“Fövqəladə hallarda özünü necə aparmalı?” Hadisə

“Fövqəladə hallarda özünü necə aparmalı?”

FHN-nin Bakı Regional Mərkəzi maarifləndirmə tədbiri keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi tərəfindən Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda "Fövqəladə hallarda özünü necə aparmalı" mövzusunda maarifləndirmə tədbiri keçirilib.
APA-nın məlumatına görə, tədbirdə FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti, Dövlət Yanğın Nəzarəti Xidməti, Dövlət Yanğından Mühafizə Xidməti, Dövlət Sularda Xilasetmə Xidməti, FHN Tibb Xidməti, Mülki Müdafiə Qoşunları, Bakı Təxirəsalınmaz tibbi yardım stansiyasının əməkdaşları iştirak ediblər.
İnstitutun həkim personalının iştirak etdiyi nəzəri hissə çərçivəsində Bakı Regional Mərkəzinin əməkdaşları tərəfindən tədbir iştirakçılarına fövqəladə hallar, onların təsnifatı, xüsusiyyətləri, fövqəladə hal baş verdikdə insanların davranışı, məişətdə qaz cihazlarından istifadə, terror zamanı təhlükəsizliyin təmin edilməsi ilə bağlı məlumat veriblər.
Tədbirdə çıxış edən FHN Bakı Regional Mərkəzinin operativ məlumat şöbəsinin rəisi Vaqif Teymurov isə çıxışında fövqəladə hallar, onun təsnifatı, fövqəladə hal baş verdikdə insanların davranışı və təhlükəsizliyin təmin edilməsi ilə bağlı ətraflı məlumat verib. O bildirib ki, əgər xəstəxanada fövqəladə hal baş verərsə, həkimlər öz həyatlarını qurtarmağa çalışmaqla yanaşı, həm də müalicə etdikləri xəstələri xilas etməlidirlər.
Tədbirdə Fövqəladə Hallar Nazirliyinin fəaliyyətindən bəhs edən, eləcə də dünya ölkələrində baş verən bədbəxt hadisələr zamanı insanların üzləşdiyi problemləri əks etdirən video-çarx nümayiş olunub.
Praktik hissədə isə əvvəlcədən müəyyən edilmiş təlim nöqtələri üzrə Fövqəladə Hallar Nazirliyinin qurumlarının fövqəladə hadisələr zamanı istifadə olunan xüsusi xilasetmə alət və avadanlıqları, eləcə də xəstəxananın həyətində simulyasiya edilmiş partlayıcı qurğunun aşkar edilməsi və nümayiş olunub.