“Ermənistanın işğalçı mahiyyətini ifşa edirik” Siyasət

“Ermənistanın işğalçı mahiyyətini ifşa edirik”

ATƏT Parlament Assambleyasının bütün iclaslarında Dağlıq Qarabağ məsələsini qaldırırıq, haqlı mövqeyimizi diqqətə çatdırırıq. Ermənistanın işğalçı mahiyyətini ifşa edirik və bundan sonra da edəcəyik.
Bunu Milli Məclisin deputatı, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü, qurumun vitse-prezidenti Azay Quliyev deyib.
Azay Quliyev bildirib ki, oktyabrın 3-dən 6-na kimi Bişkekdə ATƏT PA-nın payız sessiyası keçirilir, sessiya çərçivəsində Azərbaycanın mövqeyini və münaqişə ətrafında yaranmış hazırkı vəziyyətlə əlaqədar narahatlığını bir daha assambleyanın üzvlərinin diqqətinə çatdırırlar:
"Son günlər İrəvanda və Bakıda səfərdə olan ATƏT PA-nın prezidenti Corc Seretelenin münaqişə ilə bağlı bəzi təklifləri də var və çox güman ki, o təklifləri də Bişkekdə müzakirə etmək imkanımız olacaq. Ümumiyyətlə, Azərbaycan gec-tez öz torpaqlarını işğaldan azad edəcək. Buna heç kimin şübhəsi olmasın.
Çünki beynəlxalq hüquq və ədalət bizim tərəfimizdədir. Azərbaycanın ərazi bütövlüyü bütün beynəlxalq təşkilatlar tərəfindən tanınır və BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə müdafiə olunur. Azərbaycanın həyata keçirdiyi siyasət, ordumuzun güclənməsi, Ali Baş Komandanın Dağlıq Qarabağ məsələsində ardıcıl, güzəştsiz və prinsipial mövqeyi və ən nəhayət, bölgədə cərəyan edən proseslər və bir sıra geosiyasi amillər torpaqlarımızın işğaldan azad olunması üçün yeni imkanlar yaradır.