Erməni kəşfiyyat qrupu pusquya düşdü Siyasət

Erməni kəşfiyyat qrupu pusquya düşdü

Azərbaycan XİN: "Ermənistan müxtəlif təxribatçı əməlləri ilə üçüncü tərəfi münaqişəyə cəlb etməyə cəhd göstərərək mövcud status-kvonu saxlamağa çalışır"

Dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhəddini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Bu barədə "Xalq Cəbhəsi" qəzetinə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Ermənistan atəşkəs rejiminə əməl etmir Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Onun tapılması istiqamətində müvafiq tədbirlər görülür. Son zamanlar cəbhə xəttində nisbi sakitliyin hökm sürməsi, görünür Ermənistanı qane etmir və qarşı tərəf məqsədyönlü şəkildə, vaxtaşırı bu kimi təxribatlara əl atır. Müdafiə Nazirliyi bildirir ki, əgər bundan sonra da düşmənin bu cür fəaliyyəti davam edərsə o, daha böyük və ağır itkilərlə üzləşəcək. Ermənistanın Tavuş əyalətində döyüş toqquşması nəticəsində Ermənistan SQ-nin 3 hərbçisi həlak olub. Həlak olanlardan biri zabitdir. Bu barədə Sputnik Ermənistan-a Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Arsrun Ovannisyan məlumat verib. Erməni KİV-in məlumatına əsasən, insident nəticəsində Azərbaycanın bir hərbçisi də həlak olub. Ovannisyan döyüş nəticəsində baş leytenant Şavarş Melikyan, sıravilər Edqar Narayan və Erik Abovyanın həlak olduğunu bildirib. Erməni tərəfi hadisənin Tavuş əyaləti Çinari (işğal olunmuş Tovuz rayonunun Çinarlı kəndi – red.) kəndi istiqamətində baş verdiyinin yazıb.
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun 29 dekabr 2016-cı il tarixində səhər saatlarında Ermənistan-Azərbaycan dövlət sərhədində törətdiyi növbəti təxribatını və qəsdən vəziyyəti gərginləşdirməyə yönəlmiş əməllərini kəskin şəkildə pisləyib.
Bu barədə XİN-in bəyanatında deyilir.
Bəyanatda vurğulanır ki, Ermənistan və Azərbaycan prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində aparılmış müzakirələrə uyğun olaraq, münaqişənin həlli istiqamətində konkret addımlar atmaq və substantiv danışıqlarda iştirak etmək əvəzinə Ermənistan müxtəlif təxribatçı əməlləri ilə danışıqları pozmağa, Azərbaycana qarşı təcavüzünü davam etdirməyə, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərində öz mövcudluğunu gücləndirməyə, üçüncü tərəfi münaqişəyə cəlb etməyə cəhd göstərərək mövcud status-kvonu saxlamağa çalışır.
"Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzünü davam etdirməsi və Ermənistan qoşunlarının Azərbaycanın suveren ərazilərində mövcudluğu regional sülh və təhlükəsizlik üçün başlıca təhdiddir, atəşkəsin pozulmasının və insidentlərin baş verməsinin əsas səbəbidir. Ermənistanın təxribat və təhriki ilə apreldə yaranmış gərginlik bunun bariz nümunəsidir", - deyə bəyanatda qeyd olunur.
XİN bildirir ki, Azərbaycan Respublikası münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri və Helsinki Yekun Aktı əsasında münaqişənin həll edilməsi, Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalının nəticələrinin aradan qaldırılması, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin təmin edilməsi üçün ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə birlikdə səylərini və substantiv danışıqları davam etdirəcək.