“Ermənistan Türkiyə və Azərbaycana qarşı düşmən münasibətindən əl çəkmədikcə sərhədlərin açılması mümkün deyil” Siyasət

“Ermənistan Türkiyə və Azərbaycana qarşı düşmən münasibətindən əl çəkmədikcə sərhədlərin açılması mümkün deyil”

Cağatay Balcı: "Türkiyənin bu məsələdə prinsipial mövqeyi var"


Zaur Məmmədov: "Sərhədlərin açılması ilə bağlı informasiyaları kimin yaydığı mənbə bəlli deyil"


Rasim Musabəyov: "Yyayılan məlumatlar erməni tərəfinin uydurmasıdır"


Son zamanlar Türkiyə Ermənistan sərhədlərinin açılacağı ilə bağlı xəbərlkər gündəmi zəbt edib. Bir sıra ekspertlər isə bunun baş verməyəcəyini bildirirlər. Elə Türkiyə rəsmiləri də bunu deyir.
Türkiyənin sabiq Avropa İttifaqı işləri üzrə naziri Egemen Bağış deyib ki, Türkiyə-Ermənistan sərhədlərinin açılmasından söhbət gedə bilməz.
E.Bağış qeyd edib ki, Azərbaycan və Türkiyə strateji tərəfdaşdırlar: "Türkiyə Azərbaycanın maraqlarına zərər verə biləcək nəsə etməyəcək".
Siyasi ekspert Cağatay Balcı bildirib ki. Türkiyənin Ermənistanla sərhədləri açması əsla mümkün deyil. O qeyd edib ki, Türkiyənin bu məsələdə prinsipial mövqeyi var. Ekspert vurğulayıb ki, Qarabağ azad olmadıqca, ermənilər uydurma soyqırım iddialarından imtina etmədikcə, Xocalıda törədilənlərlə bağlı ədalət təmin edilmədikcə, Ermənistan Türkiyə və Azərbaycana qarşı düşmən münasibətindən əl çəkmədikcə sərhədlərin açılması mümkün deyil.
Politoloq Zaur Məmmədov deyib ki, Türkiyənin Avrasiya İqtisadi Birliyi (AİB) ilə gömrük sazişi imzalayacağı təqdirdə Ermənistanla sərhədlərin açılması ilə bağlı yayılan informasiyaları kimin yaydığı mənbə bəlli deyil: "Bəzi saytlar bu haqda həqiqətə uyğun olmayan məlumatlar yayırlar". Onun sözlərinə görə, Avrasiya İttifaqına qoşulmaq məsələsi müəyyən prosedur tələb edir: "Bu o qədər də tez həllini tapan məsələ deyil. Türkiyənin AİB-nə qoşulması isə daha da çətin prosesdir. Türkiyə tərəfindən "biz Gömrük İttifaqına qoşula bilərik" bəyanatı Almaniyaya bir mesajdır. Bu ölkənin Avropa Birliyinin üzvü olmamasına baxmayaraq artıq bir neçə ildir ki, Aİ ilə Türkiyə arasında gömrük sazişi qüvvəsindədir. Ölkə siyasi, iqtisadi, hərbi cəhətdən Qərbə inteqrasiya olunub. İndi bütün bunları bir kənara qoyub siyasi kursu dəyişmək elə də asan olmayacaq. Qərb Türkiyənin xarici siyasət kursunun dəyişməsinə imkan verməyəcək. O ki qaldı yenə ara-sıra gündəmə gələn Türkiyə-Ermənistan sərhədlərinin açılmasına, yəqin bir neçə il əvvəl Azərbaycanın sərt mövqeyini hamı yaxşı xatırlayır. Türkiyə ilə Ermənistan arasında sərhədlər açılmamalıdır, açıla da bilməz".
Millət vəkili Asim Mollazadə vurğulayıb ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycan Milli Məclisində çıxışında Ermənistanla sərhədlərin açılmaması ilə bağlı öz mövqeyini bildirmişdi: "Azərbaycanın işğal olunmuş əraziləri azad edilməyənədək Ermənistanla sərhədlər açılmayacaq". Onun sözlərinə görə, Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçinin ölkəsinin Avrasiya İqtisadi Birliyi ilə anlaşma imzalamaq niyyətində olmasını deməsi sadəcə olaraq siyasi yoxlama xarakteri daşıyır: "İqtisadi nöqteyi-nəzərindən Türkiyə üçün belə bir sazişdə iştirak əlverişli deyil. Bəlkə də son vaxtlar Türkiyə-Avropa münasibətlərində mövcud olan gərginliyin əsas səbəbi məhz belə bir açıqlama ilə bağlı idi".
Deputat Rasim Musabəyov diqqətə çatdırıb ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması Azərbaycan-Türkiyə münasibətlərinə gərginlik gətirə bilər: "Ancaq ortada belə bir şey yoxdur". O bildirib ki, sərhədlərin açılması barədə yayılan məlumatlar erməni tərəfinin uydurmasıdır: "Ermənistanla sərhədlərin açılması Türkiyənin nəyinə lazımdır? Düşünürəm ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz sözünün sahibidir. Türkiyə Dağlıq Qarabağ münaqişəsi həll edilmədən sərhədləri açası deyil. Nə dəyişib ki, Türkiyə öz sözündən dönsün? Türkiyənin buna nə ehtiyacı var? Heç bir ehtiyacı yoxdur".

Əli