QAT BMT-ni girovlar məsələsinə müdaxilə etməyə çağırdı Hadisə

QAT BMT-ni girovlar məsələsinə müdaxilə etməyə çağırdı

Qarabağ Azadlıq Təşkilatının bir qrup üzvü ermənilərin girov götürdüyü, hazırda Xankəndidə mühakimə olunan azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyi ilə bağlı aksiya keçirib. "Media forum" saytının məlumatına görə, aksiya iştirakçıları BMT-nin Bakıdakı nümayəndəliyi qarşısında toplaşaraq girovların taleyinə müdaxilə olunmasını tələb ediblər.
QAT sədri Akif Nağı BMT nümayəndəliyinin şöbə müdiri Sübhan Əhmədovla görüşüb, aksiyanın qətnaməsini təqdim edib. Qətnamədə qeyd olunur ki, BMT baş katibi, Təhlükəsizlik Şurası dərhal bu məsələ ilə bağlı qərar qəbul etməli, oyuncaq məhkəmə prosesinə son qoyulması, Dilqəm Əsgərov və Şahbaz Quliyevin dərhal azad edilməsi üçün qətiyyətli tədbirlər görməlidirlər.
Oktyabrın 27-də işğalçı Dağlıq Qarabağ rejimi Kəlbəcərdə ermənilərin əlinə keçmiş azərbaycanlılar Şahbaz Quliyev və Dilqəm Əsgərovu mühakimə etməyə başlayıb.
İşğalçı rejim bu iki azərbaycanlını iyul ayında girov götürüb. Daha bir azərbaycanlı – Həsən Həsənov öldürülüb. İddia olunur ki, Həsən Həsənov iyulun 11-i Kəlbəcərdə bir ermənini öldürüb, birini yaralayıb və özü də həlak olub.
İşğalçılar iddia edir ki, hər üç şəxs Kəlbəcərə iyunun 29-da Azərbaycan kəşfiyyatının tapşırığı ilə keçib. Dilqəm Əsgərov və Şahbaz Quliyevə 17 yaşlı ermənini öldürmək ittihamı irəli sürülüb. Həsən Həsənovun nəşi qarşı tərəfdən oktyabrın 2-də alınıb, oktyabrın 4-ü Bakıda dəfn edilib.