Şəkidə 30 ədəd tütünqurutma kamerası quraşdırılacaq İqtisadiyyat

Şəkidə 30 ədəd tütünqurutma kamerası quraşdırılacaq

Ölkəmizdə ənənəvi sahələrdən olan tütünçülüyün inkişafı ilə bağlı həyata keçirilən davamlı tədbirlər, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi kənd əhalisinin tütünçülüyə marağının artmasına səbəb olub. Tütün istehsalının ildən-ilə artması isə tütünçülüklə məşğul olan rayonlarda əlavə qurutma kameralarının quraşdırılması zərurətini yaradır. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Prezident İlham Əliyevin sədrliyi ilə 2017-ci il avqustun 4-də Qaxda keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində dövlətimizin başçısının tütünqurutma kameralarının sayının artırılması ilə bağlı verdiyi tapşırığın icrası çərçivəsində ötən il "Azərtütün ASK" MMC tərəfindən Balakən rayonunda 60, Oğuzda isə 30 tütünqurutma kamerasından ibarət tütün qəbulu məntəqələrinin açılması fermerlərin işini xeyli asanlaşdırıb. Tələbatı nəzərə alaraq, bu il Şəkidə fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinin ərazisində də əlavə olaraq 30 tütünqurutma kamerasının quraşdırılması nəzərdə tutulur. Hazırda kameraların quraşdırılması üçün hazırlıq işləri görülür. Tütünqurutma kameralarının yığım mövsümü başlayanadək istifadəyə verilməsi planlaşdırılır.
Qeyd edək ki, tütünqurutma kameralarının sayının azlığı xüsusilə tütün yığımının qızğın çağında özünü büruzə verirdi. Məntəqələrdəki kameraların hamısı yaş tütünlə dolu olduğundan istehsalçı məhsulunu qurutmaq üçün növbə gözləməli olurdu. Nəticədə tütün uzun müddət sahədə günün altında qalır, keyfiyyəti aşağı düşür, çəkisi azalırdı.