“Bu münaqişənin təcili olaraq həlli yolları tapılmalıdır” Siyasət

“Bu münaqişənin təcili olaraq həlli yolları tapılmalıdır”

Tyorbörn Yaqlan: "Münaqişənin həll edilməsi öhdəliyi Azərbaycan və Ermənistan üzərinə düşür"

Milli Məclisin deputatı Qənirə Paşayeva Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sessiyasında Avropa Şurasının baş katibinə aktual suallar ünvanlayıb. Qənirə Paşayeva AŞ PA-da hesabatla çıxış edən Avropa Şurasının Baş Katibi Tyorbörn Yaqlanda Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını işğaldan azad etməməsi səbəbindən öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulan haqları barədə sual ünvanlayıb və "sizcə Avropa və Avropa Şurası insanları öz evlərindən qaçqın və məcburi köçkün salan səbəblərə qarşı daha sərt mübarizə aparmalı deyilmi?" deyə müraciət edib. Baş katib millət vəkilinin fikirləri ilə razılaşıb. Q.Paşayeva deyib: "Cənab Baş katib, Ermənistanın Azərbaycan torpaqlarını işğaldan azad etməməsi səbəbindən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün evlərinə hələ də dönə bilmir. İndi isə biz Suriyadan, İraqdan köçkün düşərək Avropaya üz tutan isanların problemlərini müzakirə edirik. Sizcə Avropa Şurası və ümumilikdə Avropa, insanları köçkünə çevirən səbəblərə qarşı daha fəal mübazə aparmalı deyilmi? Yəni problemlərin əsas səbəblərinin həlli istiqamətində Avropa qurumlarının fəallığını daha da artırması vacib deyilmi, sizcə? Və sizin fikrinizsə, bu addımlar necə olmalıdır? Çünki köçkünə çevrilən insanların sayı getdikcə daha da artır və bu vəziyyəti daha da gərginəşdirir".
Suala və müraciətə cavab verən Avropa Şurasını baş katibi deyib: "Mən belə başa düşürəm ki, siz Dağlıq Qarabağ münaqişəsindən irəli gələn məsələyə toxunursuz. Mən bu Assambleyada bir neçə dəfə bunu demişəm, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının tapılması ilə ATƏT-in Minsk qrupu məşğul olur. Amma mən sizinlə o baxımdan razıyam ki, bu münaqişənin təcili olaraq həlli yolları tapılmalıdır. Və bir daha deyim ki, bu münaqişənin həll edilməsi öhdəliyi Azərbaycan və Ermənistan üzərinə düşür. Onların Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olaraq öhdəlikləri olduğundan, bu münaqişənin həllində də insan hüquqları məsələləri üstünlük təşkil etməlidir. Bizim hazırda qarşılaşdığımız qaçqınlar probleminin yeganə həlli yolu müharibələrə, münaqişələrə son qoyulmasıdır. Çünkü bu qaçqın, məcburi köçkünlər axınını yaradan məhz müharibələrdir. Ona görə də mən, bu siz qeyd etdiyiniz münaqişənin həlli istiqamətindəki bütün təşəbbüsləri dəstəkləyirəm. Əmin olun ki, münaqişənin həlli yollarının axtarılmasında Avropa Şurasından hansısa töhfələrin verilməsi lazım olsa, mən buna çevik bir şəkildə reaksiya verməyə hazıram".