“Ərdoğan bizim adamlarımızı sıradan çıxarır...” Dünya

“Ərdoğan bizim adamlarımızı sıradan çıxarır...”

Pentaqon və Mərkəzi Kəçfiyyat İdarəsi FETÖ-çuların həbsindən narahatdır

Türkiyədə iyulun 15-də baş vermis hərbi çevriliş cəhdindən sonra silahlı qüvvələrdə və bütövükdə təhlükəsizlik aparatında aparılan kütləvi həbslər Pentaqonda və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində narahatlıq doğurur.
Virtualaz.org xəbər verir ki, ABŞ-ın Mərkəz Komandanı (CENTCOM) , general Jozef Votel Koloradoda keçirilən toplantıdakı çıxışı zamanı Türkiyədəki uğursuz çevriliş cəhdi və hökumətin buna reaksiyasının Pentaqonun bölgədəki əməliyyatlarına zərər verəcəyini deyib.
General Votel bildirib ki, çevriliş cəhdinin ardınca ABŞ ordusunun Türkiyə ordusundakı bir çox yaxın müttəfiqləri həbsə atılıb: "Bir çox türk lider, xüsusən də hərbi liderlərlə sıx münasibətlərimiz var. Bu münasibətlərin baş verənlərdən necə təsirlənəcəyi ilə bağlı narahatlıqlarımız var".
Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Ceyms Klepper də eyni narahatlığı dilə gətirib. O, deyib ki, ABŞ-ın antiterror əməliyyatlarının əsas iştirakçıları olan türkiyəli zabitlər ya həbs olunub, ya xidmətdən kənarlaşdırılıb: "Bir çox tərəfdaşımız həbs olunub və ya ordudan xaric edilib. Şübhəsiz ki, bu ABŞ-ın Orta Şərq strategiyasını daha da mürəkkəbləşdirəcək. Uğursuz çevriliş cəhd Türkiyənin milli təhlükəsizlik aparatına bütövlükdə zərbə vurub".
"Bloomberg" Vaşinqtonun Türkiyə ordusundakı həbslərlə bağlı narahatlığına toxunaraq yazır ki, son 18 ayda Ərdoğan Suriyaya Türkiyə ərazisindən keçən əcnəbi döyüşçülərin əngəllənməsində ABŞ-la əməkdaşlıq edib. Amma çevriliş cəhdindən sonra gərginlik yaranıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə Cozef Votelin bəyanatını şərh edərkən deyib ki, ABŞ hərbi çevrilişə cəhddə əlaqəsi olan Fətullah Güləni dəstəkləmək əvəzinə, demokratiyanı müdafiə etdiyinə görə Türkiyəyə minnətdar olmalıdır.
Onun sözlərinə görə, xalq Gülən hərəkatının Türkiyə dövlətçiliyinə qarşı yönəlmiş fitnələrini unutmayacaq.