Vaşinqton qaynayır: Trampın taleyi həll oluna bilər Dünya

Vaşinqton qaynayır: Trampın taleyi həll oluna bilər

Tələbə vizası ilə bir müddətdir ABŞ-da olan xanım Butinanın indi həbs olunması ABŞ dövlət aparatının Trampın Rusiya ilə yaxınlaşma siyasətini qəbul etmədiyinə və bunu baltalamağa çalışdığına dair növbəti nümunə sayıla bilər. Bu sözləri Vaşinqtonda Rusiyaya casusluq ittihamı ilə Mariya Butina adlı Rusiya vətəndaşının həbs olunmasına münasibət bildirən politoloq Şahin Cəfərli deyib. O bildirib ki, liderlərin görüşündən öncə də Rusiya hərbi kəşfiyyatının 12 zabitinə qarşı rəsmi ittiham irəli sürülmüşdü: "Görüşün ABŞ-dakı əks-sədasına gəldikdə isə, hazırda Vaşinqton qaynayır. Trampa qarşı sərt tənqidlər və ittihamlar var. Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq şefi Brennan isə Trampı vətənə xəyanətdə ittiham edib. Ümumilikdə demokratlar Helsinki görüşünü "Treason summit" (Xəyanət sammiti) kimi dəyərləndirirlər".
Politoloq vurğulayıb ki, qəzəb və hiddətin səbəbi Trampın Rusiyanın ABŞ seçkilərinə müdaxilə etmədiyi barədə Putinin təkzibi ilə razılaşmasıdır: "O bu görüşü keçirməklə, öz dövlətinin müvafiq strukturlarının yekdil rəyinə və ortaya qoyduğu sübutlara etimad etmədiyini göstərib. O, Rusiya ilə münasibətlərin pisləşməsinə görə də ABŞ-ı günahlandırıb, Ukrayna məsələsini qaldırmayıb və ümumilikdə Putinin yanında aciz bir görüntü sərgiləyib. Artıq demokratların Senatdakı lideri Şumer qanunvericiləri Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə çağırıb. Şübhə yoxdur ki, noyabrda Konqresə keçiriləcək ara seçkilər öncəsi ABŞ-da daxili siyasi mübarizə daha da kəskinləşəcək. Bu seçkilərdə demokratların qələbəsi Trampın taleyini həll edə bilər".
Qeyd edək ki, Tramp-Putin görüşündən dərhal sonra Mariya Butina adlı Rusiya vətəndaşının Vaşinqtonda Rusiyaya casusluq ittihamı ilə həbs olunduğu açıqlanıb.