Özəlləşdirilmək üçün hərraca 96 əmlak çıxarılıb İqtisadiyyat

Özəlləşdirilmək üçün hərraca 96 əmlak çıxarılıb

Elektron sifarişlərin mümkün olduğu yeni hərraca ümumilikdə 96 əmlak çıxarılıb. Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) bildirilib ki, komitə tərəfindən 2018-ci il yanvarın 23-də dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Qeyd edək ki, dövlət əmlakının özəlləşdirilməsi sahəsində elektron hərracın tətbiqi, əmlaklara onlayn olaraq sifariş verilməsinin mümkünlüyü investorların hərraclara marağını daha da artırıb. Vətəndaşlar hərraclara evindən internet vasitəsilə onlayn şəkildə qatıla bilər. Elektron hərracda iştirak etmək istəyən şəxs "e-emdk.gov" və ya "e-gov.az"a daxil olaraq müvafiq bölməni seçir. Ümumilikdə isə hərracda qeydiyyatdan keçmək, sifariş vermək elektron qaydada həyata keçirilir. Hərraclar keçirildiyi vaxt istənilən şəxs onlayn olaraq https://e-emdk.gov.az/eHerrac/Home/Presentation linkinə keçid etməklə hərracı canlı izləyə bilər.
Budəfəki hərracda müxtəlif çeşidli 96 dövlət əmlakı öz sahibini axtarır. Bunlardan 26-sı kiçik dövlət müəssisə və obyekti, 12-si istifadəsiz qeyri-yaşayış sahəsi, 23-ü səhmdar cəmiyyət, 35-i isə nəqliyyat vasitəsidir. Hərraca çıxarılan səhmdar cəmiyyətlər sırasında quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərə "Kürdəmir Kəndkimya", "Ağcabədi Aqrotexservis", "Xırdalan yük nəqliyyat", "Zaqatala Sənaye Kombinatı", "Xosrov Metal Plastmas" və digər bu kimi səhmdar cəmiyyətlər aiddir. Qeyd edək ki, hərraca çıxarılan səhmdar cəmiyyətlər paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.
Hərraca çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45 faizini təşkil edir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak "Mingəçevir Qum-Çınqıl" ASC-dir. Bu əmlakın səhminin 30 faizi 155 min manatdan çoxdur. Bundan başqa qiymətində digərlərindən fərqlənən əmlak "Yevlax Kəndkimya Təchizat" ASC-dir. Həmin əmlakın 30 faiz səhmi isə 111 min manata yaxın təklif olunur.
Özəlləşdirilməyə çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Bu əmlaklar paytaxtla yanaşı, Şəki, Beyləqan, İsmayıllı, Neftçala və digər şəhər və rayonlarda yerləşir. Özəlləşdirilməyə açıq elan edilən istifadəsiz qeyri-yaşayış sahəsindən isə 9-u paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir. Həmin əmlakların sahəsi 13 kvadratmetr ilə 3013 kvadratmetr arasında dəyişir.
Qeyd edək ki, daha az investisiya tələb edən əmlaklar da hərraca çıxarılıb. Bunlardan İmişli rayonunda yerləşən 127 kvadratmetr olan qeyri-yaşayış binasını nümunə kimi göstərmək mümkündür. Həmin əmlakın ilkin start qiyməti 5 min 500 manat təşkil edir. Hərraca müxtəlif markalı nəqliyyat vasitələri də çıxarılıb.