“Ermənilər Azərbaycanın tərkibində yaşasaydı...” Siyasət

“Ermənilər Azərbaycanın tərkibində yaşasaydı...”

Bayram Səfərov: "Digər azsaylı xalqlar kimi onlar da firavan və xoşbəxt həyat tərzi keçirərdilər"

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov son günlər erməni hərbiçilərin cəbhə xəttində törətdiyi təxribatlara münasibət bildirib.
İcma rəhbəri B.Səfərov Publika.az-a açıqlamasında deyib ki, Ermənistanın bu cür təxribatları əhalinin üzləşdiyi ağır və acınacaqlı vəziyyətdən diqqəti yayındırmaq cəhdlərdir: "Çünki erməni xalqı Ermənistandakı rejimin əlindən xilas olmaq istəyir. Ona görə də son vaxtlar Ermənistanda əhali küçələrə çıxıb Serj Sarkisyan hakimiyyətinə qarşı etiraz aksiyaları keçirirlər. Serj Sarkisyan rejimi öz hakimiyyətini itirməmək üçün əhalinin diqqətini müharibəyə yönəltmək istəyir. Ermənilərin cəbhə xəttində törətdiyi təxribatlar da Ermənistanda daxili auditoriyaya hesablanıb. Ona görə də Qarabağda atəşkəsi tez-tez pozurlar, müxtəlif təxribata əl atırlar. Ancaq ermənilərin hər bir təxribat cəhdlərinin qarşısı dərhal alınır. Ermənilərin dərsləri Azərbaycan ordusu tərəfindən layiqincə verilir. Ermənilərin bu cür təxribat cəhdləri birinci dəfə deyil. Düşmən bundan öncə də oxşar təxribatlara əl atıb. Ancaq hər dəfə yerində oturdulub".
B.Səfərov deyib ki, son günlər Ermənistan tərəfi cəbhədə böyük itkilər verir: "Serj Sarkisyan hakimiyyəti erməni hərbçilərin ölüm faktlarını gizlədir. Artıq erməni xalqı ötən 25 ildə hansı çətinliklərə düşdüyünü dərk edib Sarkisyan rejimindən xilas olmalıdır. Məncə, artıq erməni əhalisi ötən 25 ildə Azərbaycan və Ermənistan iqtisadiyyatını müqayisə edib peşman olublar. Ona görə də Ermənistanda əhalinin Sarkisyan rejiminə qarşı etirazları ildən-ilə daha da böyüyür. Azərbaycanın inkişafı ilə Ermənistanın indiki vəziyyəti müqayisə olunmazdır. Azərbaycan gün-gündən inkişaf edir, güclənir. Ermənistan isə əksinə, hər gün daha da zəifləyir".
İcma rəhbəri qeyd edib ki, indi Qarabağda yaşayan erməni əhalisi Azərbaycanın tərkibində yaşasaydı, digər azsaylı xalqlar kimi onlar da firavan və xoşbəxt həyat tərzi keçirərdilər.
Azərbaycan və erməni icmaları arasında keçirilməsi gözlənilən görüşlərə də toxunan B.Səfərov hələlik belə bir görüşün gündəmdə olmadığını söyləyib: "Azərbaycan tərəfi belə görüşlərə hər zaman hazırdır. Ancaq Ermənistan tərəfi hazır deyil. Ümumiyyətlə, Serj Sarkisyan hakimiyyəti erməni icmasını görüşməyə imkan vermir. Kim görüşürsə, onu təqib edib, həbs edirlər".