Azərbaycan fotojurnalistikasının durumu Layihə

Azərbaycan fotojurnalistikasının durumu

Bu sahə niyə az inkişaf edib?

Mətbuatı fotojurnalistikasız təsəvvür etmək çətindir. Jurnalistlər ictimai-siyasi həyatda baş verənləri sözlə, fotojurnalistlər isə görüntülərlə çatdırır. Bəzən qəzetlər və saytlar hansısa xəbəri və ya reortajı mətnə uyğun olmayan şəkillərlə təqdim edirlər. Əksər hallarda isə müxtəlif mətnlər davamlı olaraq eyni şəkillərlə təqdim edilir ki, bu da oxucuları yorur. Bu da o deməkdir ki fotojurnalistika sahəsində problemlər var. Bundan başqa bu sahəyə maraq azdır.
Azərbaycan Fotoqraflar Birliyinin rəhbəri Mirnaib Həsənoğlu fhesab edir ki, fotojurnalistika hər zaman sevilmir, çünki daim problemlərlə məşğul olur: "Fotojurnalistika 2 yöndə inkişaf edir, ənənəni davam etdirənlər və yeni müstəqil fotojurnalistlər, dünya mətbuatına çıxanlar. Azərbaycanda fotojurnalist araşdırmaları ilə məşğul olanlar çoxdur, lakin yerli mətbuat onlarla maraqlanmadığı üçün heç yerdə göstərilmir, xarici mətbuata çıxır. Yaradıcılıq deyəndə isə, fotoqrafiyanın istiqaməti çox önəmlidir. Bu gün çoxları çəkir, amma heç birinin istiqaməti yoxdur. Böyük bir fotoqraf ordusu gözünə yaxşı görünəni çəkir, vəssalam".
Mirnaib Həsənoğlu həmçinin fotojurnalist peşəsinin problemlərindən də danışıb:
"Azərbaycanda adətən reportajlarda verilən fotoların çoxu ancaq portret xarakteri daşıyır. Hər hansı bir tədbirdən material hazırlanırsa, həmin tədbirdə çıxış edən şəxslərin ancaq portretləri və ya nə vaxtsa çəkilən şəkli yerləşdirirlir. Bunların hamısı bizim mediada var. Sırf fotojurnalistika baxımından fotoların düzgün verildiyi bir neçə qəzet və sayt var. Amma buna da tam olaraq fotojurnalist işi demək olmaz. Bizdə bu sahədə çox böyük problemlər var". Mirnasib Həsənovın sözlərinə görə, media orqanının mütləq fotoredaktor ştatı olmalıdır: "Fotoredaktor ayrıca bir peşədir. Sovet dönəmində agentliklərdə fotoredaktorlar olub, amma o dönəm dağılıb gedəndən sonra fotoredaktor deyilən anlayış bizim mətbuatdan itib. Bizim bir çox jurnallarımızda, qəzetlərimizdə hazırlananan şəkillərərə baxın. Onların heç birində fotojurnalist işi yoxdur. Yazan jurnalist və ya redaktor ağlına hansı şəkil gəlirsə, onu da götürüb mətnlərə verir. Bəzən şəkil seçimi ilə qəzetlərin dizaynerləri məşğul olurlar". Fototexnikanın bol olmasından danışan qurum sədri bu sahədə olan təhsildən çox narazıdır: "Azərbaycanda fotojurnalistika ilə bağlı təhsil yoxdur. Universitetlərin heç biri fotojurnalistika təhsili vermir. Problem ondadır ki, bizdə bu sahədə tədris vəsaiti deyilən şey yoxdur".
