Gürcüstan DTX Ukraynadan sübutlar tələb edir Dünya

Gürcüstan DTX Ukraynadan sübutlar tələb edir

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Ukraynanın Baş Kəşfiyyat İdarəsinin yaydığı məlumata dair sübutları dərhal təqdim etməyə çağırıb.

Gürcüstan mətbuatı xəbər verir ki, bu barədə DTX-dən bildirilib.

Qeyd olunub ki, Ukrayna hərbi kəşfiyyatının məlumatlarına əsasən, Gürcüstanın xüsusi xidmət orqanlarının ölkə ərazisindən qaçaqmalçılıq yolu ilə malların keçirilməsini təşkil etmək üçün Rusiyanın müvafiq xidmətləri ilə məxfi əlaqələri var.

“Bu hərəkət Gürcüstan qanunlarına görə xüsusilə ağır cinayətdir. Biz Ukrayna tərəfini qanuni tədbirlər üçün bizə bu məlumatın sübutlarını təqdim etməyə çağırırıq. Gürcüstan hökuməti bu cür cinayətlə bağlı istənilən mümkün halda heç bir güzəştə yol verməyəcək. Onu da qeyd etmək istərdik ki, dünən Dövlət Təhlükəsizlik Xidməti məlumat mübadiləsi məqsədilə Ukraynanın Gürcüstandakı səfirliyinin nümayəndəsi ilə görüşüb. İclasda Dövlət Təhlükəsizliyi Xidməti bu məlumatın yayılmasının əsasları ilə maraqlanıb və məsələ ilə bağlı ətraflı məlumatın paylaşılmasını xahiş edib. Ukrayna tərəfinə xatırlatmaq istərdik ki, bu cür məlumatların mübadiləsi bir sıra dövlətlərarası müqavilələrdə nəzərdə tutulub. Əks halda, bəyanat əvvəlcədən düşünülmüş dezinformasiya, Gürcüstanda daxili iğtişaşlar törətməyə yönəlmiş son dərəcə qeyri-dost və təxribat xarakterli addım hesab olunacaq, bu, bilərəkdən və ya istəməyərəkdən yalnız Gürcüstana düşmən olan qüvvələrin maraqlarına xidmət edəcək”, - məlumatda deyilir.

Məlumat üçün bildirək ki, ötən gün Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindən bildirilib ki, Rusiya sanskiyaya məruz qalan məhsulların qaçaqmalçılığı üçün Gürcüstan ərazisi vasitəsilə kanallar yaradır. Gürcüstanın xüsusi xidmət orqanlarına qaçaqmalçılara mane olmamaqla bağlı tapşırığın verildiyi vurğulanıb.
Cavid