“İsa Qəmbər rəhbərlikdə oturmamalı idi” Siyasət

“İsa Qəmbər rəhbərlikdə oturmamalı idi”

Kamil Xəlilbəyli: "O, bununla açıq şəkildə tərəf tutdu"

"Partiyada baş verən qeyri-demokratik mühiti tənqid etdiyimə görə, çox insan tərəfindən səhv anlaşıldım. Sosial şəbəkədə Könül Mirzəyeva məni təhqir etdi. Mən də səbr edə bilmədim və ona cavab verdim. Qubad bəyin məsələyə qarışmasından sonra barışıq oldu. Müsavatın dəyərli bəy və xanımlarından üzr istədim. Lakin sonralar Könül xanım üzr istəməməyim barədə müsahibə verdi". Bunu Müsavat Partiyasından qovulan Kamil Xəlilbəyli bildirib: "Onu qeyd edim ki, oktyabrın 20-də bu məsələ bitmişdi. Lakin noyabrın 7-də Valeh Hümbətoğlu mənə zəng edərək, məsələnin bitdiyini və onların tərəfinə keçməyimi istədi. Bu barədə məndə səs yazısı var. Mənim özümə görə doğrularım var. Buna görə təklifdən imtina etdim. Hər kəsin öz əqidəsi var. Şəxsən mən Müsavatın gələcəyini Qubad bəylə görürəm. İstədiyim bu idi ki, pozuntulara MNTK-da baxılsın. Bax bu səbəblərdən barışdığım Könül xanımla davanı əsas kimi ortaya atdılar və məni təşkilatdan çıxardılar. Bununla bağlı MNTK-nın sədri Sevinc Hüseynovaya şikayət etmək üçün ərizə təqdim etdim. Lakin o, ərizəmi partiyanın qərargahının qarşısında az qaldı ki, üzümə çırpsın. Onun qəbul etməmək kimi haqqı yoxdur. Çünki onun sədr olmasında dolayısı yolla səsim var. Hər bir sənədi vermək haqqım var. Ona baxmaq Sevinc xanımın borcudur".
Kamil Xəlilbəyli "partiyadan çıxarılmağım ciddi qanun pozuntusudur",- deyə əlavə edib: "Qeyd edirlər ki, Müsavatın siyasi-ideoloji xəttinə zidd çıxdığım üçün çıxarılmışam. Partiyanın bu xətti nədir? Bu gün partiyanın ideoloji xəttinin milliyyətçilik olduğunu deyirik. Amma Müsavatı liberal partiya olaraq tanıyırıq. Demək biz ilk növbədə partiyanın ideoloji xəttini müəyyənləşdirməliyik...Bunlara rəğmən başqa addımların atılması xüsusi bir marağın olmasından xəbər verir. O maraq nədən ibarətdir? Qubad İbadoğlunun tərəfdarları sıradan çıxarılsın. Müsavatdakı mübarizəmiz Arif Hacılının başqanlıqdan getməsi ilə bağlı deyil. Müsavatda partiyadaxili demokratiyanın qorunmasına çalışırıq. Mənim partiyadan çıxarılmağımda ədalət prinsipi qorunmadı. Söyənə xəbərdarlıq edilir, cavab verən partiyadan qovulur. Budur sizin ədalətiniz?... Mən daim adət-ənənəyə sadiq qalan insan olmuşam. Ailədə belə demokratiya müsbətə doğru cığırlar açır. İsa Qəmbər istəmədiyi sürəcdə, Müsavatda sular durulmayacaq. Onun müşavirədə dediyi sözü məndən soruşanda deyirəm ki, bu sözün iki başı var. Kim necə başa düşür, elə də qəbul edir. Hər bir partiya daxilində xəyanətkarlar var. Düşünürəm ki, o, bunları nəzərdə tuturdu. Amma bəzi dostlar deyə bilər ki, bu söz narazılara deyilirdi. Mən o ifadənin əleyhinə idim. İsa Qəmbər orada rəhbərlikdə oturmamalı idi. O, bununla açıq şəkildə tərəf tutdu. Bütün bunların qarşısı alınmalıdır. Bax o zaman sular durulacaq".

Əli