300 siyasi fəal Ruhaniyə tələb qoydu Güney Azərbaycan

300 siyasi fəal Ruhaniyə tələb qoydu

İranda və xarici ölkələrdə yaşayan 300-ə yaxın ictimai-siyasi fəal prezident Həsən Ruhaniyə birgə açıq məktub yazaraq 3 aya yaxındır Tehranın Evin zindanında saxlanan gənc azarkeş Qönçə Qəvaminin azadlığa buraxılmasını tələb edib.
"Media forum" saytının məlumatına görə, məktubda deyilir: "Qadınların stadionlara və idman zallarına buraxılmasının tərəfdarı olan Qönçə Qəvami həmin tələbi üstündə 3 aya yaxındır Tehranın Evin zindanında saxlanır. O, 41 gün təkadamlıq kamerada yatıb. Qönçə Qəvami prezident seçkisində sizə dəstək verib. Böyük Britaniyada hüquq təhsili alan Qönçə Qəvami sizin xaricdə yaşayan iranlıları vətənə qayıtmağa təşviqinizdən, dəvətinizdən sonra ölkəyə qayıdıb.
Qönçə 50 günə yaxın valideynləri və digər ailə üzvləri ilə görüşməkdən məhrum edilib. Xəstə olmasına baxmayaraq ona dava-dərman çatdırılmır, ona təzyiq göstərirlər ki, voleybol azarkeşləri kampaniyasını təşkilatlandırmaq yolu ilə sistemə qarşı təbliğat apardığı ittihamını boynuna alsın. Ona hətta vəkili ilə də görüş verilmir. Biz Qönçə Qəvaminin saxlandığı şəraitdən, ölkədə qanuna riayət edilməməyindən və vətəndaş hüquqlarının pozulmasından narahat olduğumuzu bildirərək onun azadlığa buraxılmasını tələb edirik".
Qönçə Qəvami bu il iyunun 20-də Tehranın "Azadlıq" idman kompleksi qarşısında 50 qadınla birlikdə tutulub. Qadınlar İran və İtaliya voleybol komandaları arasında keçirilən oyunu izləmək üçün idman kompleksinə gediblər, amma onlara yarış zalına girməyə icazə verilməyib. Qadağaya etiraz bildirən qadınların hamısı tutulub. Qönçə Qəvami tutulub dindirildikdən bir neçə saat sonra azadlığa buraxılsa da, iyunun 29-da yenidən tutulub və həmin vaxtdan Tehranın Evin zindanında təkadamlıq kamerada saxlanılır.
İranda qadınların futbol, güləş, voleybol və digər idman yarışlarını yaxından izləmək üçün stadionlara və digər idman komplekslərinə daxil olması qadağandır.