53 ölkə Xocalı soyqırımının tanınmasında həmrəy olub Siyasət

53 ölkə Xocalı soyqırımının tanınmasında həmrəy olub

Xocalı faciəsi soyqırımı aktı və insanlığa qarşı törədilmiş cinayət kimi qiymətləndirilib

Fevralın 18-19-da İran İslam Respublikasının paytaxtı Tehran şəhərində İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Parlamentlər İttifaqının (İƏT Pİ) 9-cu Sessiyası keçirilib. Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumundan (İKGF) APA-ya verilən məlumata görə, sessiyada forumun Beynəlxalq katibliyinin rəhbəri Elməddin Mehdiyev də iştirak edib.
E.Mehdiyevin verdiyi məlumatda bildirilir ki, öz işini dünən yekunlaşdıran bu beynəlxalq görüşdə 53 üzv dövlətin parlament nümayəndələri iştirak edirlər və bir çoxuna parlament spikerləri rəhbərlik ediblər. Sessiyada "İƏT Parlamentlər İttifaqı ilə İKGF arasında əməkdaşlıq" adlı qətnamədə növbəti dəfə Xocalı faciəsi "soyqırımı aktı və insanlığa qarşı törədilmiş cinayət" kimi qiymətləndirilib. İKGF Mədəniyyətlər arası Dialoq üzrə Baş Əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya Ədalət!" kampaniyası çərçivəsində irəli sürülən bu qətnamə layihəsi İttifaqın iş proseduruna uyğun olaraq Azərbaycan Milli Məclisi tərəfindən dəstəklənib və Konfrans katibliyinə təqdim edilib.
Xatırladaq ki, konfransın birinci günündə çıxış edən Milli Məclisin spikeri Oqtay Əsədov İKGF tərəfindən həyata keçirilən "Xocalıya Ədalət!" kampaniyasının əhəmiyyətini vurğulayıb və üzv dövlətləri kampaniyanın fəaliyyətinə dəstək verməyə, həmçinin irəli sürülən qətnaməni dəstəkləməklə Xocalı soyqırımının tanınması kimi mühüm məsələdə həmrəylik nümayiş etdirməyə çağırıb.
Qeyd edək ki, baş qərargahı Tehranda yerləşən İƏT Parlamentlər İttifaqı 53 dövlətin parlamentini öz sıralarında birləşdirir. 20 beynəlxalq təşkilat, o cümlədən İKGF təşkilatda müşahidəçi statusuna malikdir.