Trampın keçmiş dostu da xüsusi prokurorla əməkdaşlığa razılaşıb Dünya

Trampın keçmiş dostu da xüsusi prokurorla əməkdaşlığa razılaşıb

"The Guardian" yazır ki, Ağ Evin keçmiş strateqi Steve Bannon Tramp komandasının Rusiya ilə mümkün sövdələşməsini araşdıran xüsusi prokuror Robert Mullerin müstəntiqləri ilə görüşməyə razılıq verib. Bu barədə məlumatın etibarlı mənbədən alındığı qeyd olunur. Məqalədə deyilir ki, beləliklə də, Banon böyük jüri qarşısında ifadə vermək əvəzinə, müstəntiqlər tərəfindən dindiriləcək. Bu da xəbər verilir ki, məlumatı çatdıran şəxsin mətbuata danışmaq icazəsi olmadığından adı anonim saxlanılır. Həmin mənbənin məlumatına görə, Bannon xüsusi prokurorun təhqiqatı ilə əməkdaşlığa razılıq verib. Bununla belə onun nə vaxt dindiriləcəyi məlum deyil.
"Associated Press" bildirir ki, Muller Bannona dindirməyə gəlməsi üçün rəsmi çağırış göndərib. Breitbart News saytının keçmiş redaktoru Bannon çərşənbə axşamı Nümayəndələr Palatasının kəşfiyyat komitəsi qarşısına gətirilsə də, Trampın keçid komandasında və Ağ Evdə olduğu vaxt barədə suallara cavab verməkdən imtina edib. Ağ Evin sözçüsü Sara Sanders müxbirləri inandırmağa çalışıb ki, burada heç bir qeyri-adilik yoxdur və prokuror dindirməsində adətən Ağ Evin vəkili də iştirak edir.
Bu da xəbər veruilir ki, Bannon Konqres komitəsi qarşısında suallara cavab verərkən, onun vəkili Bill Burk aramsız olaraq Ağ Evə zəng edib, hansı suala cavab verilməli olub-olmadığını soruşurmuş. Ağ Evdən Bannona tapşırılıb ki, özünün keçid komandasındakı və administrasiyadakı fəaliyyəti barədə suallara cavab verməsin. Burkun bu göstərişləri Ağ Evdə konkret olaraq kimdən aldığı da bilinmir. "The Guardian" yazır ki, bu, böyük bir ehtimalla Trampı xüsusi prokurorun təhqiqatında təmsil edən vəkil Don Mcqan ola bilərdi.
Trampın keçmiş kampaniya meneceri Korey Levandovski və Ağ Evin vəzifəli müşaviri Rick Dearborn kəşfiyyat komitəsinin qarşısında ötən çərşənbə günü ifadə veriblər.