Hərracda 17 dövlət əmlakı özəlləşdirilib İqtisadiyyat

Hərracda 17 dövlət əmlakı özəlləşdirilib

Avqustun 15-də Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən növbəti hərrac keçirilib. Komitədən bildiriblər ki, hərracda 17 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 6-sı kiçik dövlət müəssisəsi, 11-i istifadəsiz qeyri-yaşayış sahəsidir. Bakı şəhəri üzrə 4 kiçik dövlət müəssisəsi, 10 istifadəsiz qeyri yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 2 kiçik dövlət müəssisəsi və bir qeyri-yaşayış sahəsi sahibini tapıb. Paytaxt üzrə özəlləşdirilən kiçik dövlət müəssisələrindən 3-ü Qaradağ rayonunda digəri isə Səbail rayonunda yerləşir. Özəlləşdirilən əmlaklar pambıqçılıq, quşçuluq, tikinti, xidmət, nəqliyyat və müxtəlif iqtisadi sahələrə aid olur.
Regionlarda da hərraclar baş tutub. Hərracların gedişatı böyük monitorlar vasitəsilə canlı izlənilib. Regionlarda keçirilmiş hərraclarda 2 kiçik dövlət müəssisəsi özəlləşdirilib. Bunlar müvafiq olaraq Gəncə şəhərində və İsmayıllı rayonunda yerləşir. Budəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak İsmayıllı rayonunda yerləşən "Toxucu sexi" olub. Həmin əmlakın torpaq sahəsi 11 min 145 kvadratmetr, ümumi faydalı sahəsi isə 3 min kvadratmetrə yaxındır. Özəlləşdirilən 11 istifadəsiz qeyri-yaşayış sahəsindən 3-ü Nəsimidə, hər birində 2 ədəd olmaqla Binəqədi, Yasamal rayonlarında, qalanları isə müvafiq olaraq Nərimanov, Nizami, Suraxanı rayonlarında, bölgə üzrə isə Göygöl rayonunda yerləşir.
Hərrac vasitəsilə özəlləşdirməyə açıq edilən dövlət əmlakına investisiya cəlb olunur, onların fəaliyyəti bərpa edilir. Digər tərəfdən hərraclar, vətəndaşlar üçün öz büdcələrinə uyğun kiçik obyektləri özəlləşdirməklə biznesini qurmaq imkanı yaradır. Məsələn, paytaxtın Qaradağ rayonunda yerləşən 12 saylı yeməkxananın özəlləşdirilməsi gələcəkdə sahibi üçün yaxşı gəlir gətirə bilər. Eyni zamanda, Səbail rayonunda yerləşən 66 saylı mağazanı da bu kateqoriyaya aid etmək olar. Həmin əmlakların ümumi faydalı sahəsi müvafiq olaraq 75 kvadratmetr və 175 kvadratmetr təşkil edir. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən hərraclar əmlak sahibi olmaq istəyən hər bir vətəndaş üçün böyük imkandır. Belə hərraclara qatılaraq istənilən vətəndaş əmlak sahibi ola bilər. Komitə tərəfindən növbəti belə hərrac avqustun 22-də keçiriləcək.