Azərbaycan nefti 72,56 dollara satılır İqtisadiyyat

Azərbaycan nefti 72,56 dollara satılır

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. Nyu-Yorkun NYMEX birjasında "Layt" markalı neftin bir barreli 0,5 dollar bahalaşaraq 67,38 dollar, Londonun İCE birjasında isə "Brent" markalı neftin bir barreli 0,62 dollar ucuzlaşaraq 69,92 dollar olub.
AzərTAc-ın məlumatına görə, "AzəriLayt" markalı neftin bir barreli London birjasında 1,12 dollar ucuzlaşaraq 72,56 dollara satılır.
2015-ci ilin büdcəsində neftin qiyməti 90 dollar nəzərdə tutulub. "Media forum" saytı xatırladır ki, bu həftə "Rossiya-24" informasiya telekanalına müsahibə verən Azərbaycan prezidenti İlham Əliyev dünyada neftin qiymətinin düşməsinin sosial-iqtisadi planlara mənfi təsir göstərəcəyini vurğulayıb: "Lakin biz müxtəlif ssenarilər işləyib hazırlamışıq. Neftin qiymətinin 60 dollar olacağı təqdirdə iqtisadiyyat sabit inkişaf edəcək. Yeganə mənfi hal budur ki, biz il ərzində görməyi planlaşdırdığımız işləri iki ilə görəcəyik. Sadəcə prioritet olmayan istiqamətlər, infrastruktur layihələri üzrə büdcə xərclərini azaldacağıq".