Olimpiadaya növbəti lisenziya İdman

Olimpiadaya növbəti lisenziya

Azərbaycan bu il Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına növbəti vəsiqəni əldə edib. Ölkəmizə lisenziyanı bədii gimnastımız Dərya Farşbafşəhriyari qazandırıb. O, bu uğura Rusiyanın paytaxtı Moskvada gənclər arasında keçirilən Yeniyetmələrin Yay Olimpiya Oyunlarına təsnifat xarakterli yarışda imza atıb. Farşbafşəhriyari 4 hərəkətin cəmində 53,30 xal toplayıb və 14-cü olub. Bu da təmsilçimizin Olimpiadaya lisenziyasını təmin edib. Bu vəsiqə isə Azərbaycan tarixinə ilk kimi düşüb. Çünki Farşbafşəhriyari Oyunlarda ölkəmizi təmsil edəcək ilk gimnast olub.
Yarışlarda ölkəmizi digər bədii gimnastımız Yelizaveta Luzan da təmsil edib. Ümumilikdə hakimlərdən 43,60 xal alan idmançımızın da vəsiqə şansı olub. Lakin qaydalara əsasən Buenos-Ayresdə hər ölkə yalnız bir gimnastla mübarizə apara bilər. Qalibləri həmyerlimiz, Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov mükafatlandırıb.
Bu uğura münasibət bildirən millimizin baş məşqçisi Mariana Vasileva yetirmələrinin yeni qaydalarla təşkil olunan yarışda çıxışını belə qiymətləndirib: "Yeniyetmələrin Yay Olimpiya Oyunlarına ilk Azərbaycan gimnastının lisenziya qazanması bizi çox sevindirir. Nəzərə almalıyıq ki, ölkəmizi təmsil edən hər iki gimnastımız öz həmyaşıdlarından daha az təcrübəyə malik idi. Buna baxmayaraq, Dərya bu işin öhdəsindən layiqincə gəldi. Əlbəttə, yarışlardan sonra hər iki gimnastla çıxışlarını analiz etdik və özümüz üçün qeydlər apardıq. Əsas odu ki, onların yaxşı çıxışları layiqli xallarla qiymətləndirildi".
Qeyd edək ki, Farşbafşəhriyariyədək Fatimə Alkərimova (üzgüçülük) və Ninq Jinq (stolüstü tennis) də oktyabrın 6-18-də təşkil olunacaq Olimpiadaya lisenziya qazanıb.