Ərdoğan Putinə barışıq təklif edib Dünya

Ərdoğan Putinə barışıq təklif edib

"Putin məni yaxşı tanıyır"

Cavid

"Heç bir ölkə bölgədə gərginliyin artmasını istəmir. Hansı ölkəyə, millətə məxsus olduğu bilinməyən təyyarənin dəfələrlə xəbərdarlıq edilməsinə rəğmən sərhədi pozması nəticəsində belə bir hadisə yaşandı. Bu vəziyyətin yaranması düşündürücüdür, təəssüfedicidir. Belə hadisə ilə qarşı-qarşıya gəlməyi arzu etməzdik".
Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.
Ərdoğanın sözlərinə görə, xəbərdarlıqlara qulaq asmayan, fikir verməyən bir pilotun səhvi ucbatından baş verən hadisə iki ölkə arasındakı əlaqələrə, üstəlik strateji münasibətlərə təsir etməməlidir. Prezident Rusiya ilə gərginliyin qısa müddətdə aradan qalxacağına ümid etdiyini bildirib.
Ərdoğan son günlər mətbuatda yayılan "Ərdoğan və Putinə tələ quruldu?" başlıqlı xəbərlərə də münasibət bildirib: "Bu məlumatların nəyə əsaslanaraq yazıldığını başa düşməkdə çətinlik çəkirəm. Mediada istehsal edilən ssenariləri, şərhləri anlamaq mümkün deyil".
Türkiyə prezidenti rusiyalı həmkarı Vladimir Putinin Ankaraya qarşı sərt açıqlamalarını xatırladıb və bildirib ki, iki ölkə arasında yaranan gərginlik diplomatik yolla həllini tapmalıdır.
"Putin məni yaxşı tanıyır. O yaxşı bilir ki, biz arxadan bıçaq vurmarıq. Putin istər Türkiyə səfərində, istərsə də daha əvvəllər də görüşümüzdə mənə qarşı çox müsbət fikirdə olub. Dolayısı ilə Putinin hadisə baş verəndən dərhal sonra hissi davranaraq açıqlamalar verdiyini düşünürəm. Vəziyyətin daha da gərginləşməsinə fürsət vermədən diplomatik yollarla məsələni həll etmək, bundan əvvəlki münasibətlərimizi bərpa etmək lazımdır", deyə Ərdoğan bildirib.
Türkiyə prezidenti bundan əvvəl isə Putinə sərt xəbərdarlıq etmişdi. Ərdoğan bildirmişdi ki, Türkiyə heç bir halda hissləri ilə addım atmayıb və bundan sonra da atmayacaq: "Bütün dünya haqlı olduğumuzu qəbul edir. Rusiya isə həddindən artıq kəskin reaksiya verir. Biz bunu təəssüflə izləyirik. Əgər Rusiya bu təpkilərini davam etdirəcəksə, biz də öz tədbirlərimizi həyata keçirmək məcburiyyətində qalacağıq".
Xatırladaq ki, noyabrın 24-də Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcısı Suriya ilə sərhəddə Rusiyaya məxsus bombardmançı təyyarəni vurub. Türkiyə tərəfi Su-24 təyyarəsinin sərhədi pozduğuna görə vurulduğunu bəyan edib. Rusiya tərəfi isə təyyarənin Suriya ərazisində vurulduğunu iddia edir.
"Reqnum" isə yazır ki, Kremlin Ankaraya şantajı işə yaramadı.
Suriya ilə sərhəddə Rusiya təyyarəsinin vurulmasından sonra Kreml Türkiyəyə qarşı "kürd kartı"ndan istifadə etməyə, opponentini zəiflətməyə çalışdı.
"Reqnum"da yazılır ki, Türkiyə-Rusiya və Türkiyə-kürd münasibətlərindən bəhs edilən məqalədə ikincilərin rəqibini kürdləri gücləndirməklə cəzalandırmağa çalışdığı qeyd edilib: "Çoxsaylı rus-türk müharibələri zamanı bu siyasətdən istifadə edilirdi. Ancaq bu gün vəziyyət tamamilə fərqlidir. İndi Rusiya burada əsas oyunçu deyil. AKP hakimiyyətə gəldikdən sonra türklərlə kürdlər arasında olan problemlərin həllinə yanaşma dəyişdi. AKP Türkiyənin keçmiş qüdrətini dirçəltməyə, ölkədə yaşayan kürdlərlə rəhbərlik arasında sintez yaratmağa nail oldu. Əhməd Davudoğlu Türkiyənin xarici siyasət xəttinin baş memarlarından biri oldu. Ölkənin yumşaq gücündən istifadə etməklə qazanc əldə etməyə başladı. 2003-cü ildə Səddam Hüseyn devrildikdən sonra İraq kürdləri də türklərin orbitinə düşdülər. Şimali İraq lideri Məsud Bərzani ilə dostluq münasibətlərinin yaradılması ilə İraq kürdləri Türkiyənin vassalına çevrildi. Bərzani postunu tərk etməyə tələsmir, müxalifət partiyaları da türklərin reaksiyasından ehtiyat edərək ona qarşı çıxış edə bilmirlər. Bu gün Ankara Kürdüstanın bütün iqtisadiyyatına nəzarət edir. Regionda 1300-dən çox Türkiyə şirkəti və müəssisələri fəaliyyət göstərir. Şimali İraqın bank, maliyyə, infrastruktur, neft ixracı, təbii qaz sektorlarında Türkiyənin nəzarəti var. Kürd regionunun inşaat sektorunun 75-80 faizində türk şirkətlərinin fəaliyyəti gözə çarpır. Bütün bunların fonunda Rusiya Müdafiə Nazirliyinin brifinqindən dərhal sonra kürd hakimiyyəti Türkiyəni müdafiə etdi".