Türk nümayəndə heyəti Azərbaycana gəlib Hadisə

Türk nümayəndə heyəti Azərbaycana gəlib


Millət vəkili Qənirə Paşayevanın dəvətilə Kırşehir bələdiyyə sədrinin müavini Əmrə Şahincinin rəhbərlik etdiyi 22 nəfər bələdiyyə məclisi üzvündən ibarət heyət "Kırşehirden Qarabağa könül körpüsü" layihəsi çərçivəsində ölkəmizə səfər ediblər.
Azərbaycana ilk dəfə səfər edən qonaqlar ölkəmizin müxtəlif bölgələri ilə yaxından tanış olmağa başlayıblar və bu çərçivədə Tovuz rayonuna səfər ediblər.
Onlar Tovuzda əvvəlcə Şəhidlər Xiyabanını ziyarət ediblər. Tovuz rayon icra başçısı Tofiq Zeynalov və millət vəkili Qənirə Paşayeva qonaqlara Ermənistanla ön cəbhədə yerləşən Tovuz rayonunun tarixi, bu günü ilə bağlı ətraflı məlumatlar veriblər və onların suallarını cavablandırıblar.
Sonra qonaqlar Tovuz qalasını ziyarət ediblər, Azərbaycanın son 200 ildə tarixini özündə əks etdirən xəritələrlə tanış olublar. Qonaqlara Qafqazın ən qədim şəhər-yaşayış məskəni hesab olunan, 8 minillik tarixə malik Göytəpə abidəsi ilə bağlı geniş məlumat verilib.
Türkiyəli qonaqlar Tovuzun Ağdam kəndində böyüyüb başa çatmış və şəhid olmuş Milli Qəhrəman Naiq Yusifovun ailəsini ziyarət edib, valideynləri ilə görüşüblər.
Qənirə Paşayevanın sözlərinə görə, Türkiyədən olan nümayəndə heyətlərinin Azərbaycana gələrək cəbhəyanı kəndlərimizdəki durumla yaxından tanış olması Ermənistan-Azərbaycan münaqişəsi, Qarabağ həqiqətlərinin beynəlxalq aləmə daha obyektiv çatdırılmasında mühüm rol oynayır. Millət vəkili qardaş ölkənin nümayəndələrinin burada gördüklərini vətənlərinə qayıtdıqdan sonra daha geniş və ətraflı şəkildə işıqlandıracaqlarına, Türkiyə ictimaiyyətini daha müfəssəl şəkildə məlumatlandıracaqlarına ümidvar olduğunu bildirib.