12:43
924
NATO-nun rolunun sual altına düşdüyü bir şəraitdə, Avropadakı bəzi rəsmi şəxslər ABŞ-ın iştirakı olmadan yeni bir alyans üçün “istəkli ölkələr koalisiyası”nı əsas kimi görürlər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Avropanın "Politico" nəşri yazır.
Nəşrin qeyd etdiyinə görə, yüksəkvəzifəli Avropa rəsmiləri hesab edirlər ki, Tramp artıq Avropa üçün nə etibarlı ticarət tərəfdaşıdır, nə də “ümumiyyətlə təhlükəsizlik sahəsində etibarlı müttəfiq”.
“ABŞ siyasətində dəyişiklik baş verir və bu, böyük ölçüdə daimi xarakter daşıyır. Gözləmək çıxış yolu deyil. Yeni reallığa uyğun olaraq nizamlı və koordinasiyalı addımlar atılmalıdır”, — deyə Avropa hökumətlərindən birinin yüksəkvəzifəli nümayəndəsi bildirib.
Politico yazır ki, Avropa ABŞ-ın köməyi olmadan da özünü qorumağa cəhd göstərə bilər. Bu səbəbdən Ukraynaya yardım məqsədilə yaradılmış “istəkli ölkələr koalisiyası” əsasında yeni bir alyans formalaşa bilər.
“‘İstəkli ölkələr koalisiyası formatı, ABŞ-ın artıq NATO-nu və Avropanın təhlükəsizliyini əvvəlki kimi dəstəkləmədiyi bir dövrdə, təhlükəsizlik sahəsində yeni alyansın əsası ola bilər. Yeni razılaşma ABŞ-la əməkdaşlığı istisna etmir, lakin onu avtomatik qəbul edilən bir hal kimi də nəzərdə tutmur”, — deyə nəşr vurğulayır.
Məqalədə həmçinin bildirilir ki, “koalisiyanın potensial hərbi gücü olduqca böyük görünür” və alyans “həm nüvə, həm də qeyri-nüvə dövlətlərini” əhatə edəcək. Politico-nun fikrincə, bu alyansa Ukrayna, Fransa, Almaniya, Polşa və Böyük Britaniya daxil ola bilər.
Nəşrin məlumatına görə, Avropada yeni “təhlükəsizlik arxitekturası”nın müzakirəsinin “mümkün qədər tez” başlanmalı olduğu ilə bağlı “geniş razılıq” mövcuddur.
Məqalədə həmçinin qeyd olunur ki, Avropa liderləri Trampın addımlarını aktiv şəkildə qrup çatında müzakirə edirlər.
Məryəm Quliyeva