Tramp: “Sivilizasiyamız müzəffər olacaq!” Dünya

Tramp: “Sivilizasiyamız müzəffər olacaq!”

"Qərbin müdafiəsi sonda təkcə bizim imkanlarımıza yox, həm də yaşamaq iradəmizə əsaslanır,"- deyə ABŞ Prezidenti Donald Tramp Polşanın Varşava şəhərində izdiham qarşısında söylədiyi nitqdə Qərb sivilizasiyasının müdafiəsinə çağırıb. Krasinski meydanında toplaşmış 10 000 insanın "USA" və "Tramp" sədaları altında Prezient Tramp Qərb dəyərlərinin əzəməti haqda danışıb.
"Biz simfoniyalar yazırıq, biz ixtiralar edirik... Biz dühanı mükafatlandırırıq. Biz təkmilləşməyə can atır, Tanrını şərəfləndirən incəsənət əsərləri yaradırıq,"- o, söyləyib. "Biz qanun aliliyinə dəyər veririk və söz azadlığını, ifadə azadlığını qoruyuruq. Biz hər şeyi debat edirik, biz hər şeyi sualla qarşılayır, hər şeyi bilməyə çalışırıq ki, özümüzü daha yaxşı anlayaq."
Prezident Tramp ABŞ-la Avropa arasında tellərin möhkəm olduğunu bəyan edib. "ABŞ təkcə sözdə yox, əməldə nümayiş etdirib ki, biz tam şəkildə Beşinci Maddənin arxasında dururuq."
Almaniyada Böyük İyirmiliyin sammitində Rusiya prezidenti Vladimir Putinlə görüş ərəfəsində Tramp Moskvanı regionda bəd əməllərdən çəkinməyə çağırıb. ABŞ przezidenti Donald Tramp bəyan edib ki, Rusiya Ukraynadakı vəziyyətin sabitsizləşdirilməsinə, habelə onun təbirincə deyilsə, Suriya və İran kimi "düşmən rejimlərin" dəstəklənməsinə son qoymalıdır. Varşavada çıxış edən Tramp deyib ki, "biz Rusiyanın Ukraynada və başqa yerlərdə sabitliyi pozan fəaliyyətinə, habelə Suriya və İran da daxil düşmən rejimləri dəstəkləməsinə son qoymasını istəyirik".
ABŞ prezidenti bunun əvəzində Rusiyanı "ümumi düşmənlərin əleyhinə və bəşəriyyətin özünün müdafiəsi uğrunda mübarizə aparan məsuliyyətli ölkələrin birliyinə qoşulmağa" dəvət edib. Bundan əvvəl Polşa prezidenti Andjey Duda ilə görüşən Donald Tramp ona Rusiyanın "sabitliyi pozan davranışına qarşı" mübarizə aparacağını vəd edib.
Tramp Polşaya Almaniyanın Hamburq şəhərində iyulun 7-də keçirləcək G20 sammitinə qatılmazdan əvvəl gəlmişdi. Eyni gündə, bu sammitin kuluarlarında onun Rusiya prezidenti Vladimir Putinlə görüşü nəzərdə tutulub. Kremlin sözçüsü Dmitri Peskov iyulun 4-də bildirmişdi ki, iki lider beynəlxalq terrorçuluq, Suriya və Ukrayna, habelə "tərksilah" məsələlərini müzakirə edəcəklər. Peskov demişdi ki, görüşdən əsas məqsəd "işçi dialoqun" qurulmasıdır.
O bildirmişdi ki, günü-gündən artan münaqişə və böhranların həlli üçün belə bir dialoqun "həyati əhəmiyyəti" var. AzadlıqRadiosu yazır ki, Polşada olarkən Tramp Vladimir Putini qıcıqlandıra biləcək bir sıra bəyanatlar verib. O, ilk növbədə ABŞ-ın NATO nizamnaməsinin 5-ci maddəsinə sadiq qaldığını təsdiq edib. Bu maddə alyansın bir üzvü üzərinə hücum baş verdikdə, qalan üzvlərin onun müdafiəsinə gəlməsini nəzərdə tutur. Şərhçilər bildirirlər ki, bu bəyanatı təkcə Polşa yox, eləcə də Baltik ölkələri gözləyirdilər.
Bu ölkələr Rusiyanın artmaqda olan təcavüzkar hərəkətlərindən narahatdır. Trampın verdiyi bəyanatların əməli tərəfi də var. Ağ Ev bu ilin sonunadək Polşaya Patriot havadan müdafiə sistemlərinin verilməsi qərarını təsdiq edib. Obama administrasiyası Rusiya ilə münasibətlərin yenidən qurulacağına ümid edərək 2009-cu ildə bu planları təxirə salmışdı. Bundan başqa Tramp Polşanın Rusiyadan iqtisadi asılılığının azaldılması üçün bu ölkəyə ABŞ-dan maye qazın ixrac olunacağını bir daha təsdiqləyib.