ARDHŞ Rumıniya bazarının 10 faizini əhatə etmək istəyir İqtisadiyyat

ARDHŞ Rumıniya bazarının 10 faizini əhatə etmək istəyir

Ukranyada isə SOCAR brendi ilə daha bir YDM istifadəyə verilib

Tərlan

14-16 oktyabr tarixlərində Rumıniyanın nüfuzlu "Business Review" ("Biznes icmalı") jurnalının təşkilatçılığı ilə Buxarestdə "Xarici Sərmayəçilər (İnvestorlar) Sammiti" öz işinə başlayıb. Sammitdə Rumıniyada fəaliyyət göstərən aparıcı xarici şirkətlərin rəhbərləri, iş adamları, Rumıniyada akkreditə olunan xarici diplomatik korpusun nümayəndələri, investorlar, enerji, neft-qaz sahəsində çalışan mütəxəssis və ekspertlər, Rumıniyanın dövlət və hökümət nümayəndələri, eləcə də ARDNŞ-nin Rumıniya Nümayəndəliyinin təmsilçiləri iştirak edirlər. ARDHŞ-in məlumatına görə, sammitin ilk günündə nümayəndəliyin rəhbəri Həmzə Kərimov çıxış edərək tədbir iştirakçılarına Azərbaycanın zəngin neft tarixi və neft strategiyası barədə ətraflı məlumat verib, enerji strategiyasından danışıb. Qeyd olunub ki, cari il sentyabrın 20-də, "Əsrin müqaviləsi"nin imzalanmasının 20-ci ildönümündə Avropanın enerji xəritəsini dəyişəcək və 21-ci əsrin müqaviləsi adlandırılan "Cənub Qaz Dəhlizi"nin təməli qoyulmuş, bununla da Azərbaycan Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş olduğunu bir daha sübut edib. ARDNŞ-nin fəaliyyətinə geniş yer ayıran Həmzə Kərimov bildirib ki, şirkət artıq dünyada tanınan brend kimi enerji sahəsində aparıcı oyunçuya və söz sahibinə çevrilib, bir çox ölkələrdə, o cümlədən Rumıniyada iri layihələrə imza atıb. Onun sözlərinə görə, ARDNŞ hazırda Rumıniyaya investisiya yatıran 10 ən böyük şirkət arasındadır. Rumıniyanın 13 dairəsində SOCAR brendi altında 30 yanacaqdoldurma məntəqəsi müştərilərə yüksək səviyyədə xidmət göstərir. Qarşıya qoyulan əsas məqsədlərdən biri də bu sahədə Rumıniya bazarının 10 faizinə sahib olmaqdır. Nümayəndəliyin rəhbəri Həmzə Kərimov tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
SOCAR Ukraynada premium-klass tipli yanacaqdoldurma şəbəkəsini də genişləndirməkdədir. Oktyabrın 14-də Kiyev vilayətinin Obuxov şəhərində yolun paytaxta gedən istiqamətində sayca 40-cı "SOCAR" YDM-i açılıb. Burada alıcılara Polşa, Litva və Belarusun qabaqcıl emal zavodlarında istehsal olunmuş Avro-5 standartına cavab verən neft məhsulları - A-92, A-95, A-95 "Nano" benzinləri və "Nano" dizel yanacağı təklif edilir. YDM ərazisində "BUTA kafe" və mağaza fəaliyyət göstərir. Burada müştərilərə onların rahatlığını təmin edən bir sıra xidmətlər - avtomobillərin su təchizatı, yuyulması, təkərlərin doldurulması, dayanacaq, internet, mobil telefonların enerji təchizatı, kompüter, printer və skanerdən istifadə pulsuz təklif olunur.