"Sumqayıtxəbər.com" xəbər portalının rəhbəri Eyvaz Qocayev bildirir ki, müasir dövrümüzdə insanların informasiyaya münasibəti xeyli dəyişib. Onun fikrincə, artıq insanlar daha çox vizual görüntülərə fikir verirlər: "İnsanlar kitabdan daha çox filmlərə baxırlar. Gündəlik sosial şəbəkələrdə paylaşımlara fikir versəniz görərsiniz ki, paylaşımlar arasında müxtəlif fotolar daha çox üstünlük təşkil edir. Bu baxımdan hesab edirəm ki, xəbər saytlarında və qəzetlərdə təqdim olunan şəkil çox önəmlidir. Əlbəttə ki, xəbərin mahiyyəti də burda önəmli rol oynayır. Xəbərlə foto bir birini tamamlamalı və təqdim edilən fotoşəkil informasiya haqqında ilkin fikir formalaşdırmalıdır". Eyvaz Qocayevin sözlərinə görə, yazılarda təkrar fotolardan istifadə etdikdə xəbər diqqəti daha az cəlb edir: "Xarici mətbuatda biz daha çox rast gəlirik ki, başlıqlar fotonun üzərində əks olunur. Fotoya xüsusi forma verilir və bir növ biz şəkilə baxanda artıq xəbər haqqında ilkin fikrimiz formalaşır. Xəbər portalları hətta bunun üçün xüsusi işçi də saxlayırlar". Baş redaktor deyir ki, yazıdan asılı olaraq fotoların sayı dəyişilə bilər: "Müşahidə edirik ki, mətnlər uzun olduqda əgər bir foto verilibsə, o yazılar daha çox yorucu olur və insanlar bu xəbəri qısa müddətdə yarımçıq qoyurlar. Lakin uzun yazılarda bir neçə foto olarsa, o zaman oxucunu daha çox cəlb edir. Qəzetlərdə, xəbər saytlarında və yaxud da sosial şəbəkələrdə bəzən şəkil paylaşarkən "şərhsiz", "no comment" sözünə rast gəlirik. Bunun özü fotonun nə qədər əhəmiyyətli olduğunu göstərir. Yəni foto özü də bir informasiya daşıyıcısıdır".
Yazıçı-jurnalist Əziz Rzazadə də yazılarda foto seçimin çox mühüm olduğunu düşünür: "Bəzən şəkil xəbərə əlavə informasiya qatır. Burda hər şey fotodakı davranış jestini tutmaqdan asılıdır. Bəzən isə bir foto bütün yazını əvəz edir və altından sadəcə "şərhsiz" yazırlar, bu bəs edir". Əziz Rzazadə şəkillər üzərində yerləşdirilən loqolara münasibətinin çox pis olduğunu deyir. Redaktor qeyd edir ki, agentlik loqosunu dünyanın heç bir yerində o cür vermirlər: "Loqolar adətən şəkildə uzaq bir küncdə yerləşdirilir. Həm də kölgəylə duyulur. Bizdəki kimi adamın gözünü deşmir. Halbuki "reuter" kimi foto agentliklər ümumiyyətlə, fotolarını satarkən öz loqosunu yerləşdirmir".
"Yeni Nəsil Jurnalistlər Birliyi"nin sədri Arif Əliyev hesab edir ki, fotolar istənilən uğurlu yazıdan təsir qüvvəsinə görə daha güclü faktor hesab olunur: "Şəkillər daşıdığı informasiyaya görə də effektli olur. Amma problem burdadır ki, bizdə fotojurnalistika kifayət qədər zəif inkişaf etmiş bir sahədir. Təəssüf ki, fotojurnalistlərimiz də o qədər çox deyil. Uğurlu fotoqrafların da əksəriyyəti peşələrini dəyişərək bir növ rəssamlığa meyl edirlər. Əgər fikir versəniz, rəsmlərin əksəriyyətində insanların yalnız baş hissəsinin verildiyini müşahidə edərik. Standartlaşdırılmış baş şəkli dizaynı oxucuların bezikməsinə gətirib çıxarır.
Bu sahədə xeyli müddətdir hazırlıq keçilsə də, müxtəlif kurslar fəaliyyət göstərsə də, hələlik istənilən müsbət nəticə alınmayıb". Aif Əliyevin sözlərinə görə, mətbu orqanların ilk olaraq istehsal etdikləri fotolar üzərinə loqolar qoymasının səbəbi var. Amma buna baxmayaraq, şəkilli loqolar əlavə problemlər deməkdir: "Foto agentliklər çəkdikləri şəkillər üzərinə ona görə öz loqolarını yerləşdirirlər ki, çox zaman digər xəbər portalları və qəzetlər həmin şəkillərdən istifadə edən zaman istinad etmirlər. Bu da şəkili çəkən tərəfi narazı salır. Əslində loqolu şəkillər media üçün əlavə problemlər yaradır. Faktiki olaraq o yazıları və fotoları təmizləmək üçün böyük əmək və vaxt sərf edilir. Yəni səbəbi olsa da, artıq və lazımsız işdir".
