“Xarici şirkətlər rentabelli və gəlirli sahələrdə işləyirlər” Siyasət

“Xarici şirkətlər rentabelli və gəlirli sahələrdə işləyirlər”

Qüdrət Həsənquliyev: "Belə olan halda biz niyə bu şirkətləri vergidən azad etməliyik?"

Milli Məclisin dünən keçirilən plenar iclasında "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.
Qanun layihəsinə münasibət bildirən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev bəyan edib ki, bu dəyişikliklərə səs verəcək: "Neftin qiymətinin dünya bazarında aşağı düşdüyü dövrdə hökumətin büdcə gəlirlərini artırmaq üçün atdığı addımlar anlaşılandır. Mən dəyişikliklərə səs verəcəyəm və bunu qəbul edirəm. Ancaq neftin qiyməti nə qədər aşağı düşsə də, bu, gəlirli sahə olaraq qalır. Neftin dənizdən çıxarılması əgər 7-8 dollara başa gəlirsə, burda 20-24 dollar arasında dəyişir. Azərbaycan nefti isə dünya bazarında 50 dollara satılır. Belə olan təqdirdə 164.1 maddədə qeyd edilir ki, ixrac məqsədilə neft-qaz fəaliyyəti ilə əlaqədar avadanlıq və materiallar müvafiq icra hakimiyyəti orqanı tərəfində ixrac məqsədli neft-qaz fəaliyyəti üzrə Azərbaycan Respublikasından idxal olunan avadanlıq və materialların təsdiq edilən siyahısı müvafiq gömrük orqanlarına təqdim edildikdə vergidən azad edilir. Mənə maraqlıdır, niyə?
Mən anlayıram ki, biz vaxtı ilə əsrin müqaviləsi imzalananda, ondan sonrakı dönəmdə Azərbaycana investisiya cəlb etmək məqsədilə xarici şirkətlərlə müqavilələr imzalamışıq. Və bu zaman da güzəştlər nəzərdə tutulub. Hesab edirəm bu şirkətlər rentabelli və gəlirli sahələrdə işləyirlər. Belə olan halda biz niyə bu şirkətləri vergidən azad etməliyik? Mən hesab edirəm ki, bu maddə dəyişiklikdən çıxarılmalıdır".
Milli Məclis sədrinin müavini Valeh Ələsgərov bildirib ki, dəyişikliklərdə əsas məqsəd xarici şirkətlər deyil, Azərbaycanda fəaliyyət göstərən və buradakı işləri görən şirkətlərin tenderlərdə qalib gəlməsinə şərait yaratmaqdı: "Burada digər bir qazancımız Azərbaycan vətəndaşlarının iş yeri qazanmasıdır".
Qeyd edək ki, Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı "İcra haqqında", Mülki Prosessual Məcəllədə, Miqrasiya Məcəlləsində, Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi nəzərdə tutulur.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, bu dəyişiklik vergi səmərəliliyinin artmasına hesablanıb.