“Devalvasiya barədə xəbərlər əsasızdır“ İqtisadiyyat

“Devalvasiya barədə xəbərlər əsasızdır“

Daha çevik tənzimləmə rejiminin tətbiqi məqsədilə Azərbaycan Mərkəzi Bankının (AMB) bir sıra normativ xarakterli aktlarına dəyişikliklər edilib.
AMB-dən verilən məlumata görə, "Bank kapitalının və onun adekvatlığının hesablanması" və "Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması" qaydalarına edilmiş dəyişikliklər bankların topladığı əhəmiyyətli maliyyə ehtiyatlarını daha səmərəli və çevik istifadə etməsinə imkan verəcək.
Bundan başqa, Mərkəzi Bank tərəfindən "Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması" Qaydaları yeni redaksiyada qəbul edilib. Qaydaların tələblərinə görə mübadilə şöbəsində bir müştəriyə 500 ABŞ dollarına ekvivalent məbləğdən artıq mübadilə əməliyyatı şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılmalıdır. Bu tələb əvvəllər də mövcud idi və yeni tələb yalnız limitin 5000 ABŞ dollarından 500 ABŞ dollarınadək endirilməsi ilə əlaqədardır. Bu tələblə aparılan valyuta əməliyyatlarının həcmi məhdudlaşdırılmır.
AMB bildirir ki, banklar tərəfindən bütün kreditorlar, o cümlədən əhali qarşısında öhdəlikləri müqavilə şərtlərinə uyğun olaraq və hər hansı məhdudiyyət olmadan icra olunur. Mərkəzi Bank situasiyaya uyğun olaraq prudensial tənzimləmə çərçivəyə, eləcə də normativ xarakterli aktlara dəyişikliklər etməyə davam edəcək. Bütün dəyişikliklər barədə ictimaiyyət ətraflı məlumatlandırılacaq.
Bununla yanaşı, bank sektorunda maliyyə sabitliyinin gücləndirilməsi, o cümlədən əhalinin əmanətlərinin sığortalanması sisteminin təkmilləşdirilməsi məqsədilə daha geniş və kompleks tədbirlər üzərində iş aparılır. Qəbul ediləcək qərarlar barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.
Mərkəzi Bank, eyni zamanda manatın ABŞ dollarına qarşı məzənnəsinin növbəti dəfə devalvasiyası ilə bağlı yayılmış şayiələrlə əlaqədar bildirir ki, bu şayiələrin heç bir əsası yoxdur. Belə ki, manatın məzənnəsi bəyan olunmuş yeni məzənnə siyasəti rejiminə uyğun olaraq valyuta bazarında tələb və təklif əsasında formalaşır. Mərkəzi Bank valyuta bazarında hərraclar vasitəsilə valyuta satışı ilə iştirak edir.