"Azərfoto" agentliyinin rəhbəri Ceyhun Abdulla da Azərbaycanda fotomüxbirliyin zəif inkişaf etdiyini deyib: "Fotomüxbirlik jurnalistikanın ayrılmaz hissəsidir, ona ciddi önəm verilməlidir. Azərbaycanın bir çox informasiya agentliyi fotomüxbir saxlamaq əvəzinə fotoaparatı yazan jurnalistə verir, informasiya üçün gərəkli fotoları jurnalist çəkir. Bu isə informasiya daşıyıcısı olan fotonun keyfiyyətinin aşağı düşməsinə gətirib çıxarır". Ceyhun Abdulla fotoların informasiya agentliyinin loqosu ilə doldurulmasını ciddi problem hesab edir: "Fotonun agentliyin loqosu ilə bəzədilməsi şəkilin keyfiyyətini aşağı salır. Dünya mətbuatında istinad problemi olmadığına görə xarici mediada bundan sui-istifadə etmirlər. Bizim mətbuatda isə vəziyyət xeyli fərqlidir. Ölkə mətbuatındakı istinad problemini aradan qaldırmaq üçün isə medianın maddi durumunun düzəlməsi əsas şərtdir". Ceyhun Abdulla həmçinin bu sahədə fəaliyyyət göstərənlərin hansısa hadisə zamanı – məsələn qəza zamanı yardımdan daha çox şəkil çəkməyə üstünlük verməsinin səbəblərindən də danışıb: "Bu məsələ çox mübahisəlidir. Bir çox beynəlxalq təlimçilər də dərsləri zamanı bu sualı verirlər. Mən də ciddi hadisələrdə olmuşam, yanımda əzilən də olub, insan cəsədləri içində də gəzmişəm, dəfələrlə təhlükələrlə üzləşmişəm. Bu anda əgər içimizdəki vicdan daha çox baş qaldırırsa və ya ulduz olub məşhurlaşmaq həvəsi daha çox irəli cıxırsa biz ona görə hərəkət edirik. Mənim üçün insan hər şeydən üstündür. Sənətimdən, işimdən və hər şeydən. Əgər imkanım çatacaqsa bir insanı xilas etməyi məşhur olmaqdan üstün tutaram. Bu sözün əsl mənasında belədir. Vacib deyil ki, insanın ən acılı anını məhz çəkəsən və yardımdan uzaq durasan. Əgər sən doğrudan da bu sənəti bilirsənsə bir insanın cəsədini çəkmədən də ətrafdakı görüntülərlə hadisənin böyüklüyünü və problemin ciddiliyini göstərə bilərsən. Bunu təsdiq edən çox sayda dünyaca məşhur fotolar da var. Seçim hər kəsin öz əlindədir.
Bizim fotoqrafiyaya gəldikdə isə daha çox başqa problemlərlə üzləşirik. Ən birinci çatışmamazlıq fotoqrafiya aləmində hələ də sənət dostlarının və bu sənəti sevənlərin birliyinin olmamasıdır. Vacid deyil ki, bunun üçün rəsmi bir qurum olsun. Önəmli olan sənətsevərlərin ortaq bir dilinin, görüşlərinin, aurasının olmasıdır. Doğrusu hələ ki, Azərbaycan fotoqrafiya dünyasında bugünə qədər bir qlobal baxış, bir ciddi birlik görməmişəm. Biz sənət adamıyıqsa bizim fikir mübadiləsinə ehtiyacımız hər zaman var. Bəlkə də irəlidə bu dediklərim ta əksinə müsbətə doğru dəyişəcək. Problemimizdən biri də fotoqrafiyamızdakı janr xaosudur. Demək olar ki, bizdə hər çəkəbilən hər yerdə çəkə bildiyini və hər şeyi bildiyini sayır. Amma doğrusu sahələr üzrə inkişaf etmək zamanıdır. Həvəskar fotoqraflar, toy fotoqrafları, idman fotoqrafları və s. İnsan çox istəyir ki, sahələr üzrə mütəxəssislər tapsın və peşəkar iş gördürsün. Lakin kommersiya maraqları insanları sevdiyi sahədə deyil, daha çox haradan pul gəlirsə orada olmağa vadar edir. Bunun da məlum səbəbləri göz önündədir və qarşıdaki illər bu dediyim sahələr üzrə inkişaf qaçınılmaz olacaq. Mən fotoya ilk həvəskarlıqdan daha sonra fotojurnalistikadan gəlmişəm. Lakin bu gün həm də industrial, reklam, moda və idaman fotoqrafiyası ilə məşğulam. Bu mənim üçün çox maraqlı sahələrdir. Onu da qeyd edim ki, bu sənətdə olanların yaşı ötdükcə də fotojanrlar üzrə maraqlar da dəyişə bilir".

Əli