BAXCP-dən Pənah Hüseynə sillə kimi cavab Siyasət

BAXCP-dən Pənah Hüseynə sillə kimi cavab

Söhrab Abdullayev: "Pənah Hüseyn başına atılan külqabını, qulağının dibində açılan silləni unudubsa, bu onun problemidir"
BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovu Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin ən uğursuz kadrlarından biri adlandırması həmin dövrün digər uğursuz kadrının – Pənah Hüseynin narahatlığına səbəb olub.
Baş nazir olduğu dönəmdə haqqında daşıdığı vəzifədən irəli gələn məsələlərdən daha çox çoxsaylı lətifələrin "qəhrəmanı" kimi danışılan Pənah Hüseynin özünü "AXC-nin təəssübkeşi" kimi ictimai rəyə sırımaq cəhdini isə onu yaxından tanıyanlar növbəti lətifə kimi qarşılayıblar.
Pənah Hüseyni AXC-nin ən zay kadrı kimi xarakterizə edən BAXCP-nin Baş katibi Söhrab Abdullayev BayMedia-ya açıqlamasında sabiq baş nazir haqqında bəzi həqiqətləri dilə gətirib.
Söhrab Abdullayev qeyd edib ki, Pənah Hüseynin baş nazir olduğu dönəmdə ölkə prezidentini məlumatlandırmadan daxili işlər nazirinin otağından Heydər Əliyevə zəng edərək onu Bakıya dəvət etməsi bu şəxsin dövlət idarəçiliyi haqqında təsəvvürlərinin səviyyəsini nümayiş etdirir: "Əgər Pənah Hüseyn baş nazir olanda tabeçiliyində olan nazir canlı efirdə "tüpürüm sənin iqtidarına" deyib onun üzünə tüpürürsə və bu adam həmin şəxsin məsuliyyət məsələsini qaldıra bilmirsə, beləsinin hakimiyyətdən və idarəçilikdən danışmağa mənəvi haqqı yoxdur. Pənah Hüseyn prezidentin otağında keçirilən müşavirədə başına atılan külqabını, qulağının dibində açılan silləni və bu hadisə ilə bağlı AXC-nin kluarlarında danışılanları unudubsa, bu onun problemidir. Cəbhəçilər hər şeyi yaxşı xatırlayırlar. Eyni zamanda AXC hakimiyyətinin baş naziri olmuş bir şəxsin təşkilata yaxın buraxılmaması haqqında Xalq Cəbhəsi Ali Məclisinin qərarını və Əbülfəz Elçibəyin də öz hüququndan istifadə edərək bu qərara veto qoymadığını da unutmayıblar.
Bu qərarı əsaslandıran faktı da xatırladım: Pənah Hüseyn həbsdən azad olunduqdan sonra onu Heydər Əliyevin yanına aparırlar. Pənah Hüseyn Heydər Əliyevin yanında olanda onun dahi şəxsiyyət olmasından, Azərbaycan xalqını xilas etməsindən bəhs edir. Bir müddət sonra mətbuatda ağzına gələnləri danışanda Eldar Namazovun nəzarətində olan "Panorama" qəzetində onun Heydər Əliyevlə söhbətinin stenoqramı dərc olunur və hər kəs onun gerçək kimliyinin bir daha şahidi olur".
Söhrab Abdullayev bildirib ki, öz ağılsızlığı, emosional və mənasız davranışları ilə cəbhəçilərə yalnız bədbəxtlik gətirən Pənah Hüseyni BAXCP sədri ilə müqayisə etmək belə mümkün deyil: "Qüdrət bəyin Azərbaycanın istiqlalı və ərazi bütövlüyü uğrunda mücadilə aparan fədakar cəbhəçilərə necə münasibət göstərdiyini vicdanı olan hər kəs yaxşı bilir. Əlavə şərhə ehtiyac duymuram".