ilə bir daha təsdiqləyir ki, Azərbaycan torpaqlarında ikinci qondarma erməni dövlətinin yaradılmasına heç vaxt icazə verilməyəcək. "Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi Azərbaycanın tərkibində həmişə olub, bu gün də onun tərkibindədir, gələcəkdə də olacaq".
Beləliklə, aprel döyüşləri Azərbaycana torpaqların hərbi yolla işğaldan azad etmək üçün "yaşıl işıq" da yandırdı, bunu reallaşdırmaq üçün Azərbaycanın hər cür imkanı olduğu nümayiş etdirildi. Eyni zamanda, Azərbaycan cəmiyyətinin də işğal faktının çox uzanmasından narahat olduğu üzə çıxdı. Ona görə də ilk növbədə münaqişənin dinc yolla həllinin tərəfdarı olub atəşkəs rejiminin pozulmamasından ötrü canfəşanlıq edən və təcavüzkar Ermənistana bir dəfə də olsun həddini bildirməyən beynəlxalq vasitəçiləri ittiham edirlər. Aprel döyüşləri sübut etdi ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayan Ermənistanı və havadarlarını Azərbaycan hərbi yolla cəzalandıra, işğalçı siyasətdən çəkindirə bilər. Hərbi əməliyyatlar bir daha təsdiqlədi ki, Azərbaycan işğal olunan torpaqlarını azad etmək gücündədir.

Cavid