“Asan məsələ deyil...” Siyasət

“Asan məsələ deyil...”

"Qəbul etdiyimiz bəyanatda Dağlıq Qarabağ münaqişəsinin həllinin əsaslanmalı olduğu prinsipləri təsdiqlədik".
Bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, bəyanat digər həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə birlikdə qəbul edilib.
Lavrov deyib ki, Dağlıq Qarabağ münaqişəsində birbaşa dialoq mövcuddur, təəssüf ki, bu, hələ ciddi irəliləyişlə nəticələnmir.
O bildirib ki, bu il Azərbaycan və Ermənistan prezidentlər arasında bir, nazirlər arasında isə bir neçə dəfə baş tutan dialoq pozitiv haldır: "Biz amerikalı və fransalı həmkarlarla birlikdə kollektiv yanaşmanın olduğu bu istiqamətdə işləməyə davam edəcəyik. Bu sessiyada biz bunu bir daha təsdiq etdik. Verdiyimiz bəyanatda həll üçün nəzərdə tutulan əsas prinsiplər öz əksini tapıb. Tərəflər bunu qəbul edib, lakin hələ addım atılmayıb. Bu asan məsələ deyil, amma bu istiqamətdə işləyəcəyik".
Sergey Lavrovun sözlərinə görə, ATƏT sədrinin şəxsi nümayəndəsi Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT müşahidəçilərinin sayının artırılması üçün praktik parametrlərin razılaşdırılması istiqamətində çalışır.
Lavrov bildirib ki, təmas xəttində ATƏT müşahidəçilərinin sayının artırılması məsələsi 2016-cı ilin mayında Ermənistan və Azərbaycan prezidentlərinin Vyanada həmsədr ölkələrin xarici işlər nazirləri ilə birgə toplantısında və iyunda Sankt-Peterburqda hər iki ölkə prezidentinin və Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə keçirilən görüşdə müzakirə edilib: "Bundan sonra razılaşma prinsipial olaraq ATƏT-ə ötürülüb".
Sergey Lavrov mətbuat konfransında Georgi Zuyevin Azərbaycana səfir təyin olunması ilə bağlı yayılan məlumatları təkzib edib və bildirib ki, adıçəkilən şəxsin təyinatı ilə əlaqədar Azərbaycan hökumətinə müraciət edilməyib.
O bildirib ki, bu barədə yayılmış xəbərlərlə tanışdır: "Lakin kimin kiminləsə hansısa əlaqələrinin olması və bunun siyasətə necə təsir etməsi məsələsi müasir mədəni tələblərə cavab vermir".
Rusiya XİN başçısı bildirib ki, hazırkı səfir öz missiyasını bitirən kimi Azərbaycana yeni səfir göndəriləcək.