“Müqəddəs” üçlük... Hadisə

“Müqəddəs” üçlük...

Elçin Mirzəbəyli

Araz ata, Naqıf oğul və "müqəddəs ruh" Tahirin adı ilə...
Parlament fəaliyyətə başlayar-başlamaz, ötən 5 il ərzində sükuta büründükləri üçün tənqidə məruz qoyduğumuz köhnələrə görə Tanrıya şükr etməyə başladıq.
Və başlandı:
...93-cü ildə ekstaza gəlib özünə əl qatan Tahir Kərimli utanıb qızarmadan ekstrimist yuvasına çevrilmiş Nardaranı "islam dininin paytaxtı" adlandırdı.
...Araz Əlizadə də həmçinin abrına qısılıb susmaq əvəzinə milli dövlətçiliyimizin 3 təməl ideoloji sütunlarından birini hədəf seçməklə, Azərbaycan xalqının söy-kökünü, tarixini şübhə altına aldı...
...Nahəyət, Naqif Həmzəyev adlı birisi mənsub olduğu siyasi düşərgəyə xas olmayan bir tərzdə Cümhuriyyətimizin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin unvanına öz mənəviyyatına və əxlaqına uyğun ifadələr işlətməklə olayın nöqtəsini qoydu...
Sonuncu Rəsulzadə haqqında dediklərini inkar etsə də, faktlar və şahidlərin dedikləri bunun əksini sübut edir...
Bu, şübhəsiz ki, hələ başlanğıcdır. Hələ üzlərini görmədiklərimiz, səslərini eşitmədiklərimiz var. Danışacaqlar... və nəinki onlara etimad göstərənləri, hətta "etimad" sözünün özünü belə mövcudluğuna peşman edəcəklər. Bəlkə də etməyəcəklər... Bəlkə də etdikləri peşmançılıq üçün əsas olmayacaq, yaxud... Falçılıq etmək niyyətində deyiləm. Hər şeyin zamana ehtiyacı var. Zamanın isə obyektiv dəyərləndirməyə...
Hələliksə, danışan və söz qəfəslərindəki ikiqanadlı, ikiayaqlı məxluqları havaya buraxan 3 nəfərdir. Yəni üçcə nəfər... "Müqəddəs" üçlük...
Arazın kimliyi, hansı səmtdən əsən küləklərlə qol-boyun olduğu onsuz da hər kəsə bəlli idi... Tahirin də həmçinin... Bitmiş, tükənmiş, Azərbaycan siyasətinin unutmağa və unutdurmağa çalışdığımız bəlli bir mərhələsindən bu yana adlamağı bacarmayan, 90-cı illərin "qırmızı" ritorikası ilə birlikdə tarixin arxivinə gömülmüş, təfəkkürləri Moskvanın "xırdavat", yaxud İranın "baqqal dükanları"ndan alınmış naftalin qoxusu verən bu adamların yenidən gündəmə gətirilməsinə nə ehtiyac vardı görəsən?...
Bilmirəm... Bir az dərinə getsəm, hər şeyi çox yaxşı bildiyim ortaya çıxacaq. Amma bilmək istəmirəm...
...Daha öncə də yazmışdım, tarixi, yaxud tarixi şəxsiyyətləri konkret zaman kəsiyində, kimlərinsə arzi və istəklərinə, düşüncələrinin forma və məzmununa görə dəyərləndirmək olmaz. Rəsulzadə Azərbaycan tarixinin ayrılmaz bir parçasıdı. İndi hansısa avantürist siyasətçi, yaxud siyasətə meyl edənlər qrupu bu və ya digər tarixi şəxsiyyətin kölgəsində daldalanmaqla mövcudluğunu qoruyub saxlamaq istəyirsə, onun mirasından sui-istifadə etmək məqsədi güdürsə, bu həmin tarixi şəxsiyyətə qarşı savaş açmaq üçün əsas vermir. Rəsulzadə İsa Qəmbərlə Arif Hacılının şəxsi mülkiyyəti deyil!
Azərbaycan Prezidentinin Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı imzaladığı sərəncam, Cümhuriyyətimizin tarixinin araşdırılması istiqamətində görülən işlər dövlətimizin tariximizə və tarixi şəxsiyyətlərimizə olan sayğılı münasibətini bütün cizgiləri ilə ortaya qoyur.
İndi kimlərsə tariximizə və tarixi şəxsiyyətlərimizə daş atmaqla karyeralarında mühüm irəliləyişlərə nail olacaqlarını düşünürlərsə, yanılırlar. Yəni, Naqif olmur, kim olur olsun...
"Na Fiq", yəni kimsənin umrunda belə deyil...